Xəbərlər
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsindədir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin timsalında Mərkəzi Asiya ölkələri ilə əlaqələrin aydın mənzərəsini təqdim etmək mümkündür. Dövlət başçısı İlham Əliyev noyabrın 15-də Özbəkistana növbəti səfərini etdi və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etdi. Bu səfərdən öncə isə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verdi. Hər bir səfər, eyni zamanda, müsahibə əlaqələrimizin dünəninə baxış, həmçinin perspektivlərin təqdimatıdır.
Cənab İlham Əliyev qeyd edilən müsahibəsində “Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır” söyləyərək onu da bildirdi ki, son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və həmin müddətdə isə cənab İlham Əliyevin qardaş ölkələrə 13 səfəri olub. Dövlətimizin başçısı müsahibəsində bu əminliyi də ifadə etdi ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə səsləndirilən fikirlər, qəbul edilən qərarlar və imzalanan sənədlər Azərbaycanın bu əməkdaşlıq formatının daha da möhkəmləndirilməsində roluna işıq saldı. Belə ki, Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edildi. Bu əminlik ifadə olundu ki, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açılır.
Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanla Özbəkistan arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurlu inkişafından geniş bəhs etdi. Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. Bugünədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.
Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. Eyni zamanda, mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Daşkənddə Heydər Əliyev meydanının yaradılması və Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması öllkələrimiz arasında dostluq münasibətlərinin daha da yaxşılaşdırılmasının göstəricisidir.
Bütün bunlar Azərbaycan ilə Özbəkistanın iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.
