Xəbərlər
Hüquq, demokratiya və humanizmin vəhdəti
Anar Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü ilə çıxış etməsi Azərbaycan müstəqillik tarixinin ən böyük humanizm aktıdır. Bu addım Azərbaycan dövlətinin humanizm, mərhəmət və insanpərvərlik prinsiplərinə sadiqliyini göstərir. Dövlət yalnız cəzalandıran deyil, həm də vətəndaşına ikinci şans verən, onu cəmiyyətə yenidən qazandırmağa çalışan bir güc mərkəzi kimi çıxış edir.
Amnistiya aktının bu qədər genişmiqyaslı olması Azərbaycanın daxili sabitliyindən və özünəinamından xəbər verir. Yalnız daxili birliyi və suverenliyi tam olan güclü dövlətlər bu qədər böyük kütləvi bağışlama addımı ata bilirlər. Məhz suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq belə bir humanist addım atılır. Azərbaycandakı bu model sübut edir ki, dövlət nə qədər güclüdürsə, bir o qədər də mərhəmətlidir. Bu, Heydər Əliyev tərəfindən təməli qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilən “insan amili” mərkəzli siyasətin bariz nümunəsidir.
Müstəqil Azərbaycanda amnistiya və əfv institutlarının sistemli bir dövlət siyasəti halına gəlməsi Ümummilli Lider Heydər Əliyevin adı və onun “humanizm” fəlsəfəsi ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra cəza siyasətində radikal dəyişikliklər etdi. O, cəmiyyətdə intiqam hissini deyil, bağışlama və islah etmə prinsipini ön plana çıxardı. 1995-ci ildə qəbul edilən Konstitusiyada amnistiya və əfv hüquqları birbaşa təsbit olundu. Bu siyasətin ən zirvə nöqtəsi 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi oldu. Bu, Heydər Əliyevin insanın yaşamaq hüququna verdiyi ali dəyərin ən böyük göstəricisi idi. Onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırdı. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. “Zəfər Günü” amnistiyası və 2025-ci il “Konstitusiya və Suverenlik İli” amnistiya təşəbbüsləri Heydər Əliyev tərəfindən qoyulmuş həmin o möhkəm təməllər üzərində ucalır.
Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətini, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin ifadəsidir. Dövlət amnistiya elan etməklə təkcə məhkumu deyil, həm də onun ailəsini və yaxınlarını nəzərə alır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu amnistiya aktı tətbiq ediləcək şəxslərin sayına görə Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya olacaq. Proqnozlara əsasən, amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından azad olunacaq, 3 mindən artıq şəxsin cəza müddəti azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə digər cəzalardan və ya şərti cəzalardan azad ediləcək. Bundan əlavə, mindən artıq şəxs cinayət məsuliyyətindən azad olunacaq. Prezidentin bu təşəbbüsü azadlığa qovuşan hər bir fərdin qarşısında təmiz bir səhifə açır və onları ölkəmizin tərəqqisi naminə faydalı vətəndaş kimi yetişməyə təşviq edir.
