Xəbərlər
Elmi-intellektual inkişaf və milli tərəqqi: innovasiya ilə güclənən insan kapitalı
Rəna Mirzəzadə
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor
Müasir dövrdə dövlətçilik ənənələrinin inkişafında ən təsirli vasitələrdən biri elmlə ideoloji suverenliyin qarşılıqlı vəhdətidir. Yeni dünya düzənində intellektual suverenliyin əsasında milli ideyanın strateji hədəfi kimi dövlətin elm siyasəti modelinin sistemli tərəqqisi dayanır. Tarixi təcrübə sübut edir ki, intibahın təmin olunmasında intellektual potensialın gücləndirilməsi əsas şərtlərdən biridir. Hazırkı mərhələdə elm cəmiyyət üçün həm prioritet istiqamət, həm də ölkənin ümumi tərəqqi meyillərini müəyyənləşdirən strateji fəaliyyət sahəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın strateji inkişaf konsepsiyasının əsas istiqamətləri 2 fevral 2021-ci il tarixində qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında Sərəncamda öz əksini tapıb. “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” devizi ilə perspektiv baxışda prioritet sahələrin davamlı tərəqqisi reallaşır, burada “yüksək rəqabətli insan kapitalı” aparıcı xətt kimi müəyyənləşdirilib. Bu hədəfin gerçəkləşməsi üçün milli prioritetlərdə üç mühüm istiqamət üzrə məqsədlər və vəzifələr nəzərdə tutulub: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi.
Elm ictimaiyyətinin rolu ikinci prioritetlərin tətbiqində xüsusilə nəzərə çarpır. Çünki təhlil, tədqiq və təbliğ kimi proseslərin effektivliyi məhz elmi əsasların möhkəmliyindən asılıdır. Müasir elmi mühiti əvvəlki dövrlərdən fərqləndirən başlıca cəhət onun milli xarakteridir. Bu amil ümumi tərəqqiyə, xalqın adət-ənənələrinə, mentalitetinə, tarixi köklərinə və humanist dəyərlərinə söykənərək elmi proseslərin mahiyyətini formalaşdırır.
Ölkəmizdə elmin inkişafı üçün artıq təkmil qanunvericilik bazası formalaşdırılıb. Gələcək mərhələdə texnologiya və innovasiyalara əsaslanan rəqəmsal elmi cəmiyyətin yaranması strateji hədəf kimi dəyərləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı elmin dövlətin strateji xəttində mövqeyini, milli ideologiya və suverenlik kontekstində daşıdığı siyasi əhəmiyyəti ifadə edir. Dövlət başçısının vurğuladığı əsas məqamlar elmin yeni dövrdə funksional vəzifələrini, intellektuallıqla innovativliyin vəhdətini əhatə edir.
Elm müasir dövrdə dövlətin inkişaf göstəricilərindən biri kimi çıxış edir. Güclü dövlət o zaman formalaşır ki, onun elmi potensialı yüksək səviyyədə olsun. Bu, təkcə akademiya və universitetlərin fəaliyyətini deyil, əsasən intellektual suverenlik siyasətinin strateji xəttini ifadə edir. Başqa sözlə, milli suverenliyin, maraq və mənafelərin qorunması müasir texnoloji, informasiya, rəqəmsal və geosiyasi mühitdə güclü dövlətçilik komponenti kimi müəyyənləşdirilir.
Prezident İlham Əliyev çıxışında qeyd edib: “Mən 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur”.
Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik: “Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”.
Dövlətçilik institutunun siyasi xətti yalnız iqtisadi və diplomatik kursla deyil, həm də analitik fikir, informativ dominantlıqla idarəetmədə üstünlük qazanır. Prezident İlham Əliyevin qeyd etmişdir: “Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.
Elmi inkişafın əsas prioritetləri kontekstində rəqəmsallaşma, süni intellekt, işğaldan azad edilmiş ərazilərdə tədqiqatlar aparılması, ana dilinin qorunması, ölkənin müstəqil dövlətçilik tarixi və s. kimi məsələlər mühüm önəm kəsb edir. Prezident İlham Əliyev vurğulamışdır: “Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.
Dünyada gedən qlobal yarışda biz yalnız biliklərlə, elmi yeniliklərlə və intellektual potensialla ön sırada ola bilərik. Bütün bunlar ölkəmizin strateji elm xəttinin yeni siyasi suverenlik fəlsəfəsidir. Bu baxımdan “zənginlik bilikdədir, güc isə elmdə” tezisi müasir dövrün intellektual suverenlik ideologiyasıdır. Elm XXI əsrdə siyasətin də intellektlik dəstəyi və dayağıdır, sözügedən sahədə təkmil elm modelinin formalaşdırılması həmin siyasi xəttin əyani göstəricisidir: Belə ki, dövlət strateji inkişaf xəttinin enerji təhlükəsizliyindən başlayaraq, hərbi sənaye, müdafiə, aqrar sahə, rəqəmsal texnologiyadan tibb, təhsil, ekologiyayadək və s. sahələri elmi biliklər, “biliklər iqtisadiyyatı” məcmusunda formalaşdırılır.
İntellektual suverenlik fonunda idarəetmə modelində aparılan islahatlar elmi rasionallığın bir təzahürüdür. Bir prinsipial tezisdə elmə və biliyə əsaslanan inkişaf reallıqda siyasi praqmatiklikdir. Müasir Azərbaycanın dünyada görünən nüfuzu, qüdrətli dövlət prioriteti məhz intellektual suverenliyin idarəetmə metodudur.
İntellektual suverenlik idarəetmədə Azərbaycanın dövlət elm siyasəti ilə ideoloji mətndə tarazlıq yaradır. Belə ki, elmi-tədqiqi fəaliyyət də dövlətçilikdə siyasi-fəlsəfi-etik missiya ölçüsüdür. Bu çağırışlar elm ictimaiyyətinə yönəlik intellektualların məsuliyyətinin hədəfləri göstəricisidir. Elm-biliklər məcmusu təkcə texnoloji tərəqqinin deyil, həmçinin milli özünüdərk kimliyinin “elmi güc” mətnində hədəfidir.
XXI əsr dünyanın yeni düzənində mədəni-mənəvi assimlyasiya, eləcə də informasiya təhdidləri cəmiyyətində elmi təfəkkür, dövlətin intellektual suverenliyinin ideoloji ifadəsidir. Yeni hədəflər sırasında Elmi-Tədqiqat institut və mərkəzlərinin dövlətin suveren intellektual ideoloji və analitik bazasına çevrilməsi, elmi ideya və analitik fikirlərin dövlət qərarlarına şamil edilməsi, intellektual potensialın milli ictimai-siyasi-mədəni-tarixi məzmunlu Azərbaycan Elm Modelinin yaradılması ilə elmə innovativlik funksiyası, divident qazandırılması kimi amillər diqqət çəkir.
Elm dövlətin düşünən beyin mərkəzi, dövlətçilik institutu siyasətinin tədqiq-təbliğ-təşviqini həyata keçirən fəaliyyət sahəsidir. Biliklər də intellektual suverenliyin əsas prinsipləridir. Prezident İlham Əliyevin “Akademiya elmin inkişafında aparıcı rol oynamışdır” fikri elmə, elm ictimaiyyətinə verilən dəyərin təzahürüdür. Dövlət başçısı, həmçinin ölkələrin inkişafında təbii resursların əhəmiyyətli rol oynadığını qeyd etmişdir: “Təbii sərvətlər sadəcə olaraq insan kapitalına və texnoloji tərəqqiyə sərmayə qoymaq, gələcəkdə davamlı inkişafı təmin etmək üçün bir vasitədir”.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək: “Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimləri, bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə də bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”.
AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin elmə yönəlik siyasi-nəzəri proqram məntiqli çıxışında Azərbaycanın elmi inkişafının əsas istiqamətləri diqqətə çatdırılıb:
Birincisi, alimlərin də müstəqil Azərbaycanın real inkişafında iştiraka dəvət edilməsi;
İkincisi, elm ictimaiyyətinin ölkənin inkişafında mövqeyi, rolu, yerinin vacib zəruriliyi;
Üçüncüsü, yeni texnologiyaların tətbiqində müəyyən çətinliklərlə üzləşmələrin qeyd edilərək araşdırılması;
Dördüncüsü, “İntellektual sərvətin tükənməməsi üçün dövlət sərmayə qoymalıdır” məntiqi də elm siyasətində maliyyə dəstəyinin hədəf olduğu nümayiş etdirir.
Dövlətimizin başçısı, həmçinin ölkə alimlərinin texnoloji tərəqqidə dəstəyinin vacibliyini vurğulayıb: “Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.
