Xəbərlər
Bizim işimiz quruculuqdur
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Bu gün Kəlbəcərin azadlığa qovuşmasının beşinci ildönümünü qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günüdür.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində Zəfəri ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Hər bir sahədə təcrübəsi öyrənilən Azərbaycanın müharibə taktikası da hazırda beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir, araşdırılır. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azəbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin hər bir çıxışında bu çağırış xüsusi yer tutur ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmasınlar.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qalibiyyətin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, ermənilər Kəlbəcəri, Ağdamı və Laçını boşaltmalı idilər. Qeyri-qanuni yaşadıqları əraziləri, Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, rahatlıqla bütün əşyalarını götürüb çıxdılar. Amma onların bu humanistliyimizin qarşısında törətdiyi vandallıqları görəndə hər kəs dəhşətə gəlir. İşğal dövründə törətdikləri dağıntılar kifayət etməyərək bu əraziləri boşaldan zaman da xislətlərinə uyğun davranışlarını nümayiş etdirdilər. Evlər, ağaclar yandırıldı, ekoloji terror törətdilər. Qeyd etdiyimiz kimi, Kəlbəcər üçtərəfli Bəyanatda müəyyənləşdirilən qrafikə əsasən 15 noyabr tarixində boşaldlmalı idi. Lakin ermənilər Azərbaycandan əlavə 10 gün istədi. Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Baş verənlər Azərbaycan və Ermənistan arasındakı fərqi dünyaya nümayiş etdirdi.
Ermənilər Kəlbəcərdə olan tarixi abidələri dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər. Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometr, Bazarçay və Xaçınçayın uzunluğu isə təqribən 200 kilometrə yaxındır. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin avqustunda Kəlbəcər sakinləri ilə görüşüb onlara açarları təqdim etdilər. Həmin mərasimdə cənab İlham Əliyev bildirmişdir ki, Kəlbəcər ölkəmizin ən gözəl rayonlarından biridir. Hər dəfə buraya gələndə Mehriban xanım və mən maşından izləyirik, bir-birimizə deyirik ki, nə gözəl diyardır, nə gözəl mənzərədir. Bunun dünyada tayı-bərabəri yoxdur: “Amma siz də yaxşı bilirsiniz ki, Kəlbəcər həmişə ucqar rayon sayılırdı, çünki yollar yox idi. Yüz il bundan əvvəl, ümumiyyətlə, yol yox idi, ancaq atlarla hərəkət etmək mümkün idi. Ondan sonra sovet hakimiyyəti dövründə çəkilmiş o yollar da çox təhlükəli idi, ensiz idi. Biz Mehriban xanımla işğaldan sonra ilk dəfə Kəlbəcərə, təbii ki, Ömər aşırımından gəldik. O vaxt o yol da demək olar ki, yox idi, bir cığır idi və həm də çox təhlükəli idi. Amma o qədər əzəmətli mənzərə ilə üzləşdik ki, çətinlik heç özünü hiss etdirmirdi. Göygöldən gələndə Ömər aşırımından hər dəfə aşağıya baxarkən bu təbiətə valeh olurduq. Eyni zamanda, mən o vaxt dərhal göstəriş verdim ki, biz mütləq Gəncə istiqamətindən Kəlbəcərə müasir yol çəkməliyik. Çünki bilirsiniz ki, o vaxt biz Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirdik. Ona görə dərhal işlər başlandı və bu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə daha Ömər aşırımından yox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna görə Avropada beşinci tuneldir.” Dövlətimizin başçısı böyük qürur hissi ilə bu reallığı da qeyd etmişdir ki, köçkünlük dövrü bitdi. İndi burada yerləşirsiniz. O biri yaşayış kompleksləri də tikiləcək. Bura gözəl bir şəhər olacaq.
