YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədyönlü siyasət

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər” çağırışı özündə bütün məqamları ehtiva edir.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.