MÜSAHİBƏLƏR
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal siyasət həyata keçirir
- Gövhər xanım, bugünlərdə Bakı şəhərində “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans keçirildi. Bu konfransın əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, son illər Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Dünyanın mötəbər qurumları öz toplantılarını keçirmək üçün Azərbaycanı ən münasib məkan kimi qəbul edirlər. Təbii ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin dünyada böyük nüfuz qazanmasının nəticəsidir. Qeyd etdiyiniz tədbirin Azərbaycanda keçirilməsinin əsasında dayanan amil də məhz bununla əlaqədardır.
20-21 oktyabr tarixlərində Bakı şəhərində “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda keçirilən V Beynəlxalq konfransın işində 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edib. Bu konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə edilib.
Tədbirdə müsəlman ölkələrində qadınların üzləşdiyi problemlərdən danışıldı, qeyd olundu ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsində, xüsusilə onların siyasi həyatda öz fəallıqlarını artırmasında hələ də müxtəlif çətinliklər var. Həmin maneələrin qarşısının alınması istiqamətində daha çox iş görülməlidir. Əlbəttə ki, müasir dövrdə qarşıya çıxan problemləri həll etmək üçün biz mərkəzdə və ya ucqarda olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik. Qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sıra sosial-psixoloji amillər də var ki, onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir.
Tədbirdə çıxış edən qonaqlar da vurğulayıblar ki, İƏT-ə üzv olan bəzi dövlətlərdə qadınların səhiyyə, təhsil sahəsində problemləri hələ də qalmaqdadır və bununla bağlı ciddi islahatlara ehtiyac var. Əlbəttə, İƏT-ə üzv ölkələrdə qadınların şəraitinin yaxşılaşdırılması, onların müxtəlif sahələrdə iştirakının təmin edilməsi sahəsində xeyli irəliləyişə nail olunub. Amma bu, kifayət deyil. Qadınların və qızların təhsildən kənarda qalmaları, zorakılıqla üzləşmələri onları siyasi proseslərdən də kənarda qoyur. Qadınların inkişafının təminatı üçün onların təhsilə cəlb edilmələri əsas məsələlərdən biridir. Bu, qadınların özünü yetişdirmələrinə, işlə təmin olunmalarına, həyatın müxtəlif sahələrində onların fəallıqlarının artırılmasına öz töhfəsini verəcək. Tədbirdə aparılan müzakirələr, problemlər və onun həlli yolları yekunda qəbul olunmuş Bakı Bəyannaməsində də öz əksini tapıb.
Hesab edirik ki, bu konfrans qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək. Xüsusilə qeyd etməliyəm ki, xarici qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
- Konfrans çərçivəsində Azərbaycanda qadın problemlərinin həlli, gender bərabərliyinin təmin olunması istiqamətindəki vəziyyət necə dəyərləndirildi?
- Əlbəttə ki, bu mötəbər toplantıda Azərbaycandakı mövcud durum, bu sahədə görülən işlər barədə fikirlər səsləndi. Bu barədə məlumatı Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri, bu konfransın sədri seçilən Hicran Hüsyenova verdi. Onun da vurğuladığı kimi ölkəmizdə qadın məsələlərlə bağlı həllini gözləyən problemlərin hərtərəfli və obyektiv araşdırılması, həmin problemlərin kökündə duran amillərin müəyyənləşdirilməsi məqsədi ilə bir sıra fərmanlar və sərəncamlar imzalanıb. Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcək. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan çox azərbaycanlının 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edir.
Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınlar ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə böyük uğurlar əldə etməkdədirlər. Təsadüfi deyil ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Belə ki, Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların çəkisi 16 faizə çatıb. 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarə orqanlarında qadınların təmsilçiliyi 3-4 faiz olduğu halda, indi bu göstərici 26,7 faiz səviyyəsindədir. Bələdiyyə sədrlərinin 17,7 faizi qadındır. Eyni zamanda, 85 rayon üzrə 73 icra hakimiyyəti başçısının müavini qadındır. Bundan başqa, qadın qeyri-hökumət təşkilatlarının sayı 200-dən çoxdur.
Bütövlükdə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkədə həyata keçirilən siyasətin prioritetlərindən biridir. Qadınlar üçün məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün davamlı olaraq görülən işlər bu faktı bir daha sübut edir.
- Bütövlükdə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, İƏT-nin məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq siyasi, iqtisadi və mədəni əməkdaşlıq yaratmaq, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə, yekdil fəaliyyət göstərməkdir. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra keçmiş sovetlər birliyinin müsəlman respublikaları arasında birinci olaraq İƏT-ə üzv qəbul olunmaq üçün müraciət edib və 1991-ci ilin dekabrında bu təşkilata qəbul olunub. Bundan sonra ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilat ilə fəal əməkdaşlıq münasibətləri qurub, təşkilat tərəfindən Azərbaycanın haqq işini dəstəkləyən bir sıra qətnamə və bəyannamənin qəbul edilməsinə nail olub. Ölkə Prezidenti İlham Əliyevin də xarici siyasətində Şərq amili daim önəmli yer tutub, islam ölkələri və İƏT ilə münasibətlər yüksələn xətlə inkişaf edib. Bunu ölkə başçısının islam ölkələrinə müntəzəm səfərləri, bağlanan çoxsaylı müqavilələr, İƏT-in yığıncaqlarında fəal iştirakı və bu təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qərar və qətnamələri təsdiq edir. Azərbaycan bu təşkilat çərçivəsində çox fəal siyasət həyata keçirir.
- Azərbaycanın haqq səsinin eşidilməsində, ərazi bütövlüyünün müdafiəsində İƏT-in Parlament İttifaqı da vacib rol oynayır...
- İƏT Pİ-nin əsas vəzifələri üzv ölkələrin qanunvericilik və məşvərət məclisləri arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək, bu əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün müvafiq hüquqi əsaslar yaratmaq, beynəlxalq hüquq prinsiplərini və normalarını rəhbər tutmaqla digər beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarla əməkdaşlıq etməkdir. Qeyd etmək lazımdır ki, son illər həm İƏT, həm də İƏT Pİ öz işlərində çox müsbət irəliləyişlər edir. Təsadüfi deyil ki, 2008-ci il martın 14-də Dakar şəhərində İƏT-nin yeni Nizamnaməsi təsdiq edilib. Hazırda İƏT Pİ-nin fəaliyyət qaydalarının müasir prinsiplərə uyğun təkmilləşdirilməsi, onun daha çevik, baş verən hadisələrə daha operativ reaksiya və əməli təsir göstərmək mexanizmlərinin yaradılması istiqamətində böyük işlər gedir. Bu təşkilatlar Azərbaycanın haqq işini daim dəstəkləyib, bizim ərazi bütövlüyümüzü müdafiə edən, işğalçı Ermənistanı birmənalı şəkildə qınayan, işğalçı ilə bütün əlaqələri kəsməyə çağıran bir çox qətnamə, qərarlar qəbul edib. Bütün keçirilən konfrans və şura iclaslarının yekun bəyannamələrinə bu haqda maddələr daxil edilib.
Bildiyiniz kimi İslam Əməkdaşlıq təşkilatı Gənclər Forumu üzv dövlətlərdə «Xocalıya ədalət» kompaniyası çərçivəsində Xocalı faciəsinə həsr olunmuş anma günü keçirir. Təşkilat tərəfindən Xocalı faciəsinin soyqırım aktı kimi tanınması da çox mühüm faktordur.
- Gövhər xanım, qloballaşma və sivilizasiyalararası dialoq məsələsi də bu gün Azərbaycan üçün kifayət qədər aktualdır. Sizcə, qloballaşma dövründə sivilizasiyalararası dialoq nə dərəcədə mümkündür?
- Bilirsiniz, müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyaların genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ortaq elementlərin artması ilə səciyyəvidir. Eyni zamanda, bu proseslərin gedişində daha çox Amerika və bir qədər zəif də olsa, Qərbi Avropa elementlərinin üstünlük təşkil etdiyi transmilli mədəniyyətlərin mədəni-siyasi hegemonluğunun özünü getdikcə daha bariz şəkildə göstərdiyini sezməmək mümkün deyil. Bu hal bəzi tədqiqatçıları mədəniyyətlərin inteqrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, millətlərin və xalqların qovuşaraq «superetnos» yaradacağı barədə konsepsiyalar irəli sürməyə ruhlandırsa da, digər mütəxəssisləri, əksinə, sivilizasiyaların toqquşması, Şərq və Qərb mədəniyyətlərinin dialoqunun qeyri-mümkünlüyündən danışmağa sövq edir. Hətta bəziləri belə hesab edirlər ki, hər bir sivilizasiyanın əsasında din dayanır, dini etiqad və inanclar xalqların şüurunda möhkəm kök salıb. Əslində isə hər iki konsepsiyada ifratçılığa meyil güclüdür və onlardan heç biri ilə razılaşmaq olmaz.
Təbii ki, belə bir dövrdə sivilizasiyalararası dialoq mümkündür, lakin bu dialoqun hüdudları qorunmalıdır. Bu hüdudlar isə dialoqun mənəvi-əxlaqi nöqteyi-nəzərdən məqbulluq dərəcəsi ilə şərtlənir. Bu baxımdan, dinin norma və idealları sivilizasiyalar arasında həqiqi dialoqun gerçəkləşməsi üçün daha əlverişli sayılmalıdır. Eyni zamanda, dinlər sivilizasiyalararası dialoq yolunda əsas maneə sayılan etnik separatizm meyllərini öz içərisində əridib yox etməyə çalışır. Zənnimcə, sivilizasiyalararası dialoqun səmərəli olması üçün bu dialoq öncə sivilizasiyadaxili dialoqdan başlanmalıdır: özü də dialoqa girə bilməyən sivilizasiya özgə sivilizasiya ilə dialoqa girə bilməz. Dinlərin içindəki firqə və məzhəblər bir-birilə nə qədər çox dialoqa gedə bilərlərsə, dinlər də bir-birilə bir o qədər ümumi dil tapa bilər. Digər tərəfdən, bütün sivilizasiyalarda və dinlərdə dözümlülüyə çağırış var. Bu çağırış sivilizasiyalararası dialoq işində ən yararlı vasitə kimi təbliğ edilməlidir. Bu dözümlülüyün əsas prinsipi isə o olmalıdır ki, hər bir cəmiyyətin və fərdin bu və ya digər əqidəni, bu və ya digər həyat tərzini seçmək haqqı vardır. Bu haqqa qarşı zor işlədilməsi yolverilməzdir.