YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam edən yolunu müəyyənləşdirdi

Müsahibimiz Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov

- Fəttah müəllim, 15 İyun Milli Qurtuluş Günü ərəfəsindəyik. Həmin tarixdə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanı məhv olmaqdan xilas etdi. İstərdik ki, o dövrə qayıdaq, baş verən proseslər haqqında fikirlərinizi bildirəsiniz...

- Həqiqətən  bu gün müstəqil Azərbaycanın tarixində ən əhəmiyytəli, yadda qalan, dövlətçiliyimizin  qorunmasında müstəsna rol oynamış bir gündür. Ona görə də, hər il bu tarix ölkəmizdə  qeyd olunur, yada salınır, geniş təhlil olunur. Milli Qurtuluş Günü taleyüklü gündür. Əgər qurtuluş olmasaydı, Azərbaycanı nə gözlədiyi  bəlli deyildi. O zamankı prosesləri təhlil edəndə görürük ki, 15 iyun Milli Qurtuluş Günü çox tarixi əhəmiyyət kəsb edən gündür. Bu tarix təkcə bu günümüz yox, gələcəyimiz üçün də vacibdir. 15 iyun 1993-cü ildə faktiki olaraq Azərbaycanın müstəqilliyinin əsas qoyulub.

Bilirsiniz ki, 1980-ci illərin sonunda sovet ittifaqı deyilən dövlət parçalanırdı. Bu dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı, torpaqlarımızın bir hissəsini  itirdik, 20 mindən çox şəhid verdik, 1 milyon insan öz doğma torpağından qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Əgər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bunların heç biri baş verməyəcəkdi. Heydər Əliyevin yüksək vəzifədən kənarlaşdırılması keçmiş SSRİ rəhbərliyinin məkrli addımı idi. Heydər Əliyev Azərbaycanın siması idi. SSRİ-də yüksək dövlət vəzifəsi tutan Heydər Əliyev ilk növbədə böyük azərbaycanlı idi. Böyük ideyaların daşıyıcısı olan Heydər Əliyev bütün dünyada tanınırdı, Onun şəxsiyyətinə böyük hörmət var idi. Ona paxıl olan qüvvələr, Azərbaycana qarşı olan qüvvələr Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına bais oldular. Bununla da, Azərbaycanın başı üzərini qara buludlar aldı.

Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdıqdan sonra Ona Bakıda da yaşamağa imkan vermədilər. Belə olan halda, O Naxçıvana pənah gətirdi. Hansı ki, o zaman  ermənilər Naxçıvanı işğal etməyə çalışırdı. Mən o zaman Naxçıvanın mədəniyyət naziri idim, hadisələri çox yaxşı xatırlayıram. Muxtar respublika blokadada idi, ərzaq qıtlığı var idi. Xalq yaddan çıxmışdı, vəzifə uğrunda mübarizə gedirdi. Belə bir vəziyyətdə ilahi bir qismət idi ki, Heydər Əliyev Naxçıvana gəldi və bu torpağa Öz işığını, nurunu gətirdi. Xalq hələ sovetlər dövründə Ulu Öndərin Azərbaycan üçün gördüyü misilsiz işləri yaxşı xatırlayırdı. O dövrdə Heydər Əliyev keçmiş SSRİ-də ən geridə qalan Azərbaycanı inkişaf baxımından ön sıralara çıxardı.  Bu mənada, Ulu Öndərin Naxçıvana  gəlişi insanlarda  inam yaratdı, xalq Heydər Əliyevi böyük sevgi ilə qarşıladı.

O dövrdə mən Türkiyə ilə Naxçıvan arasında Ümid körpüsünün tikintisi ilə qardaş respublikada bir sıra görüşlər keçirirdim. Çünki belə bir körpünün olması blokada olan Naxçıvan üçün həyati əhəmiyyət kəsb edirdi. Bu məqsədlə Türkiyədə dövlət rəsmiləri ilə danışıqlarım olmuşdu. Ulu Öndər Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra Onunla ilk görüşümüzdə bu haqda da məlumat verdim. O,  bu məsələni çox müsbət qarşıladı.

Qeyd edim ki, Heydər Əliyev siyasətə qoşulmaq istəmirdi. Amma hər gün dəstə-dəstə adamlar Onun yanına gəlirdi. Eləcə də, Heydər Əliyev Naxçıvanı gəzirdi. Bütün görüşlərdə insanlar Ondan kömək istəyirdilər. Həmin vaxtlar həm ölkəmizdə, həm də muxtar respublikada parlament seçkiləri keçiriləcəkdi. İnsanlar təkidlə Heydər Əliyevdən parlament seçkilərində iştirak etməyi xahiş edirdilər. Amma Ulu Öndər heç bir vəzifə istəmədiyini deyirdi.

Nəhayət, xalqın istəyinə uyğun olaraq Heydər Əliyev parlament seçkilərində iştirak etdi. O, Azərbaycan parlamentinin və muxtar respublika Ali Məclisinin deputatı seçildi. Naxçıvan Ali Məclisinin ilk sessiyasının açılışında O, ağsaqqal millət vəkili kimi iclasa sədrlik etdi. Və inqilabi addım atdı. Belə ki, Ulu Öndər Heydər Əliyev ilk dəfə üçrəngli bayrağımızı  qaldırdı və muxtar respublikanın adındadı “sovet sosialist” sözü götürüldü. Əslində, bu addımlar böyük qəhrəmanlıq idi. Bunu Heydər Əliyevdən başqa heç kim edə bilməzdi.

Sonra xalqın tələbi ilə  Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. O, Ali Məclisin Sədri olduqdan sonra İran və Türkiyə ilə əlaqlər gücləndi, ərzaq çətinlikləri aradan qaldırıldı. Zaman olub ki, səhərə qədər Onun kabinetində oturub Türkiyədən un maşınlarının çörəkbişirmə müəssisələrinə gəlməsini gözləmişik. Əgər onlar gəlməsəydi, şəhər əhalisi ac qalardı. Hər gün sərhədlərdən şəhidlər gəlirdi. Azərbaycanı istəməyən qüvvələr o zaman da mövcud idi. Onlar Naxçıvanda ikinci cəbhənin açılmasını istəyirdilər. Heydər Əliyev hakimiyyətə  gəlməsəydi, Naxçıvan da işğal olunardı.

- O zaman Bakıda da vəziyyət çox gərgin idi. Sizcə, həmin dövrdə Azərbaycanın dərin böhran keçirməsinin əsas səbəbi hansı amillərlə bağlı idi?

- Həmin dövrdə  proseslər Azərbaycanın məhvinə yönəlmişdi. Artıq ermənilər işğalçı siyasəti başlamışdılar, torpaqlarımız əldən gedirdi, insanlar qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanda vəziyyət çox pis idi: İqtidar doğru siyasət yürüdə bilmirdi, cəbhədə müharibə gedirdi, Bakıda isə hər gün mitinq keçirilirdi, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan parlamenti isə vəziyyətdən çıxmaq üçün heç nə etmirdi. Parlament mübahisə, qarşılıqlı ziddiyyət, xırda məsələlərin müzakirə olunduğu yerə çevrilmişdi. Dövlətin taleyi isə kənarda qalmışdı. Ona görə də, dövlətçilik əldən gedirdi. Daxili gərginlikdən istifadə edən xarici qüvvələr Azərbaycanı dağıtmaq istəyirdilər. Çünki təbii sərvətlərimizə göz dikənlər çox idi.

Belə bir şəraitdə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı böyük zərurət idi. Xalq təkidlə Onun hakimiyyətə gəlməsini tələb edirdi. Hakimiyyətdə olan qüvvələr də Heydər Əliyevi köməyə çağırdılar. Yaxşı ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, Azərbaycanı parçalamaq istəyən qüvvələr  arzularına çata bilmədilər.

- Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində bütün təhlükələri dəf etdi...

- Hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə problemləri həll etdi, dövləti və xalqı bütün flakətlərdən xilas etdi, müstəqilliyimizi əbədi etdi. Mən yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın müstəqilliyinin əsası faktiki olaraq 15 iyun 1993-cü ildə  qoyuldu. Azərbaycan dünyada müstəqil dövlət kimi tanınmağa başladı. 10 il ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərdi. Heydər Əliyev insanlara doğru yol göstərdi, Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam edən yolunu müəyyənləşdirdi.

 Həm ideoloji, həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə ölkəmizdə köklü dəyişikliklər baş verdi. 15 iyundan ötən dövrdən Azərbaycan beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində əldə olundu. O fəaliyyət ki, Heydər Əliyev Öz həyatını xalqın xoşbəxtliyinə həsr etdi.

- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və cənab Prezident İlham Əliyevin  davam etdirdiyi siyasətin uğurları gözümüzün önündədir. Təsadüfi deyil ki, uğurlar ardıcıl olaraq davam edir. Bütün bunların başlanğıcı qurtuluşdan, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən başlayır. Azərbaycanın müasir inkişafı haqqında nə deyə bilərsiniz?

- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiirlir. Ötən illər sübut edir ki, bu yol ən doğru yoldur. İndi Azərbaycanımız dünyanın hər yerindən görünür, Prezidentimiz hər yerdə yüksək qarşılanır, xalqımız tərəfindən sevilir. Dövlətimizin başçısı xalqin maddi rifahının yaxşılaşmasında, ölkəmizin hərtərəfli  inkişafında şərəflə xidmət edir. Bunu 2018-ci ilin aprel ayında keçirilən prezident seçkiləri də sübut etdi. Cənab İlham Əliyev bu seçkilərdə ana südü qədər halal olan xalqın səsini qazandı. Bu, xalqın gözü qarşısında baş verib. Bu reallığı hər bir insan görür və qəbul edir.

Bu gün Azərbaycan inkişafın ən yüksək zirvəsindədir. Ölkəmizin inkişafını xaricdən gələn qonaqlar da  görür. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Mən deputat kimi Qəbələ rayonunu təmsil edirəm. Bu bölgənin insanları da Azərbaycanın inkişafından qürur hissi keçirilər. Hələ 1995-ci ildə ilk dəfə Qəbələdən deputat seçiləndə Milli Məclisə gəlib  işlə təmin olunmaq üçün mənə müraciət edən seçicilərim çox idi. Amma bu gün iş dalınca Bakıya gəlmək üçün müraciət edən yoxdur. İndi dünyanın hər yerindən Qəbələyə turistlər gəlir.  Yəni, Qəbələ bu gün çox inkişaf edib, əcnəbi turistlər də bu inkişafı görürlər. Təkcə Qəbələdə deyil, Azərbaycanın digər bölgələrində də vəziyyət  belədir. Bu gün kəndlər qəsəbə, qəsəbələr isə şəhər siması alıb.

Bütövlükdə, ölkəmizin inkişafı göz qabağındadır. Hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyev siyasi xətti dayanır. Bu xəttin amalı odur ki, torpaqlarımız barlı-bərəkətli olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşamalıdırlar. Bütün bunlar qurtuluş məfkurəsinin  uğurlarıdır.

Hesab edirəm ki, Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Bu gün də ölkəmizi istəməyən qüvvələr var, amma onlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində müharibə gedir, dini, məzhəb qarşıdurmalar var və s. Azərbaycan isə tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda  Heydər Əliyev siyasəti uğurla davam edir. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.