Xəbərlər
Kəlbəcərin əvvəlki şöhrəti özünə qayıdır
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdı.
44 günlük İkinci Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi. Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular. Səfər Azərbaycan Bayrağının Kəlbəcər şəhərində ucaldılması ilə yadda qaldı. İlk səfərdə, həmçinin bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirildi. Dövlətimizin başçısının son beş ildə Kəlbəcərə 7 səfəri olub. Cənab İlham Əliyev səfərləri zamanı bu çağırışı da etmişdir ki, ermənilər çox qanunsuz işlər görüblər, təbiətimizi məhv ediblər, istismar ediblər. Kəlbəcəri özününküləşdirmək istədilər, adını dəyişdirməyə çalışdılar. Biz də gəldik, dərsini verdik, torpağımızı geri aldıq.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti özünə qaytarılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Birinci mərhələdə buraya 201 ailə köçürülür. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.
Kəlbəcərin çox zəngin təbii enerji potensialı vardır. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng”, 8,8 meqavatlıq “Nadirxanlı” və 5 meqavatlıq “Çaykənd” kiçik su elektrik stansiyaları tikilib.
Görülən işlərin miqyası genişdir. Kəlbəcərlilərin bu ilin 21 avqust tarixində dogma yurd-yuvalarına qayıdışının reallaşdırılması da görülən işlərin bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə bildirmişdi ki, bizim işimiz quruculuqdur. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.
