YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji təhlükəsizliyi qlobal gündəliyin aktual məsələlərindəndir

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Yanvar ayının 8-də Bakıda "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı və iştirak edib.

Qeyd edək ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı ölkəmizin enerji tarixində əlamətdar hadisə kimi yadda qaldı. Stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmi, enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasəti və ekoloji dayanıqlığı təmin etmək məqsədini nümayiş etdirir. Gücü 240 meqavat olan bu müasir stansiya ölkəmizin enerji balansını gücləndirməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə və “yaşıl enerji” strategiyasının reallaşmasına da mühüm töhfə verəcək.

Son 20 ildə generasiya güclərinin üç dəfə artması, yarımstansiyaların və ötürücü xətlərin tam yenilənməsi ölkənin enerji sisteminin dayanıqlığını təmin edib. Bununla yanaşı, bərpaolunan enerjinin artan payı yeni çağırışlar da yaradır və bu çağırışlara cavab olaraq Batareya Enerji Saxlanc Sistemlərinin yaradılması strateji baxımdan son dərəcə əhəmiyyətlidir. İlk dəfə olaraq 250 meqavatlıq belə bir sistemin qurulması Azərbaycanın enerji idarəçiliyində yeni mərhələyə keçdiyini göstərir.

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında təməli qoyulan layihənin uğurla tamamlanması bir tərəfdən ölkədə planlaşdırma və icra intizamının möhkəmliyini, digər tərəfdən isə beynəlxalq investorların Azərbaycana olan etimadının real nəticəyə çevrildiyini təsdiqləyir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bu layihədə investor kimi iştirakı təsadüfi deyil. Dünyada bərpaolunan enerji sahəsində aparıcı mövqelərdən birini tutan bu şirkətin Azərbaycanda ilk layihəsini məhz külək enerjisi sahəsində reallaşdırması ölkənin yaşıl enerji gündəliyinin beynəlxalq miqyasda qəbul olunduğunu göstərir. Onu da bildirməliyik ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.

Cənab Prezidentin çıxışının strateji məna daşıyan mühüm istiqamətlərindən biri də azad edilmiş ərazilərin ölkənin ümumi enerji konsepsiyasına inteqrasiyasıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa edilən kiçik su elektrik stansiyaları bu ərazilərin “yaşıl enerji zonası” kimi formalaşdırılması strategiyasının praktik təzahürü olmaqla yanaşı, bərpa-quruculuq prosesinə uzunmüddətli iqtisadi və ekoloji məzmun qazandırır. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.

Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında enerji ilə bağlı müxtəlif məqamlardan, bu sıradan bərpaolunan enerji növlərindən də söz açdı. Bu, Azərbaycanda enerji istehsalının şəbəkələri haqqında daha müfəssəl məlumat olmaqla, onun coğrafiyasının da ünvanlarının göstəricisi oldu.

Prezident İlham Əliyevin "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın bərpa olunan enerji sahəsinə qoyduğu investisiyalar təsadüfi deyil, düşünülmüş və uzunmüddətli strateji baxışın nəticəsidir. Bu siyasət enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.

DİGƏR Xəbərlər Arxiv