Xəbərlər
Gələcəyə yönələn yol xəritəsi
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsi reallıqlarımızın ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühüm platformaya çevrilib. Dövlətimizin başçısı yanvarın 5-də yerli televiziya kanallarına növbəti müsahibəsini verdi. Təxminən üç saat davam edən müsahibəsində Prezident İlham Əliyev daxili və xarici siyasətin bütün istiqamətlərinə diqqəti yönəltdi. Daxili siyasətdə əsas diqqət azad edilmiş ərazilərin bərpasına yönəldildi. Qarabağda və Şərqi Zəngəzurda artıq on minlərlə insanın məskunlaşması Dövlət Proqramlarının real nəticələr verdiyini göstərir. Yaxın illərdə bu rəqəmlərin daha da artması planlaşdırılır. Cənab İlham Əliyev sözügedən müsahibəsində qeyd etdi ki, işğaldan azad edilmiş rayonlarımız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib: “Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır”.
Prezident İlham Əliyev onu da vurğuladı ki, infrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik: “Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır”.
Təkcə işğaldan azad edilmiş ərazilərimizin bərpası fonunda Azərbaycanın iqtisadi imkanları barədə aydın təsəvvür yaranır. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, heç vaxt populizmlə məşğul olmamışıq, heç vaxt həlli mümkün olmayan vədlər verməmişik, heç vaxt gələcək nəsilləri borca salmaq üçün haradansa böyük məbləğdə pul alıb onu paylamamışıq. Biz strateji inkişafla bağlı tam və aydın mənzərəyə sahibik. Ona görə ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq. Biz bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə özü üçün iş tapa bilər. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var. İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə ölçülən işsizlik var. Amma bu gün Azərbaycan kimi geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər.
Dövlətimizin siyasətində insan amili əsasdır. Vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində davamlı addımlar atılır. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması dayanıqlı inkişafı şərtləndirən əsas amillərdəndir. Yeni yaradılan iqtisadi imkanlar yeni-yeni hədəflərə yol açır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar göz qabağındadır. Yaşıl enerjiyə keçid prioritetdir. Azərbaycan 2024-cü ildə COP29 iqlim konfransına ev sahibliyi etməklə bu sahədə mövcud imkanlarını təqdim etdi. Cənab İlham Əliyev sözügedən müsahibəsində də bu məsələlərə xüsusi diqqət yönəltdi.
Ümumilikdə cənab İlham Əliyevin sözügedən müsahibəsi həm hesabat, həm də gələcəyə yönələn yol xəritəsidir.
