MÜSAHİBƏLƏR
Novruz yaranış, oyanış və yeniləşmə bayramıdır
- Ramazan müəllim, qarşıdan xalqımızın ən gözəl bayramlarından biri olan Novruz gəlir. Folklorşünas alim olaraq bu bayramın tarixi haqqında fikirlərinizi bilmək istərdik...
- Qeyd edim ki, qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın mənbəyinə - günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər. İşıq - istilik - canlılıq Xeyrin, qaranlıq - soyuq - ölüm isə Şərin əlamətləri sayılmışdır. Əsas tapınaqları təbiət və onun hadisələri olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyrə, Şərə yozulmuşdur. Xeyirin zamanı yazın gəlişi ilə başlayır.
Göydən düşən işığın, nurun bəşər oğlunun doğuşunun əzəlində, körpəliyində təfəkküründə, ilkin dünyagörüşündə açdığı izlər o qədər təsirli və dərin olmuşdur ki, minilliklər, uzun əsrlər ötüb-keçsə də, unudulmamış, adət-ənənələrin, mədəniyyət amillərinin hər birinin mayasına hopmuşdur. Lap başlanğıcdan odun kəşfi ilə əbədiləşdirilmiş və mərasimləşərək tonqalla rəmzləşdirilmişdir. Göyə məxsus işığın, istiliyin yerdə nişanəsi əvvəl mağaralardakı, sonralar isə çadır-otaqlardakı ocaq idi. İnsanların ocaq başına toplaşması dünyanın əbədi işığından içəriyə istilik, nur çəkməyə bərabər tutulurdu. Və bəşər oğlunun dünyabaxışı, əqidəsi dəyişdikcə həmin işığın da məğzi, məna tutumu genişlənmiş, nəhayət, Vahid yaradıcının Nuruna qovuşmaq şəklində kodlaşmışdır. İlahi İşığın, istiliyin - İlaxır - Novruz bayramının təməli insanın təbiətə tapınmasında qoyulsa da, ocağın vətənləşməsi, yurdlaşması, övladla əlaqələnməsi sonralar əcdad kultunun əsas amili kimi yaddaşlara hopması ilə nəticələnmişdi. Əski Türk təqviminin ilk ayının adının “Ocaq” adlandırılması məhz bu inamla bağlıdır.
«Novruz bayramı» ensiklopediyasında deyilir ki, Novruz – ilin yeni, başlanğıc günü deməkdir. Günəş təqviminə əsaslanan astronomik yazın – baharın ilk günüdür. Dini və dünyəvi baxışlarından, dünyagörüşündən asılı olmayaraq, dünyanın bir çox xalqı Novruzu yeni həyatın canlandığı ilk gün kimi qeyd edir. Azərbaycanın Rusiya tərəfindən işğalına (1813, 1828) qədər ölkəmizdə təzə il martın 21-dən başlanırmış. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanında da yeni ilin Novruz bayramından başlanması haqqında qərar verilmişdir. 1920-ci il bolşevik Rusiyası işğalı yeni ilin Novruz bayramından başlanmasını yasaq etmişdir.
Novruz bayramı Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki «Novruz» topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən – Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılmışdır. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə, İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur.
Novruz bayramının etnik-milli və etnolinqvistik coğrafiyasına gəlincə, Novruz bayramı, əsasən, üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlılar, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və s. xalqlar arasında yayılmışdır. Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.
- Novruz bayramının əsas özəllikləri nədən ibarətdir?
- Qeyd edim ki, Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir.Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.
Novruz bayramı özünün ritual-mifoloji strukturuna görə təqvim bayramıdır. Miladi təqvimi ilə mart ayının müxtəlif günlərinə (əsasən 21 mart) təsadüf etməklə qışın, köhnə ilin qurtarmasını, yazın, yeni ilin gəlişini bildirir. Bu bayramın funksional strukturunun əsasında təbiətin zamanla dəyişməsi (qışın yazla əvəz olunması) ritmi durur. İnsan təbiətin üzvi struktur elementi kimi öz tarixinin mifoloji-kosmoqonik başlanğıc nöqtəsindən təbiətin bu teokosmik-sinergetik ritminə köklənmiş, onu «Novruz» – «Yeni gün» adlandıraraq bütün tarixi boyunca həmin ritmlə kosmoloji harmoniyada yaşamışdır.
Bu bayramın konseptual strukturunun əsasında bütün varlıq aləminin (insanın, canlı və cansız təbiətin) yaradılması ideyası durur. Bütövlükdə yenidən yaradılmanı – kosmoqoniyanı özündə ehtiva edən bu bayram varlığın bütün ünsürlərinin (ilk insan, ilk predmet, ilk zaman), ilkin stixiyaların necə meydana çıxması haqqındakı ilkin mifoloji təsəvvürləri təcəssüm etdirir. Bu bayram bütün sonrakı tarixi-mədəni transformasiya, modifikasiya, şəkil və forma dəyişmələrinə baxmayaraq, mifogenezi (mifoloji-kosmoqonik başlanğıcını – mənşəyini) simvolik-metaforik strukturlar səviyyəsində qorumaqda davam edir.
- Bəs Novruz bayramının fəlsəfi mahiyyəti barədə nə deyə bilərsiniz?
- Novruz bayramının fəlsəfi mahiyyətinə gəlincə, Novruz bayramı varlığın yenidən yaradılması haqqında ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümüdür. Bayramın fəlsəfi konsepsiyasına görə məkan və zaman sistemi (kosmoloji kontinuum) müqəddəs (sakral) və adi (profan) olmaqla iki qatdan təşkil olunur. İlk insan (əcdad), onun ilk əşyası, ailəsi, övladları, yaşadığı ilk zaman sakral sferanı, bütün onlardan törəyənlər profan sferanı təşkil edir. Profan həyat yaşayan insanların həyat və yaşam dinamikası ilk əcdadın ilk zamandakı sakral yaşam presedentlərini özündə təkrarlayır. Profan sferanın sakral sfera ilə ünsiyyəti rituallar vasitəsi ilə reallaşır. Müqəddəs dəyərləri özündə təcəssüm etdirən Novruz bayramı insanların həyat və psixologiyasında il ərzində köhnələrək mənfiləşən keyfiyyətləri yeni müqəddəs dəyərlərlə əvəz etməklə insanı və onun dünyasını yenidən yaradır. Bu baxımdan, Novruz bayramı modern fəlsəfi dünyagörüşləri kontekstində etnosistem və onun daxil olduğu digər sistemləri öz içinə alan ekosistemin sinergetik özünütəşkil, autopoyetik özünüyaratma mexanizmi kimi də səciyyələnə bilər.
Novruz bayramının sosial-psixoloji mahiyyəti isə ondan ibarətdir ki, bu bayram onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır. Bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranması əsas şərtdir. Biri-biri ilə küsülülükdə, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailə, kənd və s. etnik vahidlər hökmən barışmalı, onlar arasında sülh yaranmalıdır. İl ərzində cəmiyyətin sosial strukturunda yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq sakral sosial-psixoloji harmoniya ilə əvəz edilir. Həmin harmoniya istisnasız olaraq sosial-siyasi sistemin bütün struktur səviyyələrini əhatə edir. Bu baxımdan, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyası durur.
- Ramazan müəllim, Azərbaycan dövlətinin Novruz bayramının yüksək səviyyədə qeyd edilməsi və təbliğ olunması istiqamətindəki siyasətini necə qiymətləndirirsiniz?
- Təbii ki, dövlətimiz bu bayrama böyük önəm verir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramı milli bayram statusu alıb. Həmin tarixdən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. Hər il xalqımız bu bayramı böyük coşğu ilə qeyd edir. 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir.
Bir daha qeyd etmək istəyirəm ki, Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır.
Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığin yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyatımıza daxil olmuş, insanlara aydın və isıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Əsrlər boyu Novruz bizim üçün təbiətin və ana torpağın oyanması, baharın gəlişi olmaqla yanaşı, həm də barış və saf niyyətlər bayramı olmuşdur”.
Bütövlükdə, Novruz – törəyiş, yaranış, oyanış, yeniləşmə bayramı olaraq dərin köklərə söykənən qədim ənənələri üzə çıxarır və türkün yenilməzliyini, birliyini, işığa, xeyirə meylliliyini bütün dünyaya bir daha əyani şəkildə nümayiş etdirir.