YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkə başçısının sosial siyasətində məşğulluq məsələsi yenə də prioritet olaraq qalır

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyəti başçılarını qəbul edərkən xüsusi vurğuladı ki, bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Bir neçə regional inkişaf proqramının icrası uğurla yekunlaşıb. Əsas infrastruktur sahələri olan elektrik enerjisi və təbii qazla təminat bütün bölgələrdə tam normallaşıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması böyük potensial yaradıb. Magistral yollar müasir standartlara uyğun şəkildə yenilənib, şəhərlərarası yollar təmir olunub, kənd yollarının tikintisi üçün isə hər il lazımi vəsait ayrılır. Hələ ki, bu sahədə 100 faiz nəticəyə tam nail olunmasa da, bir çox bölgələrdə kənd yollarının 70–80 faizi təmirli və keyfiyyətlidir.

Cənab Prezident çıxışında qeyd etdi ki, bütün şəhərlərdə içməli su layihələri icra olunur. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri həyata keçirilir, yeni su anbarları və kanalları tikilir. Ümumilikdə, suvarma ilə bağlı vəziyyət müsbətə doğru dəyişir. O bildirdi ki, digər infrastruktur sahələri kimi sosial infrastruktur – məktəblər, xəstəxanalar, idman obyektləri də ölkənin bütün bölgələrində öz həllini tapmaqdadır. Artıq hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir. Dövlət başçısı vurğuladı ki, bütün bu layihələrin həyata keçirilməsi həm böyük vəsait, həm də gündəlik nəzarət tələb edir: “Biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına, regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.”

Dövlətimizin rəhbəri görüş zamanı bildirdi ki, bölgələrdə hələ də mövcud olan, insanların narahatlığına səbəb olan məsələlər öz həllini tapmalıdır. Burada əsas prinsip sosial ədalətin təmin edilməsidir. Hər bir bölgədə, hər bir kənddə insanlar ədalətin üstün olduğunu görməlidir. Prezident diqqətə çatdırdı ki, vaxtilə bölgələrimizdə proseslərin mənfi istiqamətdə inkişafının səbəblərindən biri də mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri idi. Artıq həmin məmurların fəaliyyəti aradan qaldırılıb və mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.

Prezident İlham Əliyev çıxışında bəzi məmurların qanunsuz hərəkətlərinə də toxunaraq dedi: “Mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub həmin qanunsuz hərəkətləri icra ediblər. Onların üzərinə düşən məsuliyyət başqa yanaşma tələb edirdi. Lakin bəzi hallarda bu qanunsuz əməllərin təməlində mərkəzdə oturan, harınlamış, acgöz, gözü doymayan məmurların göstərişləri dayanırdı.”

 

Dövlət başçısı qeyd etdi ki, aparılan sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq heç kim qanunsuz tapşırıq verə bilməz. Əgər belə bir hal baş verərsə, həmin şəxs barəsində ciddi tədbirlər görüləcək.

Prezident görüşdə rayonlarda məşğulluq məsələsinin həllinin də prioritet vəzifələrdən biri olduğunu xüsusi qeyd etdi. O vurğuladı ki, Azərbaycanda məşğulluq sahəsində son illər çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bununla belə, bölgələrdən Bakıya və digər böyük şəhərlərə miqrasiya meyilləri hələ də qalmaqdadır. Prezident bildirdi ki, miqrasiya bütün ölkələrdə mövcud olan təbii prosesdir, lakin onun səbəblərindən biri də bölgələrdə işsizlikdir.

Bu məqsədlə dövlət tərəfindən iş yerlərinin artırılması, yeni müəssisələrin yaradılması, sahibkarlara güzəştli kreditlərin verilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Artıq on minlərlə insan özünüməşğulluq proqramı ilə əhatə olunub. Dövlət başçısı tapşırdı ki, yerli rəhbərlər iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində daha fəal olmalıdırlar. Çünki yerli istehsalın inkişafı həm məşğulluğu artırır, həm də iqtisadiyyatı gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı dövlət xətti ilə həyata keçirilən layihələrin də genişləndirilməsi vacib məsələlərdəndir.