Xəbərlər
"Müstəqil Azərbaycan Dövlətinin Ana Qanunu”
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Konstitusiyasının 30-cu ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Dövlətinin Ana Qanunu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Lökbatan Bələdiyyəsinin sədr müavini Türkan Məmmədli, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra “Müstəqil Azərbaycan Konstitusiyasının 30-cu ildönümü” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunu xatırladaraq qeyd edib ki, bu qərar ölkəmizin müstəqillik tarixinə, hüquqi dövlət quruculuğuna və suverenlik prinsiplərinə verilən yüksək qiymətin təcəssümüdür.
O vurğulayıb ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq referendumu ilə qəbul olunan Azərbaycan Konstitusiyası ölkəmizin müstəqil və hüquqi dövlət kimi inkişafının əsasını qoyub. Bu sənəd xalqın iradəsinin ifadəsi olmaqla yanaşı, insan hüquq və azadlıqlarının əsas təminatçısı kimi çıxış edir.
O, həmçinin Konstitusiyaya sonrakı dövrlərdə - 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumu ilə edilən əlavə və dəyişikliklərdən bəhs edib. Qafar Əliyevin sözlərinə görə, bu dəyişikliklər Əsas Qanunun müasir dövrün tələblərinə uyğunlaşdırılmasına və hər bir vətəndaşın hüquqlarının müdafiəsi üçün daha möhkəm hüquqi baza yaradılmasına xidmət edib.
Q.Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və 2023-cü ilin sentyabrında uğurla həyata keçirilən antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tam bərpa edib, bütün ərazilərində suveren hüquqlarını tam şəkildə həyata keçirir. Bu, ölkəmizin güclü dövlətçilik ənənələrinin və möhkəm hüquqi sisteminin təntənəsidir. Azərbaycan bu gün regionun lider dövləti olmaqla yanaşı, çağdaş, demokratik və hüquqi dövlət modelini uğurla tətbiq edən ölkələr sırasında önəmli yer tutur.
Tədbirdə çıxış edən digər natiqlər Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, partiya veteranı Hacı İbrahimov, gənc fəal Amin Şamilzadə və digərləri vurğulayıblar ki, Azərbaycan dövləti Konstitusiya və suverenlik prinsiplərini tam şəkildə həyata keçirir.
Çıxışlarda qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin hüquqi və demokratik dövlət quruculuğuna sadiqliyinin bariz göstəricisidir. Bu il çərçivəsində keçirilən tədbirlər və layihələr xüsusilə gənc nəslin hüquqi düşüncəsinin formalaşmasına, dövlətçilik prinsiplərinin dərinləşdirilməsinə və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir.
