YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq gələcək naminə birgə addımlar

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Dekabrın 8-də Bratislavada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatla çıxış etdilər. Bu bəyanatda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan-Slovakiya münasibətləri davamlı olaraq yüksələn xətlə inkişaf edir. Slovakiya Prezidentinin Azərbaycan xalqını Ermənistanla sülh müqaviləsinin paraflanması münasibətilə təbrik etməsi, bu prosesin Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutmasını vurğulaması, Avropa dövlətlərinin Azərbaycanda bərqərar olan yeni reallıqları etiraf etdiyini açıq şəkildə göstərir.

Dost ölkənin dövlət başçısının “Azərbaycan bu gün sülh şəraitində yaşayır və diqqətini postmüharibə dövrünün quruculuğuna yönəldib” fikri ölkəmizin regionda sabitlik və inkişaf modelinə çevrildiyinin Avropa miqyasında təsdiqidir. Bu, həm də beynəlxalq arenada Azərbaycanın mövqelərinin möhkəmləndiyini sübut edir. Sülhdən sonra bərpa prosesinə, reinteqrasiya siyasətinə və yeni iqtisadi mərhələyə keçid Azərbaycanın uzun illər davam edən mübarizəsinin strateji nəticəsidir. Slovakiya rəhbərliyinin bu dəyişiklikləri yüksək qiymətləndirməsi, əslində, iki ölkə arasında formalaşan qarşılıqlı etimadın nə qədər səmimi və dayanıqlı olduğunun göstəricisidir.

Prezident İlham Əliyevin öz bəyanatında səsləndirdiyi məqamlar isə bu dostluğun təkcə diplomatik sözlərə deyil, real siyasi və strateji təmələ söykəndiyini nümayiş etdirir. Dövlət başçısının Qələbənin beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycanda iştirakına xüsusi təşəkkür etməsi, Bratislavanın Bakıya verdiyi siyasi dəstəyin simvolik deyil, həm də məzmunlu olduğunu ortaya qoyur. Bu kimi jestlər dostluğun mahiyyətini daha da gücləndirir və qarşıdakı illərdə əməkdaşlığın hər sahədə dərinləşməsi üçün möhkəm zəmin yaradır. Digər tərəfdən, Prezident İlham Əliyevin Slovakiyanın sabit inkişafını, güclü sənaye potensialını və ən əsası, müstəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirməsi bu ölkəyə Azərbaycanın xüsusi hörmətini əks etdirir.

Dövlətimizin başçısının “Bəzən çətinliklərə baxmayaraq Slovakiya öz yolundan dönmür” fikri isə Avropada suveren mövqe nümayiş etdirən dövlətlərin etibarlı tərəfdaş kimi dəyərləndirildiyini göstərir. Məhz bu qarşılıqlı etimad və siyasi uzlaşma fonunda Azərbaycan-Slovakiya əməkdaşlığı qarşıdakı dövrdə daha geniş miqyasda inkişaf edəcək, həm ikitərəfli münasibətlərə, həm də Avropa–Cənubi Qafqaz xəttində sabitlik və tərəfdaşlıq mühitinə yeni töhfələr verəcəkdir.