YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövlətçilik tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fenomenal liderlik və strateji qərarvermə nümunəsi: Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan tarixi uğurları əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və Naqif Həmzəyev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Natiqlər fenomenal liderlik və strateji qərarvermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik məkanına çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla irəliləyən, yüksək nüfuza və söz sahibinə çevrilmiş daha güclü Azərbaycan naminə apardığı müdrik siyasətdən danışıblar.

Qeyd edilib ki, bu gün Azərbaycan dövlətçilik tarixində heç zaman olmamış qədər güclü və qüdrətlidir. Ölkəmiz müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi nailiyyətlər əldə edir, parlaq uğurlar qazanır. Torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Türk dünyasının güclü birliyi formalaşıb, Avrasiya geosiyasi məkanında enerji-nəqliyyat və kommunikasiya xəritəsi əhəmiyyətli dərəcədə dəyişib.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin ideyalarını və dövlətçilik siyasətini müasir dövrdə böyük uğurla həyata keçirən layiqli davamçı Prezident  İlham Əliyevə dərin ehtiram və sonsuz minnətdarlıqlarını ifadə ediblər.