Xəbərlər
Azərbaycan böyük nailiyyətlər qazanır
Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə də qeyd olunduğu kimi bu gün qarşıda duran problemlərdin biri su itkiləri ilə bağlıdır. Əhalinin artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii ki, suya olan tələbatı artırır.
Su mənbələri hər bir ölkə üçün ən vacib təbii sərvətlərdən biri hesab olunur və cəmiyyətin bütün sahələrində mühüm rol oynayır. Su insan həyatının davamlılığı üçün əvəzolunmaz olmaqla yanaşı, sosial rifahın, iqtisadi inkişafın və ekoloji sabitliyin əsasını təşkil edir.
Müasir dövrdə su ehtiyatları əsasən içməli su təminatı, kənd təsərrüfatı, sənaye istehsalı və enerji sektorunda geniş şəkildə istifadə olunur. Kənd təsərrüfatında suvarma sistemləri məhsuldarlığın artırılmasında həlledici rol oynayır. Sənaye sahəsində isə su texnoloji proseslərin ayrılmaz hissəsidir. Bütün bu sahələr su resurslarının mövcudluğundan və düzgün idarə olunmasından birbaşa asılıdır.
Su mənbələri yalnız təbii sərvət deyil, həm də ölkələrin iqtisadi gücünün, sosial rifahının və ekoloji təhlükəsizliyinin təminatçısıdır. Su ehtiyatlarının qorunması bu günün deyil, gələcəyin problemidir və bu istiqamətdə atılan hər bir addım gələcək nəsillərin sağlam və təhlükəsiz həyatına xidmət edir.
Ölkə başçısı müşavirədə bildirib ki, son 20 ildə dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək istərdik. Bu” su anbarı imkan verdi ki, Samur çayının suları “Ceyranbatan” su anbarına yığılsın və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən quruldu. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edildi. Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir. Son beş ildə bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onlardan biri “Sərsəng” su anbarıdır. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay” və “Bərgüşadçay”ın tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Bütün bunlar bir daha sübut edir ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir.
"Dövlət başçısı onu da qeyd edib ki, Xəzər dənizinin çirklənməsinin qarşını almağın əsas amillərindən biri kimi dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Eyni zamnda dövlət başçısı əlavə edib ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək".
Həmin gün dövlətimizin başçısının Sərəncamı ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" təsdiq edildi. Bu Proqramın da icrası uğurla başa çatacaqdır.
