YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prosesə start verilib

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən  uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dayanıqlı inkişafını təmin edir,  hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasında məqsəd qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etməkdir.  Aparılan iqtisadi islahatlar nəticəsində son illərdə  bu sahənin inkişafı təmin edilməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb.  Bu gün böyük  əminliklə qeyd edirik ki, Azərbaycanın neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da dünyanın diqqətindədir. Bu sahəyə investisiyaların artırılması üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının özünün də qeyd etdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir. Azərbaycanın  bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Cənab İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasını hədəfləyir. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini,  su təminatını yeni mərhələyə yüksəldəcək. Cənab İlham Əliyev müşavirədə qeyd etdi ki, içməli su və suvarma layihələri  həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.

 Bu gün  azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd edə bilərik. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda,  Füzuli rayonunda “Köndələnçay”,  Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki - “Həkəriçay” və  “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir.

Dövlətimizin başçısı, eyni zamanda, diqqəti yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirən amillərə yönəltdi. Vurğuladı ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Bu gün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı  bu gün kifayət edərdi. Biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da səsləndirdi ki, dənizə buraxılan sular 100 faiz təmizlənməlidir.  Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Onu da qeyd edək ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi.