MÜSAHİBƏLƏR
Avropa Şurası öz məsuliyyətsiz və ədalətsiz davranışları sayəsində beynəlxalq və regional səviyyədə nüfuzundan tamamilə məhrum olmaq təhlükəsi ilə üzləşib
- Əli müəllim, hazırda ölkə gündəminin əsas mövzularından biri Avropa Şurasının Azərbaycana qarşı qərəzli münasibəti, təşkilatın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz “seçkilərə” münasibət bildirməməsidir. Bu barədə sizin fikirlərinizi də bilmək maraqlı olardı…
- Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində bu yaxınlarda keçirilmiş sonuncu prezident və parlament “seçkiləri” işğalçı Ermənistanın və qondarma rejimin mahiyyətini tam açıqlığı ilə bir daha ortaya qoydu. Digər tərəfdən, bu məsələyə münasibətdə Avropa Şurasının mövqeyi və yaxud mövqesizliyi onun Azərbaycana qarşı ənənəvi qərəzli münasibətinin yeni bir təsdiqi oldu.
Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışında bu üzdəniraq “seçkiləri” bir şou və təlxəklər tamaşası adlandıraraq məsələyə xüsusi diqqət yönəldib və bununla bağlı AŞPA-nin mövqeyinə siyasi qiymət verib. Bu “seçkilərə” münasibətdə beynəlxalq təşkilatlar, Minsk qrupu həmsədrləri, ayrı-ayrı dövlətlər tərəfindən etiraz bəyanatları səsləndi. Hətta BBC informasiya agentliyi seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxararaq bunun bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. . Lakin AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə susmaqla AŞPA-nın mövqeyini ifadə etmiş oldular.
Məntiqə və faktlara əsaslanaraq AŞPA-nın Azərbaycana münasibətini bir neçə kontekstdən şərh etmək mümkündür. İlk növbədə, düşünürəm ki, bu, onun erməni lobbisinin təsiri altında olduğunun yeni bir sübutudur. Belə ki, Ermənistanı öz sıralarına ərköyün ailə üzvü kimi qəbul edən Avropa Şurası bu ölkədə baş verən qeyri-demokratik, kriminal hadisələrlə müşaiyət olunan proseslərə heç bir mənfi münasibət bildirmədiyi halda, fürsət düşən kimi Azərbaycanı qınaq obyektinə çevirmək üçün ən xırda, mənasız və uydurma faktları dünya ictimaiyyətinin gözünə soxmağa çalışır. Azərbaycanla bağlı məruzələrin hazırlanmasında ilk növbədə ermənipərəst deputatların rəyi əsas götürülür.
- Ermənistanda insan hüquqlarının ciddi şəkildə pozulması şəraitində qurumun hər zaman bu işğalçı ölkəyə münasibətdə loyallıq göstərməsi ciddi suallar doğurur. Eləcə də, digər bir sıra ölkələrdə də insan hüquqlarının kobud surətdə tapdanmasına Avropa Şurasının səssiz qalması hansı məqamlardan xəbər verir?
- Bəli, deyilənlərin təsdiqi kimi bir neçə faktı açıqlamaq istərdim. Məsələn, “Vahid Ermənistan" Partiyasının sədr müavini və "Haynews.am" saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb, lakin Avropa Şurası və AŞPA buna heç bir reaksiya verməyib. Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Tovmasyanı siyasi təqiblərə məruz qoyan, siyasi məqsədləri naminə sabiq dövlət başçısı Koçaryanı həbsxanaya salan, Serj Sarkisyanı istintaq altında saxlayan, bir sözlə, siyasi məhbuslar məsələsində ön çərgədə gedən Ermənistana qarşı heç bir sərt reaksiya göstərmir.
Təsadüfi deyil ki, ölkəmizin başçısı AŞPA-nı ikili standartların ən geniş vüsət aldığı regional platforma adlandırıb. Biz istər başqa-başqa ölkələrdə keçirilən seçkilər, istərsə də insan hüquqları ilə bağlı digər məsələlərdə Assambleya tərəfindən sərgilənən münasibətlərin kökündə həmişə fərqli prinsiplərin dayandığının şahidi olmuşuq. AŞPA Azərbaycanda heç bir əsası olmayan siyasi məhbus məsələsini hər dəfə hər vəchlə qabardaraq ölkəmizə qarşı bunu təhdid vasitəsinə çevirib. ABŞ-ın Minneapolis şəhərində çoxsaylı insan ölümü ilə nəticələnmiş hadisələrdə polislərin insanlarla vəhşicəsinə davranışını görməzdən gələnlər Azərbaycanda ictimai asayişi və sabitliyin bərpasına yönəlmiş qanuni tədbirləri qeyri-demokratik adlandıraraq ciddi tənqid predmeti kimi istifadə edirlər. Faşist Qaregin Njdeyə Ermənistanın paytaxtında heykəl qoyulmasına aidiyyəti qurumların reaksiya verməməsini və onların erməni əsirliyində olan sülh niyyətli iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə biganə qalmasını məhz ikili standartlarla izah etmək mümkündür.
Başqa bir fakt. Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili və müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixiel Saakaşviliyə qarşı cinayət işi açılıb. Avropa Şurası isə susub. Başqa bir fakt isə Ukrayna ilə bağlıdır. 2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb, lakin Avropa Şurası bu məsələ ilə bağlı heç bir qətnamə qəbul etməyib. Fransada “sarı jiletlilər”in aksiyalarını və Avropaya üz tutmuş miqrantlara münasibəti də bu qəbildəndir. Belə misallar yüzlərlədir.
- Avropa Şurası və onun Parlament Assambleyası tərəfindən konkret ölkələrə qarşı qərəzli münasibət göstərilir. Bu faktı hansı amillərlə izah edərdiniz?
- Qeyd edim ki, Azərbaycanın Avropa Şurasının, AŞPA-nın ədalətsizliyi ilə üzləşdiyini, bu qurumların hədəfinə çevrildiyini Türkiyə, Rusiya kimi digər ölkələr də açıq bəyan edir. Bildiyiniz kimi, bir neçə il öncə Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞPA sonrakı mərhələdə bu ölkənin dalınca qaçdı və öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Azərbaycan da beynəlxalq aləmdə ciddi dəstəyi olan müstəqil bir dövlətdir və heç bir qurumun əlində siyasi alət kimi istifadə olunmasına imkan verməyəcək.
“Siyasi məhbus” məsələsi Azərbaycana təzyiq vasitəsi kimi hər zaman AŞPA-nin əlində silah kimi istifadə olunur. Prezident İlham Əliyev bunu Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri kimi dəyərləndirmişdir. Görünən odur ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda “siyasi məhbuslarla” bağlı qondarma hesabatı iflasa uğrayandan sonra AŞPA öz məğlubiyyətini unuda bilmir. Ona görə də mühüm siyasi məqamlarda bu məsələni yenidən gündəmə gətirməklə aranı qarışdırmağa çalışır. 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanda “siyasi məhbuslarla” bağlı qəbul edilən qətnamənin açıq şəkildə qərəzli və ədalətsiz olduğu ondan bəllidir ki, törətdikləri cinayətlərə görə aldıqları cəzalarını çəkmiş və ya əfv olunaraq artıq azadlığa çıxmış şəxslərin azad olunmaları və siyasi məhbus kimi taninmaları tələb olunur. Bu, sadəcə absurddur.
Azərbaycana qərəzli münasibətin əsas səbəblərindən biri islamafobiyadır. Prezident İlham Əliyevin söylədiyi kimi, Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi fonunda AŞPA-da bəziləri bu qurumun sırf “xristian klubu”na çevrilməsini arzulayırlar. AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasəti ölkəmizə qarşı antipatiyanın və islamafobiyanın tərkib hissəsinə çevrilməkdə olan azərbaycanafobiyanın təzahürüdür. Yeri gəlmişkən, buradan Türkiyənin Avropa Birliyinə buraxılmamasının da əsas səbəblərindən birini görmək mümkündür.
Çoxsaylı beynəlxalq müşahidəçilərin bu ilin 9 fevral tarixində ölkəmizdə keçirilmiş parlament seçkilərini demokratyanın inkişafında mühüm addım kimi dəyərləndirmələrinə rəğmən AŞPA-nın seçkilərdən öncə Azərbaycanla bağlı qətnamənin qəbulu üçün vaxtın seçilməsi çox mətləblərdən xəbər verir.
Belə təəssürat yaranır ki, bütün dünyanı lərzəyə gətirmiş koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın digər ölkələrə nümunə olduğu şəraitdə belə ölkəmizin uğurlarına qısqanclıqla yanaşan və “beyni”nin də koronavirusa yoluxduğu AŞPA öz davranışları ilə Azərbaycana qarşı qeyri-sağlam niyyətlərindən vaz keçə bilmir.
- Əli müəllim, necə hesab edirsiniz, fəaliyyətində bu səviyyədə qərəzli mövqe və riyakarlıq nümayiş etdirən bir təşkilatın dünya ictimaiyyətinin qarşısında öz rolunu qorumaq imkanı varmı?
- Bu qurum öz məsuliyyətsiz və ədalətsiz davranışları sayəsində beynəlxalq və regional səviyyədə nüfuzundan tamamilə məhrum olmaq təhlükəsi ilə üzləşib. Prezident İlham Əliyev də bu ilin əvvəllərindəTürkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu barədə demişdir ki, təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Onun nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Çünki onun qəbul etdiyi qərarlar çox zaman qərəz üzərindən verilir. Ona görə də, onun fəaliyyəti nəinki Avropa məkanı və cəmiyyəti üçün, heç onun parlamentariləri üçün də əhəmiyyətsiz görünür və məsələlərin müzakirəsi formal şəraitdə, iştirak sayının minimal həddində keçir. Azərbaycana qarşı münasibətdə isə belədir ki, məsələnin hansı yöndən təqdim olunmasına baxmayaraq, sonda əvvəlcədən hazırlanmış bəyanatlar mövcuddur. Ölkəmizə qarşı atılmış mifik “Azərbaycan landromatı” söhbəti şər və böhtan olmaqla yanaşı, həm də AŞPA-nın daxilindəki inamsızlıqdan və qeyri-səmimi münasibətlərdən doğan neqativ keyfiyyətlərin göstəricisidir.
AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini dilə gətirib. Məsələ burasındadır ki, 2001-ci ildə Avropa ailəsinin üzv olan Azərbaycan o zaman öz üzərinə götürdüyü bütün öhdəlikləri həmişə yerinə yetirib. Lakin qarşı tərəf erməni lobbisinin təhriki ilə manipulyasiyalar edərək əsassız tələblər irəli sürməyə və bununla da Azərbaycanı idarə etməyə cəhd göstərir. Öz inkişafına görə yeni nəsil müstəqil dövlətlər içində layiqli yer tutmuş və bütövlükdə Avropa məkanı üçün çox əhəmiyyətli mövqeyə qalxmış Azərbaycan isə belə qeyri-adekvat münasibətlə razılaşa bilməz. Bu məqamda Ulu Öndər Heydər Əliyevin AŞPA-nın əsassız təhriklərinə cavab olaraq söylədiyi bir fikri xatırladım: “ Avropa Şurası bizə bizim ona lazım olduğumuzdan artıq lazım deyil”.
Əsas qənaətlərdən biri budur ki, Azərbaycan dövləti bütün istiqamətlərdə dinamik inkişaf etməkdə davam edir və onun beynəlxalq aləmdə öz layiqli yerini qoruya biləcəyinə şübhə yoxdur. Bu yaxınlarda cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Türk Şurasının Zirvə görüşü və 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirlərinin iştirak etdiyi Qoşulmama Hərəkatının fövqəladə toplantısı ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.