MÜSAHİBƏLƏR
Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər (VİDEO)
- Bahar xanım, məlumdur ki, 8 mart tarixi hər il dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Azərbaycan qadınları bu bayramı hansı əhval-ruhiyyədə qarşılayırlar?
- Ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Günü vacib bayramlardan biri kimi dəyərləndirilir. Əvvəla ona görə ki, dünyanın əksər ölkələrində qeyd olunan 8 Mart Beynəlxalq Qadınlar Günü təkcə qadınların deyil, həm də qadınları təbrik edən kişilərin bayramıdır. Biz bilirik ki, istənilən bayram ərəfəsində təbrik ediləndən daha çox təbrik edən sevinir. Çünki kiməsə sevinc bəxş etmək, ona məxsus olan günü qeyd etmək, onun sevincini bölüşmək və bu günün əhval-ruhiyyəsini daha da artırmaqda iştirak etmək hər kəsə zövq verən işdir. Xüsusilə də, söhbət qadınlardan və onların özəl günlərindən gedirsə... Azərbaycanda bu bayram həmişə vacib dəyərləndirilir, müxtəlif formada bu gün üçün hazırlıq aparılır, çoxsaylı tədbirlər keçirilir. Bunlar həm ictimai, həm də siyasi məzmunlu tədbirlərdir.
Eyni zamanda, hər evdə, ailədə qadın varsa, bu gün qeyd olunur, hər kəs bayram əhval-ruhiyyəsini bölüşür. Bu dəfə də belə olacaq. Baxmayaraq ki, dünyada müxtəlif ictimai-siyasi və hərbi xarakterli narahatedici proseslər gedir. Eləcə də, insan sağlamlığı ilə bağlı ciddi problemlərin yaşandığı zamanda düşünmək olardı ki, bu dəfə bayram çoxlarını maraqlandırmayacaq. Amma biz görürük ki, get-gedə bayram əhval-ruhiyyəsi artır, hər kəs bu bayramı layiqincə qeyd etməyə çalışır. Düşünürəm ki, bu il də istisna olmayacaq. Azərbaycanda bu bayram layiqincə qeyd ediləcək.
- Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Sizcə, ölkəmizdə dövlət qadın siyasətinin əsas səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?
- Bilirsiniz, biz qadınla bağlı bütün ictimai, siyasi, sosial-mədəni, humanitar-mənəvi və s. məsələləri göz önünə gətirsək, görərik ki, bu yalnız qadınlara aid deyil. Bu, qadınların da bərabərhüquqlu və çox vacib üzvü olduğu dövlət, cəmiyyət və insan həyatının tam özüdür. Zənnimcə, qadınla bağlı olduğu deyilən məsələlər bütövlükdə cəmiyyətin və dövlətin, o cümlədən insanlığın məsələləridir. Ona görə də, biz mövzuya məhz bu konteksdə yanaşmalı, dəyərləndirməli və nəticələr çıxarmalıyıq.
Vurğulamaq lazımdır ki, Ümummilli Liderimiz Heydər Əliyev də qadın amilinə, onun ən müxtəlif xarakterli roluna məhz bu aspektdən yanaşırdı. Qadına dövlət həyatının vacib iştirakçısı, ictimai-siyasi proseslərin bərabərhüquqlu üzvü, milli-mənəvi dəyərlərimizin və ailə ocağının qoruyucusu, demək olar ki, inkişafın bərabərhüquqlu tərəfdaşı kimi yanaşılırdı. Bu nöqteyi-nəzərdən, qadın amili Azərbaycanda əvvəllər də tarixən ciddi dəyərləndirilib və Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlarda bu məsələyə xüsusi diqqət yetirilib. Bir tərəfdən, cəmiyyət həyatında qadın iştirakçılığının və rolunun artırılması ilə bağlı çoxsaylı addımlar atılıb, digər tərəfdən isə qadına münasibətin müasir standartlara uyğunlaşdırılması baxımından çox vacib işlər görülüb. Prezidentimiz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dönəmində isə bu sahə ilə bağlı işlər daha böyük vüsət almış, dövlət qadın və ailə siyasəti daha yüksək standartlar səviyyəsinə qaldırılmışdır. Bu mənada, hesab edirəm ki, biz bu məsələni ümumi inkişafımızın əsas tərkib hissəsi, aparıcı istiqaməti kimi qəbul etməli və dəyərləndirməliyik.
- Sizcə, Azərbaycan qadınlarının cəmiyyət həyatında rolu, onların ictimai-siyasi proseslərdə fəallığı qaneedici səviyyədədirmi?
- Bu bir həqiqətdir ki, qadınlar həyatımızın bir parçası, dövlətimizin vacib istinadgahı və dayaqlarından biridir. Odur ki, tarixən üzərimizə qoyulmuş rol, dövlətimizin müəyyən etdiyi prioritetlər, üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklər və qabaqcıl dünya təcrübəsinə istinad edərək həyata keçirilən işlər getdikcə qadınların dövlət və cəmiyyət həyatında rolunu daha da artırmaqdadır.
Bilirsiniz ki, bu yaxınlarda həyatımızın iki böyük siyasi kampaniyası başa çatıb. 2019-cu ilin dekabrında bələdiyyə, bu ilin fevral ayında isə parlament seçkiləri keçirilib. Bir-birinin ardınca keçirilən bu seçkilərdə siyasi dünyagörüşündən, ictimai mövqeyindən asılı olmayaraq ölkəmizin bütün qadınları fəal iştirak etmək imkanı qazanıblar. Əgər bələdiyyə seçkilərinə nəzər salsaq, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınlar 4 faiz təmsil olunurdular. Amma son seçkidən sonra isə qadınların yerli seçkili orqanlarda iştirak səviyyəsi 39 faizə qədər yüksəlib. Bu, mühüm göstəricidir və qadınların ictimai-siyasi proseslərdə fəallığının nə qədər artdığını göstərir.
Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra müstəqil Azərbaycanın Konstitusiyasına əsasən keçirilən parlament seçkilərində ən müxtəlif siyasi partiyaların, ictimai qurumların və ayrı-ayrı təbəqələrin nümayəndələri olan qadınlar fəal iştirak ediblər. Son seçkilər isə bu baxımdan xüsusilə vurğulanmalıdır. Bu seçkilərdə çoxsaylı qadınların namizədliyi irəli sürülmüşdü.
- Yeni Azərbaycan Partiyasının qadınların cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakına göstərdiyi diqqət, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası hər zaman qadın amilinə çox böyük diqqət yetirib. Bu seçki kampaniyasında da qadınların iştirakçılığının artırılması istiqamətində ən gözəl nümunəni partiyamız göstərdi və çoxsaylı qadın namizədlər irəli sürüldü. Hətta bəzi üzvlər öz fərdi qərarları ilə namizədliklərini irəli sürmüşdülər. Bu parlament seçkilərinə qadınların getdikcə artan marağının, eyni zamanda, siyasi partiyaların bu amili nə dərəcədə öz gündəlik fəaliyyətində üstün tutduğunun göstəricisidir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası bu günə qədər fərqli bir mövqe sərgiləyib və bu seçkilərdə də belə oldu. Uğur qazanan, parlamentə seçilən qadınların içərisində, əlbəttə ki, YAP üzvü olan qadınların sayı daha çoxdur.
Qeyd edim ki, seçkilərdə irəli sürülən qadın namizədlərdən 276 nəfər qeydə alınmışdı. Onlardan 22 nəfəri palament üzvü seçilib. Hesab edirəm ki, bu da kifayət qədər ciddi rəqəmdir. Mən də uzun illər parlamentin üzvü olmuşam və biz qadınlar sayımızın azlığına baxmayaraq, hər zaman potensialımızı ortaya qoymağa və digər qadınları da təmsil etdiyimizi düşünərək onların iştirakçılığını özümüzün fəaliyyətində daha çox əhatə etməyə çalışmışıq. Düşünürəm ki, bu dəfə də belə olacaq və bu qadınlar bütün Azərbaycan qadınlarını təmsil etdiklərini nəzərə alaraq onların bütün istək və arzularını, siyasi mövqelərini, iradələrini ifadə edəcəklər. Amma siyasi proseslər təkcə seçkilərlə bitmir, təyinatlı vəzifələrdə də çoxlu sayda qadınlar təmsil olunurlar. Elə sahələr var ki, orada qadınlar aparıcı rola malikdirlər. Bu təhsil, sosial və humanitar sferalardır. Bu gün həyatımızın digər sahələrində qadınlar getdikcə daha çox təmsil olunurlar. Onlar ölkəmizin iqtisadi, siyasi, sosial həyatına çox böyük töhfə verirlər, dəyərlərin formalaşmasında və inkişafında çox böyük rola malikdirlər.
Biz qadınlarımızın qazandıqları bütün uğurlarla fəxr edirik. Əlbəttə ki, ən çox qürur duyduğumuz, fərəh hissi ilə qeyd etdiyimiz bir amil də var ki, respublikamızın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın bu qədər üstün mövqedə Azərbaycan qadınlarını çox böyük uğurla təmsil etməsidir. Mehriban xanım Əliyeva səmərəli fəaliyyəti ilə ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına müstəsna töhfələr verir. Təsadüfi deyil ki, onun fəaliyyəti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı, beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Digər tərəfdən, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əvəzedilməz rolu var.
- Bahar xanım, ölkəmizdə qadın hüquqları qanunvericilik səviyyəsində necə qorunur?
- Bilirsiniz, biz ayrılıqda qadın hüquqlarını söhbət mövzusu kimi müzakirəyə gətirə bilərik. Amma qeyd etməliyəm ki, bütövlükdə ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur və biz bu yöndə bütün beynəlxalq konvensiyalara qoşulmuşuq, bundan irəli gələn öhdəlikləri yerinə yetirməkdəyik. Azərbaycanda insan hüquqlarının əlçatanlığının və təmin olunmasının müyəssərliyinin artırılması istiqamətində Konstitusiyamız, eyni zamanda, ayrı-ayrı sahələr üzrə qanunlarımız kifayət qədər ciddi əsaslar yaradır ki, insan hüquqları bütün aspektlərdə qorunsun. Əlbəttə ki, bunun içərisində qadın hüquqları da var. Amma qadınların iştirakçılığının artırılması ilə bağlı ayrı-ayrı konvensiyalar da var. Biz bundan da irəli gələn vəzifələrimizi yerinə yetirməkdəyik.
Qeyd etməliyəm ki, Azərbaycanda qadın hüquqlarının qorunmasının qürurverici tarixi keçmişi də var. Bilirsiniz ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu. Onunla eyni vaxtda Azərbaycan qadınlarının seçki hüququ əldə etməsinin də 100 illiyi qeyd edildi. Bu, dünya ölkələri içərisində az rast gəlinən nümunədir. Hansı ki, Azərbaycan müsəlman şərqinə məxsus bir ölkədir. Və bir çox ilklər də məhz Azərbaycanda əldə olunub. Həm demokratik cümhuriyyət qurmaq, həm də ayrı-ayrı sahələr üzrə inkişafa, uğura imza atmaq baxımından ən böyük nailiyyətlərimizdən biri qadınların seçmək və seçilmək hüququ əldə etməsi, ictimai-siyasi həyatda təmsilçilik üçün kişilərlə bərabər hüquqlar qazanmasıdır.
Azərbaycanda bütün qanunlar ayrı-ayrı sahələrdə qadınlara qarşı başqa ölkələrdəki kimi kvota qoymaqla müəyyən olunmur, hüquqların reallaşmasında bərabər imkanların yaranması baxımından xarakterizə olunur. Odur ki, ölkəmizdə qadınların əldə etdiyi uğurlar möhkəm əsaslara söykənir. Çünki onlar hansısa bir güzəşt nəticəsində deyil, bərabər hüquqlar müstəvisində bu nailiyyətləri əldə ediblər. Hesab edirəm ki, bizim qazandığımız uğurlar gələcək üçün də böyük perspektivlər vəd edir. Azərbaycanda bütün qanunlar imkan verir ki, qadınlar iqtisadi, siyasi, sosial, humanitar və digər sahələrdə olan hüquqlarını kişilərlə bərabər reallaşdıra bilsinlər və nailiyyətlər qazansınlar.