Xəbərlər
Bütün hədəflərə ardıcıllıqla nail oluruq
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Hər bir ölkənin inkişafında iqtisadi faktor əsasdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin vəhdətliyi fonunda qazandığı uğurların miqyası olduqca genişdir. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən amillərdən, uğurlarımızın təqdimatı olan sosial-iqtisadi göstəricilərdən, xarici siyasət uğurlarımızdan, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən geniş bəhs etdi. Vurğuladı ki, biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər: “Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik”.
Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi daha aydın şəkildə özünü göstərir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, paytaxt Bakımız ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlərə daha yüksək səviyyədə ev sahibliyi edir. Bu sırada ötən il Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünü qeyd edə bilərik. Cənab İlham Əliyev müsahibəsində vurğuladı ki, əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu: “Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır”.
Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyas alan bərpa-quruculuq işlərindən, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın dogma yurd-yuvalarına qayıtmasından geniş bəhs etməsin. Dövlətimizin başçısının bu müsahibəsində də bərpa-quruculuq işlərinə xüsusi diqqət göstərildi. Bildirildi ki, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. “Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, infrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik: “Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır”.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə diqqət çəkdi. ABŞ-la münasibətlərin normallaşması bu baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Uzun illər ikitərəfli əlaqələrə mənfi təsir göstərmiş 907-ci düzəlişin tətbiqinin dayandırılması mühümdür. Bu düzəliş keçmişin qalığına çevrilmək üzrədir.
Cənab İlham Əliyev müsahibəsində bütün sahələrdə qazanılan uğurları ətraflı şəkildə diqqətə çatdırdı. 2025-ci ilin uğurları cari ilin aydın mənzərəsini təqdim edir. Bütün hədəflərə ardıcıllıqla nail olunması ölkəmizin hərtərəfli inkişafında, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirməsində özünü təsdiqləyir. Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir.
