YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Su mənbələri hər bir ölkə üçün çox önəmlidir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın hərtərəfli inkişafında kompleks tədbirlərin rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə müxtəlif sahələrin inkişafına xidmət edən Dövlət Proqramları təsdiqlənir və uğurla icra edilir. Cənab İlham Əliyevin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etmək üçün təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası bu gün bölgələrimizin simasında özünün aydın ifadəsini tapır.  Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verdi. Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısı bir daha  bu məqamlara  diqqət yönəldərək bildirdi ki, hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik.

Elektrik enerjisi ilə təchizat prioritet məsələlərdən idi. Bu gün enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrik enerjisini ixrac edirik. Dövlət başçısı İlham Əliyev müşavirədə qeyd etdi ki,  vaxt var idi bu məsələ ilə bağlı ciddi problemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salındı. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılıb. Bu gün nəinki öz enerji tələbatımız, həmçinin ixrac yolları haqqında düşünürük. Onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə də elektrik enerjisini dünya bazarlarına ixrac edəcək.

Ölkəmizin qaz təminatı da həll edilib. Bu gün ölkəmizdə qazlaşmanın 96 faizə çatması bu sahədə görülən işlərin göstəricisidir. İnfrastruktur layihələrindən bəhs edərkən yol infrastrukturunu xüsusi qeyd etməliyik. Yeni avtomobil  yolları çəkilir. Ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Dövlət başçısı İlham Əliyev müşavirədə bildirdi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bütün  infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.

İçməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olub. Dövlət başçısı müşavirədə qeyd etdi ki, Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar.  Vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapıb.  Bu gün  əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir. Son 20 ildə dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək istərdik. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verdi ki, Samur çayının suları “Ceyranbatan” su anbarına yığılsın və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən quruldu. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edildi. Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir. Son beş ildə bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onlardan biri “Sərsəng” su anbarıdır.  Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir.

Dövlət başçısı İlham Əliyev bildirdi ki, bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Görülən işlər qat-qat çoxdur, layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır.     Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə  “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiqləndi. Yeni dövrün hədəfləri və icra mexanizmləri Dövlət Proqramında öz əksini tapıb.