MÜSAHİBƏLƏR
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
- Eldəniz müəllim, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?
- Bu gün ölkəmiz yeni inkişaf dövrünü yaşayır. 28 illik müstəqillik tarixində respublikamız güclü bir dövlətə çevrilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi sayəsində xalqımızın milli maraqlarını yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir, dünyada elə bir güc yoxdur ki, respublikamızla diktə ilə danışa bilsin. Azərbaycanın bugünkü reallığına diqqət çəkən Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə vurğulayıb: “Bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz”.
Hazırda Azərbaycanın siyasi müstəqilliyinin təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat çıxış edir. Müstəqil Azərbaycanın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Son 16 ildə Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.
Başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu. Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. Keçən il inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir.
- Ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizin gələcək inkişafı üçün nə kimi perspektivlər vəd edir?
- Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanda bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. İslahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zərurətə çevirib. Buna görə də, V çağırış parlament buraxıldı və növbədənkənar parlament seçkiləri təyin olundu.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən dövlət siyasətini müdafiə edir. Bu siyasətin alternativi yoxdur.
İslahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, yenilənməsi bu baxımdan xüsusi önəm kəsb edir. Ona görə də parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi reallaşdırılan dərin islahatlar strategiyasına əlavə töhfə kimi qiymətləndirilə bilər.
- Təmsil etdiyiniz Xaçmaz rayonunun sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz? Ötən beş il ərzində seçicilərinizin qaldırdığı məsələlər hansı səviyyədə həll olunub?
- Azərbaycan Respublikasında regionların, o cümlədən rayonumuzun inkişafı ölkəmizdə uğurlu həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət proqramlarına uyğun olaraq respublikanın hər yerində olduğu kimi Xaçmaz rayonunda da bir sıra infrastruktur layihələri həyata keçirilir. Rayonun şəhər və kəndlərində abadlıq-quruculuq işləri, qaz infrastrukturunun tamamilə rayon üzrə başa çatdırılmasının, əhalinin dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni daha güclü transfarmatorlar qoymaqla yararsız elektrik dirəkləri dəyişdirilməsi, elektrik verilişi xətlərinin sib kabellər vasitəsilə çəkilməsinin təmin edilməsi prosesi sürətlə davam etdirilir.
Son vaxtlar rayonumuzda yol infrastrukturunun yenilənməsi sahəsində xeyli işlər görülərək onlarla km uzunluğunda müasir standartlara cavab verən yollar salınıb. Xaçmaz-Niyazoba-Əilyata-Qarğalı-Ciğatay yolu müasir standartlara uyğun olaraq çəkilməsi davam etdirilir. Xaçmaz şəhəri su təchizatı və kanalizasiya şəbəkəsi ilə təmin edilib. Su təchizatında problem olan kəndlərdə dövlət proqramına uyğun bələdiyyələrin və iş adamlarının hesabına su artezian quyuları vurularaq əhalinin içməli suya olan tələbatı təmin edilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan tikinti-quruculuq işləri Xaçmaz rayonunda da uğurla həyata keçirilir. Rayon mərkəzində salınan parklar, tikilən Tarix Diyarşünaslıq Muzeyi, Xalça muzeyi, açıq səma altında Şəxsiyyətlər muzeyi, Bayraq muzeyi, Əziz Əliyev muzeyi, Xalqlar Dostluğu muzeyi rayon əhalisinin istirahətinin səmərəli təşkilinə və rayonumuza gələn turistlərin marağına səbəb olmuşdur. Respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə olan qayğısı nəticəsində məktəb və uşaq bağçalarının tikintisinə, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr nəticəsində 50-yə yaxın məktəb və uşaq bağçası tikilib uşaqlarımızın istifadəsinə verilib. Məktəb tikintisi indi də davam edir. Təkcə 2019-cu ildə bir orta məktəb, modul tipli məktəblər tikilib istifadəyə verilib. Bu diqqət və qayğının nəticəsidir ki, rayonumuzda ali məktəblərə yüksək balla daxil olan məzunlarımızın sayı ildən-ilə artır. 2019-cu ildə məzunlarımız yüksək bal toplayaraq respublikamızın ali məktəblərinə daxil olmuşdur. Dövlət proqramına uyğun olaraq əhalinin fasiləsiz internetlə təmin olunması məqsədilə bir sıra kəndlərdə yeni ATS-lər tikilib əhalinin istifadəsinə verilib. 2017-ci ildə Xaçmazda Xalça sexi işə düşüb və burada xeylisayda qadınlar işlə təmin olunub.
Qeyd edim ki, ötən beş il ərzində mənə seçicilər tərəfindən çoxsaylı müraciətlər edilib, insanlarla mütəmadi olaraq görüşmüşəm. Müraciətlərin hamısına diqqətlə yanaşmağa çalışmışam. Görüşlər zamanı müraciətlərin əksəriyyəti sosial məsələlərlə bağlı olub. Seçicilərin qaldırdığı məsələlər işlə təmin olunması, torpaq mübahisəsi, ünvanlı sosial yardıma köməklik göstərilməsi, yol təmiri, qaz, içməli su təminatının yaxşılaşdırılması, özəlləşdirmə barədə,və digər məsələlər barəsində olub. Onların şikayət və təklifləri nəzarətə götürülüb, müvafiq qurumlara müraciət edilib. Həmin məsələlərin böyük hissəsi həll edilib, bir qismi də tədricən həyata keçirilir.
- Eldəniz müəllim, qarşıdan gələn parlament seçkilərində şansınızı necə dəyərləndirirsiniz?
- Seçkilər demokratiyanın atributlarından biridir. Hər bir vətəndaş seçki hüquqdan istifadə etməlidir. Mən seçiciləri fevralın 9-da seçki məntəqələrinə gəlib layiq bildikləri namizədlərə səs versinlər.
Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. Ona görə də, uğurların davamlı olması üçün seçiciləri Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər.