Gündəm
Prezident İlham Əliyev: Azərbaycan iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkədir
Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində səsləndirib.
Dövlətimizin başçısı deyib: “Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir”.
Prezident vurğulayıb ki, Azərbaycan son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkədir. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da böyük uğurumuzdur. Sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Bu siyasətin nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıb. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir.