YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dövlətimizin dayağı - Konstitusiya” mövzusunda tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə “Dövlətimizin dayağı - Konstitusiya” mövzusunda tədbir keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rauf Hacıyev bildirib ki, 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsasını təşkil edir. Bu sənəd xalqın iradəsinin ifadəsi kimi müstəqil, demokratik və hüquqi dövlətin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya ölkəmizin siyasi, iqtisadi və sosial inkişafında yeni mərhələnin başlanğıcı olub.

Daha sonra çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov qeyd edib ki, Azərbaycan Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı, ədalətli idarəetmə sisteminin hüquqi bazasıdır. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına əsaslanan bu sənəd sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilib, ölkəmizin sürətli inkişafına xidmət edən islahatların hüquqi təminatına çevrilib.

Çıxışlarda Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı rolu, onun vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələr barədə fikirlər səsləndirilib, mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.