YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İslahatçı və innovativ yanaşmalar idarəetmənin səmərəliliyini artırır

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin yeni təyinat alan Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul etməsi ölkənin idarəetmə sistemində yeni mərhələnin başlanğıcını göstərir. Bu qəbul həm də dövlət siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə idi.

Dövlətimizin başçısının çıxışı məzmun baxımdan çoxşaxəli idi, burada dövlət idarəçiliyinin mahiyyəti, xalqla birliyin əhəmiyyəti, sosial ədalət prinsipi və regionların iqtisadi inkişafı məsələləri bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunub. Prezident İlham Əliyevin “Böyük məsuliyyət böyük işlər tələb edir” fikri hər bir dövlət qulluqçusu üçün fəaliyyətin əsas meyarına çevrilib.

Dövlət siyasətinin mərkəzində xalqla birbaşa təmas və xalqa xidmət anlayışı dayanır. Belə ki, vəzifə sahiblərinin başlıca borcu insanların qayğılarına həssaslıqla yanaşmaqdır. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, rəhbərlər öz işləri ilə, əməyilə qarşıda duran vəzifələrin icrası üçün səylərini əsirgəməməlidirlər. Bu fikirlər idarəetmədə məsuliyyət və hesabatlılığın vacibliyini bir daha gündəmə gətirir. Əslində, bu faktor yerli idarəetmə strukturlarında şəffaflığın və dürüstlüyün möhkəmləndirilməsi çağırışıdır.

Azərbaycan Prezidentinin çıxışında ölkənin son illərdə keçdiyi infrastruktur mərhələsi geniş şəkildə dəyərləndirilib. Dövlət başçısı qeyd edib ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Bu istiqamətdə görülən işlər nəticəsində elektrik enerjisi, qazlaşdırma, su təchizatı və yollarla bağlı məsələlər həll edilib. Xüsusilə son illərdə icra edilən regional inkişaf proqramları sayəsində bölgələrin sosial-iqtisadi siması tamamilə dəyişib. İşğaldan azad edilmiş ərazilərdə yaradılan yeni enerji və nəqliyyat infrastrukturu isə bütövlükdə ölkə iqtisadiyyatının potensialını daha da artırıb.

Magistral yolların yenilənməsi, kənd yollarının 80 faizədək təmir olunması və içməli su layihələrinin icrası regionlarda həyat səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Bu proses həm də dövlətin məqsədyönlü siyasətinin bariz nəticəsi kimi kəndlə şəhər arasında sosial fərqlərin azalmasına gətirib çıxarır.

Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri də sosial ədalətin təmin olunması idi. Dövlətimizin başçısı bəyan edib ki, hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Bu prinsip dövlət idarəçiliyində həm siyasi, həm də mənəvi məsuliyyət yaradır. Sosial ədalətin bərqərar olması yalnız qanunların icrası deyil, həm də vətəndaşla dövlət arasında etimad münasibətlərinin möhkəmlənməsidir. İdarəetmə sistemində şəffaflıq, məsuliyyət və hesabatlılıq prinsipləri bərqərar olub.

Mütərəqqi islahatlar çərçivəsində iqtisadi siyasətin sosialyönümlü olması xüsusi yer tutur. Bölgələrdə məşğulluğun təmin edilməsi, sahibkarların fəaliyyətinə dəstək verilməsi və yerli istehsalın gücləndirilməsi hökumətin əsas prioritetlərindəndir. Hazırda minlərlə vətəndaş özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes fəaliyyəti ilə məşğuldur. Sahibkarlara güzəştli kreditlər verilir, yeni istehsal sahələri açılır, kənd təsərrüfatı və turizm potensialı artırılır. Prezident İlham Əliyevin tələblərinə görə, iş yerlərinin yaradılmasına çalışmaq, iş adamlarına şərait yaratmaq, onlara dəstək vermək hər bir yerli rəhbərin mühüm vəzifəsidir.

Uğurlu siyasət nəticəsində həm iqtisadi aktivlik artır, həm də bölgələrdə sosial sabitlik möhkəmlənir. Kənd təsərrüfatı ilə yanaşı, daxili turizm sahəsində də canlanma müşahidə olunur. Turizmin genişlənməsi, xüsusilə təbii və tarixi potensiala malik bölgələrdə iqtisadi inkişafın sürətlənməsinə səbəb olur. Prezident İlham Əliyevin “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” fikri bu çıxışın əsas ideoloji xəttini formalaşdırıb. Vəzifə yalnız idarəetmə vasitəsi deyil, xalqa xidmət missiyasıdır. Rəhbərlərdən tələb olunan əsas keyfiyyətlər səmimilik, ədalət, məsuliyyət və vətəndaşla birbaşa ünsiyyətdir. Yuxarıdan verilən qərarlar yerlərdə vətəndaşların real tələbatına uyğun icra olunur. Bu, həm də mərkəzi və yerli idarəetmənin sinxron işləməsini təmin edən effektiv mexanizmdir.

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi fikirlər dövlət modelində məsuliyyət, səmimilik və sosial ədalət prinsiplərinin bir daha təsdiqi oldu. Sözügedən çıxış ölkənin gələcək idarəetmə fəlsəfəsinin konturlarını cızdı, burada vətəndaş rifahı, yerli inkişaf, şəffaflıq və dövlətin xalqa xidmət missiyası mühüm önəm kəsb edir.

Son illərdə aparılan islahatlar, infrastrukturun yenilənməsi, sosial proqramların icrası və iqtisadi təşəbbüslərin dəstəklənməsi dövlətin məqsədini aydın göstərir. Vətəndaşın rifahı və dövlətin dayanıqlı gələcəyi bir-birini tamamlayan strateji məqsədlərdir. Xalqa xidmət etmək, ədalətli olmaq və məsuliyyətlə işləmək bu müasir dövlət idarəçiliyinin əsasını təşkil edir.