Xəbərlər
Prezident: Artıq beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu bilir
Problemlərimiz arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun.
Azərbaycan Prezidenti İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu barədə danışaraq deyib: “Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülmüşdür. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir”.
Dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın bizim tarixi torpağımız olduğunu bilir. “Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq”,- deyə Prezident İlham Əliyev qeyd edib.