YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərimiz möhkəm təməl üzərində uğurla inkişaf edir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin noyabrın 15-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə səfəri, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı tarixi hadisə, həmçinin xarici siyasətimizin mühüm uğuru kimi dəyərləndirilir. Bu baxımdan ki, həmin tədbirdə qəbul edilən mühüm qərara əsasən  Azərbaycan tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşuldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. Dövlət başçısı İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında qeyd etdi ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir.

Prezident İlham Əliyev səfərdən öncə, noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Cənab İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi  şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafından, tranzit imkanlarının genişləndirilməsindən bəhs etdi. Bildirdi ki, bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.

Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.

Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin reysləri - Bakı-Daşkənd-Bakı, Bakı-Səmərqənd-Bakı və Bakı-Ürgənc-Bakı  həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.

Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsi uğurla fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.

Bu əlaqələr mədəni və humanitar sahədə də uğurla inkişaf edir. Tərəflər əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafında maraqlıdırlar və bunu atdıqları addımları ilə təsdiqləyirlər.