YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İdmanın inkişafı milli prioritetlərdən biridir

Heydər Əsədov

Milli Məclisin deputatı

Azərbaycan beynəlxalq müstəvidə sabitlik, təhlükəsizlik və inkişaf modeli kimi qəbul olunur, bu amillər uğurlu dövlət siyasətinin nəticəsidir. Həmin siyasətin mühüm və ayrılmaz istiqamətlərindən biri idmanın inkişafıdır. Prezident İlham Əliyevin iştirakı ilə 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə səsləndirilən fikirlər bir daha sübut edir ki, idman milli gücün, cəmiyyətin sağlamlığının və beynəlxalq nüfuzun formalaşmasında strateji rol oynayır. İdman sahəsində qazanılan uğurlar dövlətin sosial və humanitar siyasətinin məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir.

2025-ci ildə idmançılarımız tərəfindən beynəlxalq yarışlarda 2000-dən çox medalın, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması ölkənin idman tarixində rekord göstərici kimi dəyərləndirilir. Bu nailiyyətlər əvvəlki illərlə müqayisədə artan tendensiyanın davamlı xarakter daşıdığını göstərir. Əldə olunan nəticələr təsadüfi uğur deyil, uzun illər ərzində planlı şəkildə həyata keçirilən dövlət siyasətinin məntiqi yekunudur.

İdman federasiyalarının fəaliyyətinin gücləndirilməsi, məşqçi və idmançı hazırlığının beynəlxalq standartlara uyğun qurulması, eləcə də maddi-texniki bazanın yenilənməsi uğurların əsasını təşkil edir. Medalların sayının ildən-ilə artması idmanın kütləviləşdiyini və rəqabət qabiliyyətinin yüksəldiyini göstərir. İdmanın inkişafının dövlət siyasəti səviyyəsinə qaldırılması ölkə üzrə vahid və balanslı infrastruktur modelinin formalaşdırılmasına imkan verib. Ötən dövrdə idman infrastrukturu faktiki olaraq sıfırdan qurulub və bu gün beynəlxalq tələblərə tam cavab verir. Təkcə paytaxtda deyil, bölgələrdə də idmanla məşğul olmaq üçün hərtərəfli imkanlar yaradılıb.

2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi bölgələrdə bu tip obyektlərin sayını 46-ya çatdırıb. Bu, regionlarda yaşayan gənclərin idmana çıxış imkanlarını genişləndirməklə yanaşı, sosial həyatın canlanmasına, sağlam həyat tərzinin təşviqinə və istedadlı idmançıların üzə çıxmasına şərait yaradır.

İdman siyasətinin əsas hədəflərindən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Sağlam gənclik olmadan nə idman uğurlarını, nə də ümumi inkişafı təmin etmək mümkündür. Bu baxımdan, uşaqlıqdan idmana marağın artırılması gələcək üçün strateji əhəmiyyət daşıyır. Fiziki cəhətdən sağlam gənclər cəmiyyətin sosial aktivliyini artırır, əmək bazarında rəqabət qabiliyyətini yüksəldir və dövlətin gələcək potensialını formalaşdırır. Məhz buna görə idmanın inkişafı yalnız idman sahəsinə deyil, bütövlükdə sosial siyasətə xidmət edən mühüm istiqamət kimi dəyərləndirilir.

İdman gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayır. Beynəlxalq yarışlarda Dövlət Bayrağının qaldırılması hər bir vətəndaş üçün qürur və fəxr mənbəyidir. Son beş ildə bayrağın qalib ölkə kimi qaldırılması idmançıların üzərinə düşən məsuliyyəti daha da artırıb. İdmançılar artıq müzəffər xalqın nümayəndələri kimi beynəlxalq arenalara çıxırlar. Bu status onlarda həm məsuliyyət, həm də əlavə motivasiya yaradır. Fiziki güc, mənəvi saflıq və Vətənə bağlılıq idmançılarımızın uğurunun əsas şərtlərinə çevrilir.

III MDB Oyunlarının ölkəmizdə keçirilməsi 2025-ci ilin əsas idman hadisələrindən biri olub. Yarışların bir neçə şəhəri, o cümlədən Gəncə və Xankəndini əhatə etməsi regional inkişaf strategiyasının real nəticəsi kimi qiymətləndirilir. Minlərlə xarici qonağın iştirakı ilə keçirilən bu Oyunlar ölkənin təşkilati bacarığını, logistik imkanlarını və bölgələrin turizm potensialını nümayiş etdirib. Azərbaycanın komanda hesabında ikinci yerin tutması idmançılarımızın hazırlıq səviyyəsinin yüksək olduğunu bir daha təsdiqləyib. 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir: “Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir”.

İlk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin Bakıda keçirilməsi ölkənin qlobal idman xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Dünya mediasının diqqət mərkəzində olan bu yarış paytaxtımızın müasir və inkişaf etmiş şəhər kimi təqdimatında mühüm rol oynayır. Formula 1 yarışları isə idmanın iqtisadi və turizm potensialını aydın şəkildə ortaya qoyur. İlk yarışdan sonra xarici turistlərin sayının 20 faiz artması idman tədbirlərinin ölkənin tanıdılmasında nə qədər effektiv vasitə olduğunu göstərir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir: “Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir”.

Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə Dünya Kuboku səviyyəsində yarışın keçirilməsi qış idmanı sahəsində yeni mərhələnin başlanğıcıdır. Trasların uzunluğunun yaxın illərdə 50 kilometri ötəcəyi gözlənilir. Bu inkişaf təkcə idman sahəsinə deyil, bölgənin sosial-iqtisadi həyatına da müsbət təsir göstərir. Yeni iş yerlərinin yaradılması, turizmin canlanması və özəl sektorun artan marağı Şahdağı regional inkişaf mərkəzinə çevirir.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq dəyərdir. Bu status ölkənin idman potensialına olan etimadın göstəricisidir və gələcəkdə daha iri beynəlxalq yarışların keçirilməsi üçün yeni imkanlar yaradır. Bu etimadı doğrultmaq isə idman siyasətinin ardıcıl və sistemli şəkildə davam etdirilməsini tələb edir. 2025-ci ilin idman yekunları bir daha sübut edir ki, idman siyasəti milli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İnfrastrukturun qurulması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi, beynəlxalq arenada fəal iştirak və qlobal imicin gücləndirilməsi vahid modeldə birləşir. Bu model qarşıdakı illərdə də idman uğurlarının və milli gücün artacağına əsaslı zəmin yaradır.