Xəbərlər
Yeni hədəflər, real nəticələr
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin son illərdə keçdiyi inkişaf yolunu, mövcud iqtisadi-sosial vəziyyəti və qarşıdakı strateji hədəfləri əhatəli şəkildə əks etdirdi. Prezident həm qlobal proseslər fonunda Azərbaycanın mövqeyini, həm də daxili islahatların nəticələrini faktlara əsaslanaraq təqdim etdi və dövlət siyasətinin əsas prioritetlərinin dəyişməz qaldığını vurğuladı. Müsahibədə nəqliyyat və logistika sahəsi xüsusi yer tutdu. Dövlət başçısı bildirdi ki, beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq artıq real nəticələr verir və yükdaşımaların həcminin artımında əsas mənbə təbii olaraq Çin olacaq. Bu baxımdan Azərbaycan Çin üçün regionda etibarlı və prioritet tərəfdaş kimi qəbul olunur. Orta Dəhlizin inkişafı, dəmir yolu, dəniz limanları və avtomobil yollarına qoyulan investisiyalar ölkəmizi Asiya ilə Avropa arasında mühüm tranzit mərkəzinə çevirib. Prezident qeyd etdi ki, bu dəhlizin icrasına Azərbaycan İkinci Qarabağ müharibəsindən cəmi bir neçə ay sonra başlayaraq strateji uzaqgörənlik nümayiş etdirib və bu gün həmin qərarın düzgünlüyü özünü tam doğruldur.
İqtisadi göstəricilərə toxunan Prezident İlham Əliyev Azərbaycanın maliyyə dayanıqlığının çox yüksək səviyyədə olduğunu vurğuladı. Bildirildi ki, ölkənin valyuta ehtiyatları xarici borcu 17 dəfə üstələyir. Xarici borcun ÜDM-də payının 6 faizdən bir qədər artıq olması isə Azərbaycanın tarixində ən aşağı göstəricidir. Bu fakt, xüsusilə də genişmiqyaslı infrastruktur layihələrinin icrası, nəhəng investisiya proqramları və Qarabağla Şərqi Zəngəzurun bərpası fonunda iqtisadiyyatın gücünü və dayanıqlılığını aydın şəkildə göstərir. Son 11 ay ərzində ÜDM-in 3,2 faiz artması da müsbət dinamikanın göstəricisi kimi qiymətləndirildi. Prezident vurğuladı ki, neft hasilatında sabitlik tam təmin edildikdən sonra qeyri-neft sektorunun hesabına daha yüksək iqtisadi artım rəqəmləri müşahidə olunacaq. Prezidentin çıxışında gələcək inkişaf hədəfləri də geniş şəkildə əks olundu. Onun sözlərinə görə, Azərbaycanın məqsədi yalnız regional nəqliyyat və logistika mərkəzi olmaqla məhdudlaşmır.
Ölkəmiz süni zəka və informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyədə tanınan bir mərkəzə çevrilməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə həm insan kapitalı, həm texnoloji imkanlar, həm də güclü siyasi iradə mövcuddur. Prezident xüsusi olaraq vurğuladı ki, həyata keçirilən bütün siyasətlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır və strateji inkişafla bağlı dövlətin tam, aydın və uzunmüddətli baxışı formalaşıb. Sosial sahədə görülən işlər də müsahibədə diqqətə çatdırıldı. İlham Əliyev qeyd etdi ki, son illərdə 16 min şəhid ailəsi və müharibə əlili, eləcə də onların ailə üzvləri dövlət tərəfindən mənzillərlə təmin olunub. Bu siyasət dövlətin sosial ədalətə və vətəndaşlarına olan məsuliyyətinin bariz nümunəsidir.
Regional inkişaf da prioritet olaraq qalır və bu məqsədlə iki əsas investisiya proqramı icra olunur. Onlardan biri ölkə üzrə ənənəvi dövlət investisiya proqramıdır, digəri isə xüsusi olaraq Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasına həsr edilib. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərə toxunan Prezident bildirdi ki, ilk mərhələdə bölgələr arasında daxili bağlantı yaradılıb, daha sonra isə həmin ərazilərin ölkənin digər hissələri ilə inteqrasiyası təmin olunub. Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə yeni nəqliyyat əlaqələri formalaşdırılıb. Enerji sahəsində dairəvi enerji sistemi qurulub və artıq bu regionlardan mərkəzə enerji ötürülür. Yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edir və hazırda bərpa olunmuş rayonlarda 70 minə yaxın insan yaşayır ki, bu da Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini göstərir. Paytaxt Bakı ilə bağlı planlar da müsahibədə öz əksini tapdı.
Prezident Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqramın qəbul edildiyini bildirdi. Bu layihə şəhər nəqliyyatının daha da rahatlaşdırılmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və paytaxtın davamlı inkişafına mühüm töhfə verəcək. Naxçıvanla əlaqələrin genişləndirilməsi məsələsinə toxunan İlham Əliyev vurğuladı ki, yeni nəqliyyat yolu iki əsas istiqamətdə inkişaf edəcək. Bir istiqamət Türkiyə üzərindən Avropaya çıxışı təmin edəcək, digər istiqamət isə İran vasitəsilə Fars körfəzi və Yaxın Şərq ölkələrinə uzanacaq. Bu layihələr Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsində rolunu daha da gücləndirəcək, ölkənin strateji əhəmiyyətini artıracaq. Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın güclü iqtisadi təmələ, balanslaşdırılmış siyasətə və aydın gələcək baxışına malik olduğunu bir daha nümayiş etdirdi. Dövlətin həyata keçirdiyi siyasətin əsas məqsədi isə dayanıqlı inkişafı təmin etmək və Azərbaycan vətəndaşının rifahını davamlı şəkildə yüksəltməkdir.
