Xəbərlər
"Tarix yazan lider: Müasir dövlətçilik fenomeni”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tarix yazan lider: Müasir dövlətçilik fenomeni” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, professor Rüfət Quliyev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir Azərbaycan dövlətçiliyinin davamlı inkişafının təmin edilməsində müstəsna xidmətlərindən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirərək sistemli və məqsədyönlü şəkildə davam etdirir. Bu siyasətin əsas mahiyyətini milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, institusional islahatların dərinləşdirilməsi və dayanıqlı sosial-iqtisadi inkişaf modelinin formalaşdırılması təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar nəticəsində ölkəmizdə effektiv dövlət idarəçiliyi modelinin formalaşdırıldığı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlət idarəetməsində şəffaflıq, hesabatlılıq və çevik qərarvermə mexanizmlərinin tətbiqi idarəetmənin keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yüksəltmişdir. Sosialyönümlü siyasət prioritet istiqamət kimi müəyyən edilərək əhalinin rifah halının yaxşılaşdırılması, insan kapitalının inkişafı və sosial ədalət prinsiplərinin təmin olunması ardıcıl şəkildə həyata keçirilmişdir.
Vurğulanıb ki, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli liderliyinin, strateji planlaşdırma bacarığının və güclü siyasi iradəsinin parlaq nümunəsidir. Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etməklə yanaşı, regional geosiyasi reallıqları da köklü şəkildə dəyişmişdir.
Tədbirin sonunda iştirakçılar Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.
