YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik

Müsahibimiz 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Əli Hüseynli

- Əli müəllim, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyiniz irəli sürülüb. Bununla bağlı sizin düşüncələrinizi bilmək istərdik...

- Mən uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Məhz ilk dəfə 2000-ci ildə Yeni Azərbaycan Partiyasının siyahısında deputatlığa namizəd olmuşam və parlamentin üzvü seçilmişəm. 2003-cü ildən Milli Məclisdə komitə rəhbəriyəm. Partiyamız tərəfindən yenə mənə etimad göstərilib. Bu etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.

Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, hər yeni seçkidə partiyamızın sıraları da  yenilənir. Yəni, yeni, gənc partiya üzvləri seçkilərə qatılırlar. Hesab edirəm ki, bu, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyətinin bir təzahürüdür. Partiyamızda yaşlı nəsil ilə gənc nəsil arasında varislik prinsipi mövcuddur. Xatırlayıram ki, 2000-ci ildə mən də millət vəkili seçiləndə daha gənc idim, o zaman gənc olaraq daha yaşlı nəsli əvəz edirdik. Bu baxımdan, YAP-ın bu fəaliyyəti təqdirəlayiqdir və digər partiyalar üçün də nümunədir.

- Yeri gəlmişkən, budəfəki seçkilərdə də partiyamızın irəli sürdüyü namizədlər arasında kifayət qədər yeni simalar var...

- Əlbəttə ki, bu, partiya rəhbərliyinin qərarıdır və bu qərarı dəstəkləyirik. Namizədlər arasında həm hazırkı millət vəkilləri, həm də müxtəlif sahələri təmsil edən yeni insanlar var. Mən ilk dəfə namizədliyi irəli sürülən şəxslərin bəzilərini tanıyıram. Xüsusilə hüquqşünas həmkarlarım barədə deyə bilərəm ki, onlar xaricdə təhsil almış  peşəkar insanlardır. Və əminəm ki, onlar seçkilərdə uğur qazanacaqlar və parlamentdə peşəkar hüquqşünasların sayı artacaq.

- Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə namizədliyiniz 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən irəli sürülüb. Təbii ki, yeni seçkilərdə ötən illər ərzində görülmüş işlərin hesabatı verilir. Bu baxımdan, təmsil etdiyiniz bölgələrin sosial-iqtisadi mənzərəsi necədir? 

- Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında olduğu kimi, Yevlax-Mingəçevir bölgəsində abadlıq-quruculuq, yenidənqurma işləri həyata keçirilir. Bu baxımdan, mənim təmsil etdiyim seçki dairəsinin ərazisi də istisna deyil. Xüsusilə vurğulamaq istəyirəm ki, Mingəçevir şəhərində çox ciddi quruculuq işləri gedir, yeni iş yerləri açılır. Mingəçevirdə Yüksək Texnologiyalar Parkı, Mingəcevir Sənaye Parkı fəaliyyət göstərir ki, burada sənaye müəssisələri fəaliyyət göstərir, müxtəlif məhsullar istehsal olunur və s. Kür Olimpiya Avarçəkmə Mərkəzi regionun ən böyük idman komplekslərindən biri kimi fəaliyyət göstərir. Eyni zamanda, Mingəçevirdə abadlıq və quruculuq işləri bu gün də davam etdirilir. Yəni, Mingəçevirlə bağlı bir çox problemlər öz həllini tapıb.

Amma qarşıda duran bir sıra məsələlər var. Bu, ilk növbədə istilik-təchizat sisteminin yenidən qurulmasıdır. Çünki Mingəçevir çox müasir şəhərdir. Bu məsələ investisiya proqramında nəzərdə tutulub. Cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla Mingəçevirdə yol tikintisi ilə bağlı işlər görülməkdədir. Həmçinin, Mingəçevir seçicilərini narahat edən vacib məsələlərdən biri 1949-cu ildə tikilmiş, qəzalı vəziyyətdə olan evlər idi və biz bu məsələ ilə bağlı dövlət başçısına  müraciət etmişik. İnanırıq ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.

Bütövlükdə isə həqiqətən Mingəçevir şəhərində çox ciddi işlər gedir. Faktiki olaraq Mingəçevir təkcə ölkəmizin deyil, regionun ən gözəl şəhərlərindən və turizm mərkəzlərindən birinə çevrilməkdədir. Amma bununla yanaşı iş yerləri məsələsi daim gündəmdədir. Çünki Mingəçevir həm də gənclər şəhəridir. Şəhər rəhbərliyi də, müvafiq dövlət qurumları da Mingəçevirə investisiya qoyulması, yeni iş yerlərinin açılması yönündə çalışırlar. Biz bu məsələdə birlikdə fəaliyyət göstəririk. Həmçinin, nəzərdə tutulur ki, bu il Mingəçevirdə bir neçə uşaq baxçası-körpələr evinin, məktəblərin əsaslı təmiri ilə bağlı işlər görülsün. Bütövlükdə, Mingəçevirdə görülən işləri çox pozitiv qiymətləndirirəm. Qeyd edim ki, şəhər rəhbərliyi insanlarla çox sıx təmasdadır. Biz də millət vəkili olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.

- Bəs Yevlax rayonu ilə bağlı vəziyyət necədir?

- Yevlaxa gəlincə, mənim təmsil etdiyim dairə daha çox Yevlaxın kəndləri ilə bağlıdır. Bilirsiniz ki,cənab  Prezidentin Yevlax rayonuna hər zaman xüsusi diqqəti olub. Uzun illər orada quruculuq işləri ilə bağlı müsbət tendensiyalar mövcud olub. Müasir məktəblər, yeni xəstəxana binası tikilib, kəndlərin qaz, işıq, su ilə təmin olunması üçün müəyyən  işlər görülüb. Amma təəssüf ilə qeyd etmək lazımdır ki, Yevlax rayonunun sabiq icra başçısı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələ bilməmiş və korrupsiyaya qurşanmış bir şəxs olmuşdu. Hüquq-mühafizə, təhlükəsizlik orqanları bu məsələ ilə bağlı tədbirlər görüblər.

Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, YAP-ın Yevlax rayon təşkilatı da sabiq icra başçısının əməlləri ilə bağlı öz mövqeyini bildirib. Çünki YAP üzvü olan məmurlar, sıravi vətəndaşlar, ictimaiyyət nümayəndələri bu məsələ ilə bağlı narahatlıqlarını bildirirdilər və əlbəttə ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bu tədbirlərin əsası var.

Hazırda cənab Prezident tərəfindən təyin olunmuş icra başçısı isə tam müasir tələblərə uyğun olaraq şəffaf fəaliyyət göstərir. Və Yevlax rayonunda tamamilə fərqli bir ab-hava mövcuddur. Biz birgə səylərlə yığılmış bir sıra problemlərin həlli ilə bağlı tədbirlər həyata keçiririk. Görülən işlərdə dövlətimizin başçısının son dövrlərdə çıxışlarındakı tezislər əldə rəhbər tutulur. Rayon əhalisi  bilir ki, bundan sonrakı fəaliyyət daim ictimaiyyətin, cənab Prezidentin  nəzarətindədir və hər bir kəs bu tezislərə uyğun olaraq fəaliyyət göstərməlidir.

Bir daha vurğulamaq istəyirəm ki, çox təqdirəlayiq haldır ki, partiya üzvü olaraq biz rayonda baş vermiş neqativ hallara iradımızı bildirmişik, bununla bağlı partiya rəhbərliyinə də məlumatlar çatdırılıb. Təbii ki, məhkəmə-hüquq sistemi bu əməllərin qiymətini verəcək.

Yevlax rayonu kənd təsərrüfatı baxımından da aktual rayondur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi rayonda  bir sıra vacib layihələr həyata keçirmək niyyətindədir. Bununla bağlı işgüzar danışıqlar aparılır.  Kəndlərdə məktəblər, uşaq baxçaları yeniləşdirilir. İçməli su məsələsi də var ki,  “Azərsu” ASC bu yöndə  ciddi tədbirlər həyata keçirir. Mingəçevirdən çəkilən su xəttindən həm də Yevlaxın bir sıra kəndlərinə verilməsi ilə bağlı mövcud olan bir sıra lokal problemlər  də öz həllini tapmaqdadır.

Bir sıra məsələlər var ki, onların həllinə daha geniş proqramların icrası yardım edə bilər. Çünki Yevlaxın bir sıra kəndlərində ciddi şoranlıq problemi mövcuddur. Amma bir daha vurğulamaq istəyirəm ki, rayon rəhbərliyi, əlaqədar təşkilatlarla birgə bu məsələlərin qısa zaman kəsiyində həllini tapması üçün əlaqəli şəkildə fəaliyyət göstəririk.

- Əli müəllim, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz? Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?

- Əminəm ki, həm Mingəçevirdə, həm də Yevlaxda insanlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyən, Ona sədaqətlə xidmət edən YAP-ın namizədlərini yenə də dəstəkləyəcəklər. Vətəndaşlar  əmin ola bilərlər ki, biz də onları parlamentdə həmişə olduğu kimi şərəflə təmsil edəcəyik, onların yanında olacağıq.

Mən Yevlax və Mingəçevir seçicilərini Prezident İlham Əliyevin rəhbərlik etdiyi  Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıram. Seçiciləri  Heydər Əliyev siyasətinə xidmət edən, Prezident İlham Əliyevə sədaqətli olan namizdələrin yanında olmağa səsləyirəm!