Xəbərlər
Demokratik ənənələr ədalət, bərabərlik və xalqın iradəsinə hörmət prinsiplərinə əsaslanır
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Bu gün Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır. Ölkənin əsas qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə “Konstitusiya Günü” kimi qeyd edilir.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı. Sərəncamda qeyd edilmişdir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır.
Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.
