YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Təvazökarlıq, şəffaflıq və sosial məsuliyyət: xalqa layiqli xidmət üçün əsas meyarlar

Asif Əsgərov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi mühüm mesajlar yerli idarəetmədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirib. Dövlətimizin başçısının “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri hər bir icra hakimiyyəti başçısı və nümayəndə üçün fəaliyyətin ideoloji məğzini ifadə edir. Etimad həm böyük məsuliyyət, həm də xalqa xidmət fəlsəfəsini formalaşdıran başlıca meyardır.

Rəhbər vəzifə daşıyan hər bir şəxs üçün əsas iş prinsipi xalqa xidmət olmalıdır. Bu, təkcə inzibati məsuliyyət deyil, həm də mənəvi öhdəlikdir. Dövlətin təməl siyasəti insan amilinə əsaslanır, yəni vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, onların rifahının təmin olunması idarəetmənin başlıca məqsədidir.

Dövlət başçısının “xalqla bir yerdə olmaq” çağırışı bölgələrdə fəaliyyət göstərən rəhbərlər üçün məsuliyyət və davranış modeli rolunu oynayır. Bu prinsip yerlərdə şəffaflıq, ədalət və hesabatlılıq mədəniyyətinin dərinləşməsinə yönəlib. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Elektrik enerjisi təchizatı, magistral və kənd yollarının bərpası, içməli su və suvarma layihələrinin icrası kimi sahələrdə əldə olunan nəticələr regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Artıq işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bütün bölgələrdə enerji infrastrukturu yenilənib, su təchizatı və yol-kommunikasiya layihələri yeni mərhələyə qədəm qoyub. Dövlət investisiya proqramları hesabına həyata keçirilən bu layihələr həm də sosial sabitliyin təminatına xidmət edir.

Prezident İlham Əliyevin “Əsas prinsip sosial ədalət prinsipidir” fikri idarəetmə sisteminin etik əsasını formalaşdırır. Sosial ədalət prinsipi bölgələrdə qərarların qəbulunda bərabərlik, şəffaflıq və vətəndaş məmnuniyyətinin təmin edilməsini nəzərdə tutur. Keçmişdə bəzi məmurların özbaşına davranışları bölgələrdə narazılıqlara səbəb olmuşdu, lakin indi belə hallara yer yoxdur. Yeni təyinatlar və institusional islahatlar bu istiqamətdə qətiyyətli addımların atıldığını göstərir.

Dövlət başçısının çıxışında qeyd olunan mühüm məqamlardan biri bölgələrdə məşğulluğun artırılması və yerli sahibkarlığın genişləndirilməsi ilə bağlı idi. Dövlətin dəstəyi ilə yaradılan müəssisələr, verilən güzəştli kreditlər və özünüməşğulluq proqramı artıq on minlərlə insanın həyatına müsbət təsir göstərib.

Azərbaycan Prezidentinin yerlərdəki rəhbərlərdən tələbi odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Bu faktor həm iqtisadi göstəricilərin yaxşılaşdırılması, həm də sosial sabitliyin möhkəmləndirilməsi baxımından vacibdir. Yerli istehsalın və turizmin inkişafı bölgələrin iqtisadi dayaqlarını gücləndirəcək, kənd təsərrüfatı ilə birlikdə dayanıqlı gəlir mənbəyi formalaşdıracaq.

Son illər ərzində həyata keçirilmiş infrastruktur layihələri doqquz beynəlxalq hava limanının istifadəyə verilməsi, yeni dəmir yolları, magistral avtomobil yolları, elektrik və suvarma sistemlərinin yenilənməsi ölkənin bütün bölgələrində həyat səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Prezident İlham Əliyevin “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” fikri dövlət siyasətinin mərkəzində vətəndaşın rifahının dayandığını bir daha təsdiqləyib. Bu, həm də yerli rəhbərlərin fəaliyyətinə verilən göstərişdir, yəni insanlarla birbaşa təmas, onların problemlərinin dinlənilməsi və operativ həlli əsas şərtdir.

Hər bir təyin olunan rəhbər üçün əsas məqsəd göstərilən etimadı əməli fəaliyyətlə doğrultmaqdır. Sözügedən məsələ həm peşəkarlıq, həm də vətənpərvərlik məsuliyyəti ilə bağlıdır. Yeni rəhbər heyətindən gözlənilən odur ki, onlar təcrübələrini praktiki nəticələrə çevirərək xalqın rəğbətini qazansınlar. Dövlət başçısının qeyd etdiyi kimi, böyük məsuliyyət böyük işlər tələb edir. Bu amil rəhbərlik etikasının ifadəsi və dövlət idarəçiliyinin mahiyyətini formalaşdıran prinsipdir.

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı vurğulanan məsələlər bir daha göstərir ki, ölkənin regional idarəetmə siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Əsas hədəf mərkəzi və yerli strukturlar arasında səmərəli əlaqələrin yaradılması, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi, iqtisadi və infrastruktur layihələrinin davamlılığının təmin olunmasıdır. Dövlət başçısının çağırışları hər bir dövlət məmuruna yönəlmiş konkret proqram xarakteri daşıyır. Xalqa xidmət etmək, məsuliyyətli olmaq və inkişafın dinamikasını qorumaq - məhz bu prinsiplər üzərində qurulan idarəetmə modeli ölkənin gələcək sosial-siyasi sabitliyinin və davamlı yüksəlişinin əsas təminatıdır.