Xəbərlər
Qalib xalq, güclü dövlət
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas strateji məqsədlərdən biri dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi olmuşdur. Bu baxımdan Prezident İlham Əliyevin 5 iyul 2011-ci ildə keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında səsləndirdiyi fikirlər həm tarixi, həm də ideoloji baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı Azərbaycan diasporunun fəaliyyəti, milli birliyin möhkəmləndirilməsi və azərbaycançılıq məfkurəsinin ümummilli ideologiya kimi təşviqi baxımından proqram xarakteri daşıyır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı böyük bir ailənin üzvləridir. Bu ailəni birləşdirən əsas dəyər isə doğma Vətənə – Azərbaycana olan sarsılmaz bağlılıqdır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində Azərbaycan sevgisi yaşayır. Məhz bu bağlılıq xalqımızı fərqləndirən əsas xüsusiyyətlərdən biridir və milli kimliyimizin qorunmasında həlledici rol oynayır.
Dövlət başçısının “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir” fikri diaspor siyasətinin ideoloji əsasını təşkil edir. Bu çağırışla Prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, Azərbaycan dövləti yalnız ölkə daxilində yaşayan vətəndaşların deyil, eyni zamanda xaricdə yaşayan bütün soydaşlarımızın da vətənidir. Bu yanaşma dünya azərbaycanlılarının Vətənlə mənəvi, siyasi və mədəni bağlarını daha da gücləndirir.
Çıxışda xüsusi yer tutan məsələlərdən biri də dil amilidir. “Bizim bir dilimiz var – Azərbaycan dili” fikri milli kimliyin əsas sütunlarından biri olan ana dilimizin qorunmasının vacibliyini ön plana çəkir. Xaricdə yaşayan azərbaycanlılar üçün ana dilinin yaşadılması, yeni nəsillərə ötürülməsi milli yaddaşın qorunması deməkdir. Dövlət tərəfindən diaspor təşkilatlarına bu istiqamətdə göstərilən dəstək də məhz bu məqsədə xidmət edir.
Prezident İlham Əliyevin çıxışının ideoloji zirvəsi isə azərbaycançılıq məfkurəsinin ümumxalq ideologiyası kimi təqdim olunmasıdır. Azərbaycançılıq yalnız etnik mənsubiyyəti deyil, dilə, mədəniyyətə, tarixə, dövlətçiliyə sədaqəti ifadə edən geniş və birləşdirici anlayışdır. Bu məfkurə dünya azərbaycanlılarını harada yaşamalarından asılı olmayaraq vahid məqsəd ətrafında birləşdirir və onları Azərbaycan dövlətinin maraqlarının müdafiəçisinə çevirir.
Dövlət başçısının “onların arxasında güclü Azərbaycan dövləti dayanır” fikri isə xaricdə yaşayan soydaşlarımıza verilən mühüm siyasi və mənəvi mesajdır. Bu mesaj göstərir ki, Azərbaycan dövləti diaspor üzvlərini tək buraxmır, onların hüquqlarının müdafiəsi, milli maraqların beynəlxalq müstəvidə qorunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Güclü dövlət – güclü diaspor münasibətləri müasir dövrdə Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışı milli birliyin, vətənpərvərliyin və azərbaycançılıq ideologiyasının parlaq ifadəsidir. Bu çıxış dünya azərbaycanlılarına ünvanlanan çağırış olmaqla yanaşı, Azərbaycanın diaspor siyasətinin strateji xəttini aydın şəkildə ortaya qoyur. Bir Vətən, bir dil, bir ideologiya prinsipi əsasında formalaşan bu siyasət Azərbaycan xalqının bu gününü və gələcəyini daha da möhkəmləndirir.
Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Güclü, müstəqil və qalib Azərbaycan dövləti isə dünya azərbaycanlılarının ən möhkəm dayağıdır.
