Xəbərlər
Gəncədə Zəfər Günü qeyd edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Gəncə şəhər təşkilatının inzibati binasında yerləşən büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O bildirib ki, beş il əvvəl – 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, dövlət-xalq birliyinin və 30 illik ədalətsizliyə qarşı tarixi ədalətin bərpasıdır. Onun sözlərinə görə, Zəfər Günü yalnız keçmişin şanlı səhifəsi deyil, həm də gələcəyə olan inamın, milli iradənin təntənəsidir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, hər bir xalqın tarixində əlamətdar, müqəddəs günlər olur: “Belə günlər heç vaxt unudulmur, daim qürurla yad edilir. Çünki həmin günlər yalnız bir dövrü deyil, bütöv bir millətin tarixini dəyişdirir. Nə xoşbəxtik ki, Azərbaycan xalqının taleyində bu cür qürurverici günlər çoxdur. Onlardan biri də 2020-ci ilin 8 noyabrında düşmən üzərində qazanılmış tarixi qələbənin qeyd olunduğu Zəfər Günüdür. Bu gün xalqımızın qürur, şərəf və iftixar tarixidir”.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədr müavini Elçin Həsənov qeyd edib ki, 44 günlük müharibə Azərbaycan xalqının birliyini, ordumuzun qüdrətini və Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyini bütün dünyaya nümayiş etdirdi. O vurğulayıb ki, Azərbaycan xalqı uzun illər davam edən işğala son qoyaraq öz torpaqlarını qəhrəmanlıqla azad etdi.
Türkiyənin Gəncədəki vitse-konsulu Yığıt Yalın Soyal bildirib ki, Vətən müharibəsinin hər anını Azərbaycanla birgə yaşayan Türkiyə bu Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirir.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva çıxışında vurğulayıb ki, 8 Noyabr xalqımızın əzmini, birliyini və qələbəsini təcəssüm etdirir.
YAP Gəncə şəhər təşkilatının sədri, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov çıxışında qeyd edib ki, zaman sürətlə keçir, artıq tarixi Zəfərimizin beş ili tamam olur: “Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarını məğlub edərək xalqımıza Zəfər sevinci yaşatdı, regiona sülh gətirdi. Bu qələbə ilə xalqımız təkcə ərazilərini deyil, həm də tarixi kimliyini və qürurunu bərpa etdi. Bu şanlı Zəfərlə Azərbaycan xalqı bütün zamanlarda fəxr edəcək”.
Tədbir Regional Kollec tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib.
Qeyd edək ki, 8 Noyabr-Zəfər Günü ilə bağlı YAP Gəncə şəhər təşkilatı tərəfəndən “Hərəyə bir bayraq” adlı yürüş də təşkil edilib.
