Xəbərlər
Bölgələrdə məşğulluğun təmin edilməsi əsas prioritetlərdən biridir
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin hər bir görüşdə, çıxışlarında səsləndirdiyi fikirlər Azərbaycanın dayanıqlı inkişafına, xalqın yüksək həyat səviyyəsinin təmin edilməsinə çağırışdır. Bu baxından Prezident İlham Əliyevin noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu da mühüm məqamlarla, çağırışlarla diqqətdədir. Cənab İlham Əliyev bir daha diqqəti dövlət məmurlarının qarşısında dayanan vəzifələrə yönəltdi. Bildirdi ki, əlbəttə, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq.
O da qeyd edildi ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq: “Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Prezident İlham Əliyev 2004-cü ildən icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu nəticələrindən də bəhs etdi. Bu gün bütün bölgələrimiz, həmçinin işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydançasına çevrilib. Bütün regionlar müasir tələblər səviyyəsində qurulur, insanların rahatlığını təmin etmək üçün zəruri addımlar atılır. Dövlətin siyasətində insan amilinə verilən dəyər görülən işlərdə özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev regionlarda görülən işlərin fonunda bu çağırışı etdi ki, bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub: “Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”.
Son illər ərzində görülən işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma və sair görülən işlərin təqdimatıdır. Bütün bunlar insanların daha yaxşı yaşamalarına, onlara diqqət göstərilməsinə, qayğıları ilə yaşamağa xidmət edir. Ümumilikdə məmur-vətəndaş münasibətləri ölkənin dayanıqlı inkişafının təmin edilməsində əsas faktorlardan biridir.
