YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün Azərbaycan qadını ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir

Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova

- Hicran xanım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edərək qeyd etmişdir ki, “Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır”. Siz, bu fikirləri necə şərh edərdiniz?

- Mən ilk növbədə qeyd edim ki, hər il olduğu kimi,  Beynəlxalq Qadınlar  Günü ərəfəsində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ənənəvi olaraq  Azərbaycan qadınlarını həm təbrik edir, həm də respublıkamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadına Vətənin yüksək mükafatı və fəxri adların verilməsi ilə bağlı Sərəncam imzalayır. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer  tutan qadınlarımızın fəaliyyətinə  ölkə başçısı tərəfindən  verilən  yüksək dəyərin və dövlətimizin  qadınlara göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Umid edirəm ki, hər birimiz bu etimadı doğruldacayıq və bu işimizin keyfiyyətini və peşəkarlığını daha da inkişaf etdirmək üçün əlavə stimul olacaq. Ölkə rəhbərinin bu günlə bağlı  biz  qadınlara ünvanlanan müraciəti dövlət qayğısının və diqqətinin ən gözəl ifadəsidir. Çox az ölkə tapılar ki, orada dövlət başçısı qadınları təkcə 8 Martda deyil, peşə bayramlarında da, yubileylərində də yüksək mükafat və fəxri adlarla təltif etsin. Ölkə və eləcə də, dünya tarixində yer tutan ədəbiyyat, mədəniyyət, elm və ictimai xadim olan qadınlarımızın fəaliyyəti həmişə dövlət səviyyəsində qeyd olunur.

Bəli, qadın-böyük qüvvədir. Biz bunu tariximizin hər bir dövründə görə bilərik. Bu yerdə Ümummilli Liderimiz Heydər Əliyevin fikirlərini  qeyd etmək istərdim.  O deyirdi ki,  “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.  Bəli, bu həqiqətən də belədir, Azərbaycan qadınının  istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında  misilsiz xidmətləri olub və bu  gün də var.

- Biz tarixdə yaşamış və yaratmış qadınlar haqqında oxuyuruq, öyrənirik. Bəs müasir dövrdə qadının rolunu necə qiymətləndirirsiniz?

- Hər bir gün əslində tarixdir. Əgər biz müstəqillik dövründən indinki günlərə qədər olan tarixi təhlil etsək, əldə etdiyimiz nəticə ondan ibarətdir ki, qadınlar hər zaman öz hüquqlarını reallaşdırmaq üçün, dövlətimizin inkişafı üçün öz töhfələrini vermişlər. Hər bir dövlətin, xalqın inkişafında əsas hərəkətverici qüvvələrdən biri qadındır. Bu baxımdan qadına olan münasibət, onun hüquqlarının qorunması həm də həmin xalqın inkişaf tarixində özünü ifadə edir.  Biz müstəqilliyimizi çox çətin və mürəkkəb bir şəraitdə əldə etmişik. Və bu mübarizədə qadınlar da öz üzərinə düşən məsuliyyəti dərk edərək, fəaliyyət göstəriblər.

1993-cü ildə, tariximizin həlledici dövründə  Ulu Öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi  bu istiqamətlərin də  inkişafına  güclü stimul verdi. O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadığından 1994-cü il sentyabrın 19-da  Heydər Əliyev “Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman  imzaladı.  Dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının  nümayəndələrindən ibarət Milli Komitə tərəfindən bu ərəfədə qadınların cəmiyyətdəki statusunu artırmağa və cinslər arasında bərabərliyə nail olmağa yönəlmiş bir sıra tədbirlər - konfranslar, dəyirmi masalar, müzakirələr, sərgilər təşkil olundu.   Nəhayət, 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. Pekin Konfransına ilk adekvat cavabı Azərbaycan verdi. Bu konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artdı və onların problemlərinə digər ölkələrdə olduğu kimi Azərbaycanda da diqqət və maraq çoxaldı.

Bu il dünya birliyi Qadınlar üzrə Dördüncü Dünya Konfransı və Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) qəbul edilməsinin iyirmi beşinci ildönümünü qeyd edəcəkdir. Və bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Eyni zamanda, onlar digər qadınlarımızın cəmiyyətdə fəallıq göstərmələrinə təkan vermişlər.  Qeyd etmək lazımdır ki, Pekin Bəyannaməsi və Fəaliyyət Platforması  Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün vacib bir mərhələdir. Buraya daxil olan strateji istiqamətlər  DİM-də ayrıca olaraq 5-ci məqsəd və  həmçinin digər məqsədlərdə də göstərilib. 

Müasir Azərbaycan qadın hərəkatı tarixində ən mühüm mərhələlərdən  1998-ci ildə  Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitənin yaradılması oldu.  Öz müstəqilliyini elan etdikdən sonra  ölkəmiz bir sıra  Konvensiylara, o cümlədən, 1995-ci ildə  BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulmuşdur. Davamlı olaraq milli qanunvericilik təkmilləşdirilmiş və gücləndirilmişdir. "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında”  imzalanan sərəncamlar  qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli  Fərmanı ilə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu fikrin əməli təcəssümüdür. 2006-ci ildə cənab Prezident  İlham Əliyev  “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” çox mühüm  Qanun imzaladı.  Həmin Qanuna əsasən Azərbaycan qadınları  çox geniş hüquqi təminatlar əldə etdilər, kişi  və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində  bərabər  təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu.

 Lakin qeyd etmək lazımdır ki, bu Qanunun qəbul olunmasında Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə,  İnzibati Xətalar Məcəlləsinə  edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Azərbaycan Respublikasının qadınları təşkilatlanaraq problemləri müzakirə edir,  bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır.  Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü -cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir.

Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların  sıravi və ya  Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir.  Məsələn, Yeni Azərbaycan Partiyasının qadın  üzvlərinin sayı ildən ilə artır.  Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır.  Siyasi partiyalarda və qeyri - hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması cox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərglənirlər. Bu gün bütün qurumlarda gender fokul-pointlər var və onlar təmsil etdikləri  qadınların  problemlərinin  həllində  öz müsbət töhfələrini verirlər.

- Hicran xanım, siz qadınlara yaradılan imkanlardan bəhs etdiniz. Bu fikri bir qədər davam etdirərək hazırkı dövlət qadın siyasətini, ölkəmizin bu sahədə apardığı işləri necə qiymətləndirərdiniz?

-   Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev həmişə qeyd edir ki, “bizim siyasətimizin mərkəzində vətəndaş dayanır”.  Bu vətəndaş kimdir, əlbəttə ki, kişilər, qadınlar,  ahıllar, uşaqlar, gənclər. Möhtərəm Prezidentimizin  uğurlu dövlət idarəçiliyi, Onun başçılığı ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlmişdir. Xüsusilə vurğulamalıyıq ki, ölkənin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Hətta mən deyərdim ki,  2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Sosial infrastrukturun inkişafı göz önündədir. Nə qədər məktəb, tibb müəssisəsi, idman və gənclər mərkəzləri əsaslı təmir edilib və ya yenidən tikilib. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq  edirlər. Cənab Prezidentin  təşəbbüsü ilə, yaddan çıxmış və artıq tarixə çevrilən bir çox sahələrin yenidən dirçəldilib. Baramaçılığın, pambıqçılığın, tütünçülüyün, əkinçiliyin, üzümçülüyün, xalçıçılığın yenidən inkişafı həm də qadınlarımızın məşğulluğuna müsbət təsir göstərir.

Həyata keçirilən  dövlət siyasət nəticəsində aztəminatlı, ünvanlı sosial yardım alan,  riskli ailələrdən olan, eləcə də kənd və rayonlarda yaşayan  xüsusi həssas yanaşma tələb edən qadınların məşğulluğunun artırılması üçün müxtəlif sahələrdə onların biznesə cəlb olunmalarını sürətləndirir. Qəbul olunmuş bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır.Hökumət Gələcəyə Baxış İnkişaf Konsepsiyasına əsaslanaraq   və  BMT-nin  Dayanıqlı İnkişaf Məqsədlərinə  dayanaraq, gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi sahəsinə xüsusi diqqət yetirir. Cari ildə  qadın hüquqları və gender bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, erkən nikahlar, məişət zorakılığı və reproduktiv sağlamlıq haqqında maarifləndirmə,  qadınlar arasında  sahibkarlığın inkişafı və məşğulluğun artırılması istiqamətində peşə kurslarının, maliyyə savadlılığı təlimlərinin keçirilməsi, qadınların əl işlərindən ibarət satış sərgilərinin təşkili, gender məsələləri üzrə məsul şəxslərlə işin aparılması sahəsində işlər görülüb.

- Qadın sahibkarlığının inkişafı bu gün  bütövlükdə ölkənin iqtisadi artımına necə töhfə verir?

- Ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın  yüksəldilməsində qadınlarımızın xüsusi rolu vardır. Müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın  daha dinamik hissəsini təşkil edir. Azərbaycanda  qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.   Ölkə başçısı cənab İlham Əliyevin  və  Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın  diqqət və qayğısı ilə son illərdə ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. 2019-cu il oktyabr 1-inə olan məlumata görə qeydiyyatda olan qadın sahibkarların sayı  196 min 30 nəfərdir. 2012-ci ildə bu rəqəm  73 min 469 olub. Son 7 ildə qadın sahibkarların  sayı üç dəfəyə qədər artıb. Bu ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması, onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töfhə verə bilməsinə şərait yaratmaqdır. Buna nail olmaq üçün kiçik və orta biznesin dəstəklənməsi prosesində gender ehtiyaclarının ödənilməsi üçün kompleks qiymətləndirmələr aparılır.

Qarşıda dayanan vəzifələrdən biri də   sahibkar qadınlarımız üçün  yeni bazarlara çıxış imkanlarının yaradılması,  öz işlərini daha da genişləndirmələridir.  Buna görə də həm yerli, həm də beynəlxaq səviyyədə  əlaqələr qurulması, şəbəkələr yaradılması çox vacibdir. Bu məsələlər bütün səviyyələrdə qaldırırılır. Bildiyiniz kimi,  Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir.  Bir sıra layihələr Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF),  Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəstəyi ilə reallaşır. Bu gün sahibkar qadınlarımız digər  ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar. Bundan əlavə, qadın sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər”  mövzusunda Beynəlxalq Forum keçirilib və yekun Bəyannamə qəbul edilib.

- Kənd yerlərində yaşayan qadınların sosial və iqtisadi həyatda iştirakçılığı sahəsində aparılan işlər barədə Azərbaycanın təcrübəsi ilə bağlı da  fikirlərinizi fikirlərinizi bilmək istərdik...

- Qlobal çağrışlardan biri də, kənd yerlərində  yaşayan qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi  və  sosial  həyatda iştirakının təmin edilməsidir. Ölkəmizdə əhalinin ¼-ni təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir. Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Layihə Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Masallı, Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhəri Xəzər  rayonlarında olmaqla2011-2019-ci illərdə 9 Qadın Resurs Mərkəzi açılıb.Mərkəzlərdə qadınlar üçün “Mühasibatlığın əsasları”,  “Maliyyə bacarıqları və ailə büdcəsinin tənzimlənməsi” ,  “QHT yaradılması və idarə  olunması“, “DİM haqqında məlumatlandırma və vəkillik”, “DİM-lərin monitorinqi və qiymətləndirilməsi”,  “Maliyyə savadlılığı, maliyyə risklərinin idarə olunması və ailə büdcəsinin hazırlanması”, “Həyati bacarıqlar, təqdimat bacarıqları və CV-lərin hazırlanması”,  “Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək”,  "Öz biznesini qur və inkişaf etdir ", “Fotoqrafın gözü ilə Dayanıqlı İnkişaf Məqsədləri”, "Kompyuter bacarıqları" “Limitli resurslarla biznesin qurulması” “Biznes Plan nədir”, “Kompüter operatoru”, "Qadın sahibkarlığının özəl sektorunun dəyər zəncirində iştirakının təşkili", “Reklam və marketinq”, “Kommersiya” və “Marketinq”, “Kəndli qadınların məlumatlara və xidmətlərə çıxışının gücləndirilməsi” mövzularında təlimlər keçirilib. Bu mərkəzlər ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır və kənd  qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönəlir. Qadın Resurs Mərkəzləri məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət göstərir.   Onlarla aparılan işin nəticəsində bu gün artıq 265  qadın şəxsi biznesini yaradıb. Bütövlükdə  Mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi yaradılıb. Bu təcrübəni beynəlxalq təşkilatlar çox müsbət qiymətləndirilər.

Eyni zamanda, İnformasiya və Kommunikasiya Texnologiyalarının respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı,  yoxsulluq və işsizliyin azaldılması üçün əlverişli vasitə olaraq qəbul edilir.Və əlbəttə ki, bu prosesdə qadınlarımızın da öz payı var. Bizim bir çox tanınmış tədqiqatçı qadınların, eləcə də gənc qızlarımızın adı elmə verdikləri töhfələrə görə dünyanın məşhur alim qadınlarının adları ilə yanaşı çəkilir.

- Hicran xanım, qadınların sülh və münaqişələrin həllində rolu nədən ibarətdir?

- Tarixən Azərbaycan qadınları cəmiyyətin nəinki elmi-mədəni, həm də ictimai-siyasi həyatında fəal rol oynamış,  bir sıra problemlərin həllində yaxından iştirak etmişlər.  Bu gün də hər bir azərbaycanlı qadını xalqımızın ən ağrılı problemi olan  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi işində öz səylərini əsirgəmirlər. Hələ 1995-ci ildə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 39-cu sessiyasında, Azərbaycan “Hərbi münaqişələr zamanı, sonradan həbs edilənlər də daxil olmaqla girov götürülmüş qadın və uşaqların azad edilməsi” üzrə qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu qətnamə müvafiq olaraq 1996, 1997, 1998, 1999, 2000, 2001, 2003, 2004, 2006 və 2008-ci illərdə Komissiyanın sessiyalarında qəbul olunmuşdur. 2000-ci ildə Sülh və təhlükəsizlik haqqında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi qəbul edilmişdir. Bu ilin oktyabr  ayında BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 20 illiyi qeyd olunacaq. Bu sənəd münaqişələrin həll olunması və aradan qaldırılmasında, həmçinin sülh quruculuğunda qadınların mühüm rolunu önə çəkir.

Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülhün bərqərar olunmasında Azərbaycan qadınları xüsusi rol oynayırlar. 18 il əvvəl  “Koalisiya 1325” yaranmışdır. Qısa bir zamanda Koalisiya əvvəlcə o qədər də böyük olmayan bir qrupdan milli, daha sonra regional səviyyədə tanınan, gender bərabərliyini təmin edən bir təşkilata çevrilmişdir.

Bilirik ki, Vətəni, ailəni qorumaq daha çox kişilərin borçudur.  Lakin Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstərib. Gültəkin Əsgərova, şəhid jurnalist Salatın Əsgərova kimi neçə-neçə şəhid qadınlarımız var və xalqımız onları unutmur. Bu  gün onlar həyatda olmasalar da,  bu qəhrəman qadınlar xalqımızın müstəqillik yolunda ən ağır günlərini keçirdiyi zaman qanları canları bahasına tarixə, xalqımızın qan yaddaşına qəhrəman Azərbaycan qadınları adını yazmağı bacardılar. Həmin döyüşçü xanımların hazırda elmlər doktoru, həkim, polkovnik rütbəsinə sahibidir. Onların sayı yüzlərlədir. Biz neçə-neçə igid xanımlarımızı və dünyasını dəyişmiş şəhid xanımlarımızı heç vaxt unutmayacağıq. Bu gün  biz döyüşlərdə qəhrəmancasına iştirak etmiş, igidliklər göstərmiş, şəhid olmuş qadınlarımızı, eləcə də, mərd, qorxmaz əsgərlər yetişdirən, Vətən yolunda qurban getməyi öyrədən ana-bacılarımızı göz önünə gətirdikdə  Azərbaycan qadınının nə qədər güclü və uca  zirvədə olduğunu bir daha dərk edirik.  Əfsuslar olsun ki, atəşkəs rejiminə baxmayaraq, Ermənistan hələ də öz çirkin niyyətindən əl çəkmir. Düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanan, şəhid olan əsgərlərimizlə yanaşı, dinc əhali, xüsusilə, qadın və uşaqlar maddi və mənəvi zərər görmüşdür. Lakin buna baxmayaraq, xalq, ordu və dövlət öz birliyini göstərir. 2016-cı ilin aprel döyüşlərində bu birlik bir daha sübut olundu. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban  xanım Əliyeva hadisələr baş verən zaman münaqişə zonalarına gedərək, şəhid ailələrini, yaralı əsgərləri ziyarət etmiş, ziyan dəymiş evlərin inşası, sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar əsasında tikinti, bərpa və təmir işləri aparılmışdır.Bu, bir daha dövlətimizin, ordumuzun və xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz şəhid anaları, bacıları, onların həyat yoldaşları  görüşəndə  yalnız bir kəlmə eşitdik: Vətən sağ olsun! Budur, Azərbaycan qadının iradəsi, Vətən sevgisi, övladına verdiyi tərbiyə!

Sonda fikrimi müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənabİlham Əliyevin fikirləri ilə yekunlaşdırmaq istərdim: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”.  Bəli, həqiqətən bu gün Azərbaycan qadını - ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Onlar,  yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün peçə və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikada sahibkarlığın inkişafında fəal iştirak edirlər.

Əziz  analar, bacılar, xanımlar,  hər birinizi 8 Mart  Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə  ürəkdən təbrik edir, hamınıza xoş arzularımı bildirirəm. Hər gününüz sizə sevinc, şadlıq gətirsin.  Sizin uğurunuz Azərbaycanımızın daha da güclənməsi və firavanlığı  yolunda bir addım olsun.