YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ISESCO Baş Konfransının XII sessiyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının iştirakçıları noyabrın 27-də Heydər Əliyev Mərkəzində olublar.

Qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası və Mərkəzin fəaliyyət istiqamətləri haqda məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqlarda xüsusi maraq doğurub. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Tədbir iştirakçıları Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilir.

Sərgidə Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. “Mini Azərbaycan” sərgisi isə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.