Xəbərlər
Ağdamda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin həyətində kollecdə təhsil almış şəhidlərin xatirəsinə ucaldılmış xatirə lövhəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti Aparatında Şəhid ailələri və müharibə veteranları ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Kollecin direktoru Neymət Rüstəmli və digərləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın keçdiyi şərəfli yoldan bəhs edib, tarixi Zəfərimizin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasını vurğulayıblar.
Tədbirin bədii hissəsində kollecin tələbələri vətənpərvərlik ruhunda müxtəlif şeir və musiqi nümunələri təqdim ediblər.
Tədbir çərçivəsində kitab sərgisi və Ağdam Dövlət Sosial-İqtisadi Kolleci tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri də nümayiş olunub.
