MÜSAHİBƏLƏR
Azərbaycan Hökuməti ötən il ərzində çox səmərəli fəaliyyət göstərmişdir
-Ağalar müəllim, bu gün Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabat dinlənilib. Bu hesabatı necə qiymətləndirirsiniz?
-Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən irimiqyaslı köklü islahatlarla əlamətdar olmuşdur. Zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən Nazirlər Kabinetinin hesabatı zənnimcə yüksək peşəkarlıqla mükəmməl hazırlanmışdır.
Hesab edirəm ki, sürətlə dəyişən yeni çağırışlar şəraitində son 16 il müddətində cənab Prezidentin ardıcıl həyata keçirdiyi islahatların nəticəsində ölkəmizin hərtərəfli inkişafının bütün parametləri və aspektləri hesabatda dolğun şəkildə öz əksini tapmışdır. Heç şübhəsiz ki, 2019-cu ildə ağır geosiyasi və geoiqtisadi mənzərə fonunda Azərbaycanın davamlı inkişafının, makroiqtisadi və maliyyə dayanıqlığının, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşayışının təmin edilməsi hökümətin səmərəli fəaliyyətinin başlıca prioritetləri kimi səciyyələndirilməlidir.
Eyni zamanda milli iqtisadiyyatımızın rəqabətqabliyyətli və ixracyönümlü istiqamətlərdə stimullaşdırılması və şaxələndirilməsi, sənayeləşmənin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi, özəl sektorun təşviqi və investisiya mühütinin yaxşılaşdırılması olduqca müsbət məqamlar kimi dəyərləndirilməlidir.
-İnkişaf göstəriciləri statistik rəqəmlərdə öz əksini necə tapır?
-Hörmətli Baş Nazirin ətraflı məruzəsindən göründüyü kimi, ölkə rəhbərinin göstərişlərini əsas tutaraq hökumət hesabat ilində iqtisadi inkişafla sosial tərəqqi arasında əlaqənin daha da möhkəmləndirilməsini və əhalinin rifahının yaxşılaşdırılması imkanlarından səmərəli istifadə edilməsini bilavasitə diqqət mərkəzində saxlamışdır.
Həyata keçirilən davamlı siyasi, iqtisadi, sosial, kadr və struktur islahatları sayəsində 2019-cu ildə çoxşaxəli inkişafımız daha da sürətlənmiş, ümumi daxili məhsul real ifadədə 2,2 faiz artaraq 81,7 milyard manat, onun adam başına düşən payı 1,4 faiz artaraq 8 247 manat və ya 4 851 dollar təşkil etmiş, qeyri-neft sektoru 3,5 faiz, sənaye 1,5 faiz, qeyri-neft sənayesi 14,3 faiz, kənd təsərrüfatı isə 7,2 faiz artmışdır.
İl ərzində valyuta ehtiyatlarımız 14,2 faiz və ya 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatmışdır. Hazırda valyuta ehtiyatlarımız xarici dövlət borcunu 5 dəfədən çox üstələyərək ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu da dünya miqyasında 9-cu göstəricidir.
Cənab Prezidentin təşəbbüsü ilə keçən il 4,2 milyon insanı əhatə edən və dəyəri 2,3 milyard manat olan iki böyük sosial paketin reallaşdırılması sayəsində müavinətlərin, təqaüdlərin və əmək haqlarının çox əhəmiyyətli dərəcədə artırılması bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmış, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkəsi siyahısına salmış və hazırda ölkəmiz inkişaf templərinə görə dünya miqyasında 35-ci yerdə qərarlaşmışdır.
Nazirlər Kabinetinin fəaliyyəti kontekstində ölkənin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətli sfera kimi inşaat kompleksində görülən işlərə ayrıca toxunmaq istərdim. Belə ki, 2019-cu ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi sərmayənin 65,4 faizini təşkil edərək 11 milyard 245 milyon manat olmuş, il ərzində nəzərdə tutulan bütün infrastruktur layihələri icra olunmuş, bir sıra sosial və istehsal təyinatlı obyektlər istifadəyə verilmiş, 60 tibb müəsissəsi, 84 məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir.
Sevindirici haldır ki, ümumi inşaat işlərinin 82,9 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən icra olunmuşdur. Hesabat ilində həmçinin ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilmişdir.
İqtisadiyyatımızın digər sahələri ilə yanaşı, inşaat sektorunda əhəmiyyətli inkişafın müşahidə olunması, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsinin çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilməsi fikrimcə çox təqdirəlayiq haldır.
-Genişmiqyaslı inkişaf prosesi millət vəkili kimi təmsil etdiyiniz bölgədə özünü hansı səviyyədə göstərir?
-Azərbaycanın son illərdəki sürətli inkişafını sərhədyanı bölgə kimi hər zaman cənab Prezidentin diqqəti və qayğısı ilə əhatə olunan və millət vəkili kimi təmsilçisi olduğum 97 saylı seçki dairəsinə daxil olan Goranboy rayonunun timsalında da aydın görmək olar.
Təkcə bir faktı vurğulayım ki, sonuncu dəfə cari ilin martın 2-də olmaqla möhtərəm Prezidentimiz Goranboy rayonuna 7 dəfə səfər etmiş, müxtəlif təyinatlı obyektlərin açılışında iştirak etmiş və bu bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn 22 sərəncam imzalamışdır.
Seçicilərimin ölkə rəhbərinə ünvanlanan çoxsaylı minnətdarlıq hisslərini ifadə edərək böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, hökümətin 2018-ci il üzrə hesabatının Milli Məclisdə müzakirəsi zamanı 13 təhsil və 6 səhiyyə müəssisəsinin əsaslı təmiri və tikintisi, eləcə də rayonun elektrik şəbəkəsinin SİP kabelləşdirilməsi və telefon qovşağı xətlərinin yenilənməsilə bağlı qaldırdığım məsələlərin bir çoxu icra olunması üçün müvafiq dövlət proqramına salınmışdır ki, buna görə Nazirlər Kabinetinə dərin təşəkkürümü bildirirəm.
Bununla belə, rayonun həlli vacib olan bəzi problemləri hələ də qalmaqdadır ki, hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək onları səsləndirmək istərdim. Belə ki, Goranboy rayonunun 8 kəndinin, o cümlədən Yuxarı Ballıqaya, Börü, Buzluq, Erkəc, Mənəşli, Todan, Gürzallar, Qazançı kəndlərinin qazlaşdırılmasına, bir çox yaşayış məntəqələrinə isə içməli su xəttlərinin çəkilməsinə ciddi ehtiyac vardır. Ümüdvaram ki, sadaladığım bu problemlərin həlli istiqamətlərində Nazirlər Kabinetinin müvafiq qurumları tərəfindən əməli tədbirlər görüləcəkdir ki, bu da son nəticədə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə böyük töhfə olacaqdır.
-Ağalar müəllim, hazırda Azərbaycan Hökuməti koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sistemli tədbirlər həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?
-Azərbaycanın son illərdəki inkişaf modelinin əsas qayəsi ondan ibarətdir ki, uğurla həyata keçirilən dövlət siyasəti ölkəmizin güclü dövlətə çevrilməsinə və xalqımızın rifahının yüksəldilməsinə hesablanmışdır.
Konseptual baxımdan bütün uğurlarımızın əsasında cənab Prezidentin sistemli və balanslaşdırılmış daxili və xarici siyasəti, onun xalqımız tərəfindən dəstəklənməsi, tükənməz vətəndaş etimadı və sarsılmaz iqtidar-xalq birliyi dayanır.
Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün qətiyyətlə inanır ki, hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətlərində hörmətli dövlət başçımızın bilavasitə dəstəyilə həyata keçirilən qabaqlayıcı tədbirlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi öz müsbət nəticələrini verəcək, xalqımızın sağlamlığı bütövlükdə mühafizə olunacaq və bu qorxunc xəstəliyin cəmiyyətimiz üçün törədə biləcəyi bütün fəsadlar tezliklə aradan qaldıralacaqdır.
Əminəm ki, Nazirlər Kabineti qarşıda duran bu və digər vəzifələrin, eləcə də cənab Prezindentin gələcək inkişafımızın yeni hədəflərilə bağlı imzaladığı fərman və sərəncamların, göstəriş və tapşırıqların icrasını layiqincə təmin edəcəkdir.