Xəbərlər
“Moldova-Azərbaycan uşaqlarının gözü ilə”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılğı ilə “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir keçirilib.
Əvvəlcə Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, Vətənin qəhrəman övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi anılıb.
Sonra “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının və Moldova Respublikasının Dövlət Himnləri səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Mahir Süleymanlı və YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov bildiriblər ki, “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı tədbir iki dost xalq arasında mədəni əlaqələrin dərinliyini əks etdirir. Azərbaycan-Moldova münasibətləri tarixən qarşılıqlı hörmət və etimada əsaslanaraq ardıcıl inkişaf yolu keçib. Qeyd olunub ki, bu əlaqələrin möhkəm təməl üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və balanslı xarici siyasət xətti həlledici rol oynayıb. Məhz onun müəyyənləşdirdiyi strateji kurs iki ölkə arasında siyasi dialoqun və əməkdaşlığın davamlılığını təmin edib. Prezident İlham Əliyev bu siyasi xətti müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirərək Azərbaycan-Moldova münasibətlərini yeni mərhələyə yüksəldib.
Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko qeyd edib ki, tədbir iki dost xalq arasında mədəni və mənəvi bağların nə qədər dərin və səmimi olduğunu bir daha nümayiş etdirir. Bildirilib ki, Azərbaycan-Moldova münasibətləri qarşılıqlı hörmətə, etimada və dostluğa əsaslanaraq uğurla inkişaf edir. Bu əlaqələrin formalaşmasında və möhkəmlənməsində siyasi dialoqla yanaşı, mədəni sahələrdə həyata keçirilən birgə layihələr ölkələrimizi daha da yaxınlaşdırır. “Məhz bu baxımdan bugünkü tədbir xüsusi əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün dostluq mesajı verir”.
Tədbirə “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təqdimatında “Moldova-Azərbaycan uşaqlarının gözü ilə” adlı bədii kompozisiya ilə yekun vurulub.
