Xəbərlər
Yaşıl enerjiyə keçid prioritet istiqamətlərdən biridir
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Yanvarın 8 də Bakıda ölkənin enerji sektorunda mühüm əhəmiyyət daşıyan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və açılış mərasimində çıxış edib.
Prezident İlham Əliyev çıxışında “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsinin Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, bərpa olunan enerji mənbələrinin inkişafı və “yaşıl enerji” strategiyasının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, bu layihə ölkənin ümumi enerji balansında alternativ və ekoloji təmiz enerji mənbələrinin payının artırılmasına xidmət edir.
Son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Azərbaycanın bərpa olunan enerji potensialı kifayət qədər genişdir. Xüsusilə günəş və külək enerjisi sahəsində ölkənin əlverişli təbii-coğrafi şəraiti mövcuddur. Aparılan hesablamalara görə, Azərbaycanın texniki bərpa olunan enerji potensialı minlərlə meqavatla ölçülür. Bu potensialdan səmərəli istifadə məqsədilə dövlət tərəfindən mühüm institusional və hüquqi islahatlar həyata keçirilmiş, xarici və yerli investorlar üçün əlverişli investisiya mühiti yaradılmışdır. Müstəqillik əldə edildikdən sonra dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektroenergetika sisteminə xarici sərmayələr cəlb olunmasına imkan yaratdı.
Prezident İlham Əliyev çıxışında beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində reallaşdırılan bu kimi layihələrin ölkənin investisiya cəlbediciliyini daha da artırdığını qeyd edib. Bildirilib ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası gələcəkdə yeni iş yerlərinin yaradılmasına, regionların sosial-iqtisadi inkişafına da töhfə verəcək.
Ölkə başçısı çıxışında investisiya mühiti ilə bağlı məsələlərə də toxunulmuşdur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan indiyədək 300 milyard dollardan artıq xarici sərmayə cəlb etmişdir. Ölkənin maliyyə vəziyyəti sabitdir, xarici borcun ÜDM-də payı cəmi 6 faizdən bir qədər çoxdur və valyuta ehtiyatları bu borcu 16–17 dəfə üstələyir. Bütün bunlar Azərbaycanın etibarlı investisiya məkanı olduğunu sübut edir. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub. Xüsusi qeyd etmək lazımdır ki, qeyri-neft sektoru da ölkəmizə investisiyalar gətirməyə başlayıb. İnvestisiyanın təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. İqtisadiyyatda strateji hədəfimiz qeyri-neft sektorunun inkişafıdır. Azərbaycanda bunun üçün kifayət qədər resurslar var. Qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirmək hazırda bizim iqtisadi hədəfimizdir.
Azərbaycan hər bir layihənin uğurlu sonluqla baş çatdırılmasına səy göstərir və buna yüksək səviyyədə nail olur. Gerçəkləşən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etməklə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında roluna yeni əlavələr edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın növbəti uğurudur. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və milli maraqlara əsaslanan enerji strategiyası Azərbaycanın gücünü daha da artıracaq, ölkəmizi enerji təhlükəsizliyi və yaşıl inkişaf sahəsində nümunəvi dövlətə çevirəcəkdir.
