YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Slovakiya münasibətlərinin strateji məzmunu dərinləşir

Slovakiyaya səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin strateji məzmununu, bu tərəfdaşlığın regional və qlobal kontekstdə əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, Slovakiya və Azərbaycan təkcə dost ölkələr deyil, eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş iki müttəfiqdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri ən yüksək mərhələyə daşımaqla, iki ölkə arasında bütün istiqamətlər üzrə praktik, sistemli və dinamik əməkdaşlığa şərait yaradıb. Bu gün birgə iqtisadi işçi qrupun fəaliyyəti genişlənir, müxtəlif sahələr üzrə müştərək komandalar ardıcıl şəkildə layihələr üzərində çalışır.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Deputat qeyd edib ki, ənənəvi əməkdaşlıq sahələrindən olan energetika iki ölkə münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan qazının bir il əvvəl ilk dəfə Slovakiyaya nəqli bu tərəfdaşlığın konkret nəticəsidir və Azərbaycan Slovakiyanın ehtiyac duyduğu istənilən həcmdə enerji resurslarını təmin etmək potensialına malikdir. Azərbaycanın zəngin təbii qaz yataqları, hazırkı 25 milyard kubmetrlik illik ixrac gücü və xüsusilə Avropa İttifaqına üzv 8 ölkənin Azərbaycan qazından yararlanması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu təsdiqləyir. Yeni yataqların istismarı ilə həm Slovakiyaya, həm də region ölkələrinə qaz təchizatının daha da genişləndirilməsi mümkün olacaq.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da qarşıdakı illərin perspektiv xəttini müəyyən edir. Azərbaycan bu əməkdaşlığı hərbi məqsədlər üçün deyil, sənaye və texnoloji inkişaf baxımından qiymətləndirir. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə sintezi rəqabətədavamlı məhsulların istehsalına, bu məhsulların dünya bazarlarına çıxışına şərait yarada bilər. Prezident İlham Əliyev müharibələrin Azərbaycanın geridə qoyduğu bir mərhələ olduğunu vurğulayaraq, bu əməkdaşlığın mahiyyətinin sırf iqtisadi və texnoloji inkişaf olduğunu xüsusi qeyd etdi. Azərbaycanın Zəfər Gününün beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı isə iki ölkə arasında siyasi etimadın və dostluğun əyani təzahürüdür.

Slovakiyanın uğurlu inkişaf modeli, xüsusilə müstəqil xarici siyasət kursu Azərbaycanda yüksək qiymətləndirilir. Buna görə ölkənin bəzi hallarda müəyyən təzyiqlərlə üzləşməsi, lakin istiqamətindən dönməməsi Prezident İlham Əliyevin sözləri ilə desək, həm bölgədə, həm də geniş coğrafiyada Slovakiya rəhbərliyinə böyük hörmət qazandırıb.

M.Vəliyevanın sözlərinə görə Azərbaycanın xarici siyasət prioritetləri uzun illərdir ki, ardıcıl və prinsipial şəkildə həyata keçirilir. Bu gün ölkəmiz Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır, nəqliyyat və logistika infrastrukturuna edilmiş sərmayələr sayəsində Orta Dəhlizin ən vacib seqmentinə çevrilib. Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və səmərəli marşrut məhz Azərbaycan ərazisindən keçir. Prezident İlham Əliyevin bəyanatında Slovakiya–Azərbaycan əlaqələrinin inkişafında nəqliyyat və bağlantı sahəsinin xüsusi prioritet olaraq nəzərdə tutulması bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının açıq olduğunu göstərir.

Eyni zamanda, informasiya texnologiyaları və data mərkəzləri üzrə tərəfdaşlıq perspektivləri də yeni əməkdaşlıq xəttidir. Azərbaycanın istifadə olunmayan enerji potensialının yaxın beş ildə 8 giqavata çatdırılması, həmçinin ölkənin müxtəlif bölgələrinin iqlim xüsusiyyətləri beynəlxalq data mərkəzləri üçün optimal şərait yaradır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, enerji və sərin iqlim data mərkəzlərinin fəaliyyətinin əsas amilləridir və bu kontekstdə Slovakiya şirkətləri ilə əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır.

Ümumilikdə, Prezident İlham Əliyevin Slovakiyada səsləndirdiyi tezislər iki ölkə arasında münasibətlərin təkcə mövcud səviyyəsini deyil, həm də yaxın illərdə açılacaq yeni strateji istiqamətləri müəyyən edir. Enerji, nəqliyyat, müdafiə sənayesi, yüksək texnologiyalar və sənaye kooperasiyası kimi sahələrdə əməkdaşlıq Azərbaycan–Slovakiya tərəfdaşlığını Avratlantik və Avrasiya məkanında dayanıqlı, çoxölçülü və strateji əhəmiyyətli modelə çevirir.