YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şərur rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatı “907-ci düzəlişin ləğvi - Tarixi ədalətin bərpası” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev bildirib ki, 1992-ci il oktyabrın 24-də ABŞ Konqresi tərəfindən qəbul edilən 907-ci düzəlişlə bu ölkənin hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə orqanlarına (bələdiyyələrə) birbaşa yardım göstərməsi qadağan edilib. Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik fəaliyyəti nəticəsində, guya Azərbaycanın Dağlıq Qarabağ ermənilərini blokadada saxlamasını əsas gətirərək qəbul edib.

Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub.

Əmir Babayev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi “Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi” fikirlərinə istinad edib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etmək gücünə malikdir və regionda sülhün əsas təminatçısıdır. Nəticə etibarilə demək olar ki, 907-ci düzəliş Azərbaycan tarixində ədalətsizliyin simvolu kimi qalmış, eyni zamanda dövlətimizin diplomatik iradəsini və siyasi mübarizə əzmini nümayiş etdirmişdir. Bu gün güclü, müstəqil və qalib Azərbaycan dövləti öz milli maraqlarını qətiyyətlə müdafiə edir və beynəlxalq aləmdə söz sahibidir.

Partiya fəalları Yusif Qurbanov və Mətləb Bayramov ABŞ-də Donald Trampın hakimiyyətə gəlişi ilə Amerika-Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olduğunu, 907-ci düzəlişin Konqres tərəfindən birdəfəlik ləğv olunmasının vacibliyini vurğulayıblar.