YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanizm dövlət siyasətinin vacib sütunudur

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin başlıca ideoloji sütunlarından biri humanizm prinsipidir. Dövlət başçısının siyasi baxışlarının mərkəzində insan amili dayanır. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi, ədalət və mərhəmət dəyərlərinin təşviqi daim prioritet təşkil edir. Azərbaycan dövlətinin gücü yalnız iqtisadi və hərbi potensialında deyil, eyni zamanda cəmiyyətə təqdim etdiyi humanist yanaşmada və sosial məsuliyyət fəlsəfəsində ifadə olunur.

Müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, suverenliyimizin tam bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi xalqımızın taleyində müstəsna əhəmiyyət daşıyan tarixi nailiyyətdir. Məhz bu kontekstdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində humanizm və mərhəmət ənənələrinə sadiqliyin bariz nümunəsi kimi cənab Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu addım cəzadan azad etmənin təkcə hüquqi deyil, həm də tərbiyəvi və sosial əhəmiyyət daşıdığına inamın ifadəsidir. Dövlət başçısı azadlığa qovuşacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına, cəmiyyətə inteqrasiya olunaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini nümayiş etdirir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslər xüsusi diqqət mərkəzindədir. Eyni zamanda həmin əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhali arasında əlil olmuş şəxslər də amnistiya aktının əhatə dairəsinə daxildir. Layihədə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər həssas kateqoriyalara aid şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum edilən bir sıra məhkumların cəzalarının tam və ya qismən yüngülləşdirilməsi planlaşdırılır.