MÜSAHİBƏLƏR
Radikalların heç bir niyyəti baş tutmayacaq
-Elman müəllim, hazırda aktual mövzulardan biri xaricdə yaşayan bəzi azərbaycanlıların müəyyən etiraflar etməsi, ölkəmizə qarşı radikal mövqedən geri çəkilməsidir. Sizcə, onlar davranışlarında nə qədər səmimidirlər?
- Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların davranşıları çoxlu suallar doğurur. Onlar bəzən həddindən artıq radikal mövqe seçir. Və heç bir halda, özlərini müxalifət kimi aparmırlar. Ulu Öndər Heydər Əliyevin dediyi kimi hakimiyyətə qarşı müxalifət olmaq olar. Lakin öz dövlətinə və xalqına qarşı müxalifətdə dayanmaq olmaz. Həm də, özünü müxalifətçi kimi təqdim edib söyüş söymək, insanları təhqir etmək şərəf və ləyaqətini təhqir etmək yolverilməzdir. Bu cür davranışlar milli mentalitetmizə də ziddir.
Düşünürəm ki, mühacir həyatı yaşayan azərbaycanlılar obyektiv mövqe ortaya qoymalıdır. Onlar hansısa məsələ ilə bağlı sağlam tənqid edib öz təkliflərini verə bilərlər. Amma Azərbaycan həqiqətlərini təhrif etmək, Avropa ictimai fikrində Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq, ölkəmizin qazandığı uğurlardan kədərlənmək qəbuledilməzdir.
Təbii ki, bu məsələdə müəyyən müsbət tendensiyalar var. Xaricdəki radikal mövqedə dayanan bəzi azərbaycanlıların davranışında obyektivliyə yaxın mövqe yaranması diqqətdən yayınmır. Amma istərdik ki, bu, küll halında olsun, manevr xarakteri daşımasın, onların da Vətəni olan Azərbaycana sevgilərini, diqqətlərini ifadə edən mövqe olsun. Bir çox hallarda görürük ki, onların davranışları ermənilərin dəyirmənına su tökmək anlamı verir. Bir çox hallarda ermənilərdən daha çox erməni olmaq tendensiyasi müşahidə olunur ki, bu da qəbuledilməzdir. Amma bir daha vurğulayıram ki, müəyyən pozitiv davranışlar var. Çox istəyərdik ki, bu tendensiya olaraq qalmasın.
-Sizcə, bu fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzuna zərər vura bilirmi?
- Bilirsiniz ki, bugünlərdə Azərbaycan Prezidentinin Belçikaya işgüzar səfəri oldu. Prezident İlham Əliyevin Belçikaya səfəri mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə ilə reallaşan səfər zamanı dövlətimizin başçısı vacib görüşlər keçirib. Lakin bəzi müxalif qüvvələr ölkəmizin Şərq tərəfdaşlığından imtina etməsinə dair yanlış məlumatlar yaydılar. Təbii ki, əsas məqsəd hər zamankı kimi ölkədə ictimai rəyi çaşdırmaq idi. Amma radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq.
Brüssel səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk dövlətimizin başçısı ilə görüşdə Azərbaycanın Avropa enerji təhlükəsizliyi üçün çox böyük önəm kəsb etdiyi qeyd etdi. Ölkə başçısı da Aİ ilə hərtərəfli əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirdi. Ölkəmizin Aİ ilə enerji təhlükəsizliyi sahəsinə çox ciddi əməkdaşılığı formalaşıb. 2020-ci ildə Cənub Qaz Dəhlizi işə düşəcək ki, bu da Avropanın meqa layihəsi olaraq Azərbaycan-Aİ münasibətlərinin yeni müstəviyə keçməsinə imkan yaradacaq. Səfər çərçivəsində Donald Tusk iştirakçı dövlətlərin liderlərinin şərəfinə axşam ziyafəti verdi. Həmin ziyafətdə də o Azərbaycanın ölkə başçısından yanında əyləşməyi xahiş etdi. Bunun özü bizim münasibətlərimizin hansı səviyyədə olduğunu və cənab Prezidentimizə göstərilən diqqətin ifadəsidir.
Ümumiyyətlə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Bu gün ölkəmizdə 55 siyasi partiya mövcuddur. Belə olan halda mətbuat və söz azadlığı üzərində hansı qadağalardan söhbət gedə bilər? Radikal müxalifətin, eləcə də xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq istəyi iflasa məhkumdur.
Azərbaycanda hər zaman sərbəst toplaşma azadlığı var. Amma nəzərə alınmalıdır ki, demokratiya anarxiya, xaos deyil. Qanunlar işləməyən yerdə demokratiya yoxdur. Azərbaycan hüquqi dövlətidr, ölkəmizdə həm sərbəst toplaşma, həm də digər demokratik azadlıqlar təmin edilib. Bu məsələdə Azərbaycan bir çox dünya ölkələri üçün nümunədir. Avropada mitinqlərin dağıdılması üçün atlardan, itlərdən istifadə edildi. Fransanın özündə "sarı jiletli” hərəkatını dağıtmaq üçün polisin necə güc tətbiq etdiyi gözümüzn qarşısındadır. Hesab edirəm ki, radikal müxalifətin bu yanaşmalarının və "canfəşanlığı”nın heç bir əsası yoxdur. Onların heç bir istəkləri baş tutmayacaq. Azərbaycan xalqı bu qüvvələrin əsas niyyətini çox gözəl bilir.
Mövcud reallıqlar fonunda xaricdə yaşayan azərbaycanlılar Vətən sevgisindən irəli gələrək dövlətin mənafeyinə xidmət edən addımlar atılmalıdır. Onlarda milli təəssübkeşlik olmalıdır. Azərbayacana qarşı yalnız ermənilər çirkin niyyətli addımlar ata bilərlər. Amma belə hərəkətlərdən birini Orduxan kimilər etdi. Onlar Brüsseldə elə davranış ortaya qoydular ki, bizim dəyərlərimizə tamamilə ziddir. Amma belələri azlıqdadır. Xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti vətənpərvərdir, diasporumuz ölkəmizin təəssübünü çəkir, uğurlarımıza sevinib və paylaşırlar.
Radikallara gəlincə, biz onları ağıla, sağlam məntiqə dəvət edirik. Arzu edirik ki, onlar bir gün papaqlarını qarşılarına qoyub düşünəcəklər ki, qərib ölkədə vətən həsrəti, vətən sevgisi daha böyük olur. Azərbaycan həm də onların Vətənidir. Müxalifət kimi mövcud olub iqtidarı tənqid etmək olar. Amma heç zaman Azərbaycan dövlətinə və xalqına qarşı yalanlar söyləmək olmaz.
- Dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər ölkəmizdə milli həmrəyliyin daha da gücləndirilməsini nə dərəcədə zəruri edir?
-Heç şübhəsiz ki, xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar. İnsan vicdan və insaf hissini itirməməlidir. Mühacirlərin bir qismi doğurdanmı düşünmürlər ki, mürəkkəb bir dünyada yaşayırıq. Rusiyasının xarici işlər naziri Sergey Lavrov belə bir fikir söyləmişdi ki, dünya dəli olub. Və dəli olmuş bir dünyada kiçik dövlət olasan və böyük enerji potensialın ola və bu vəziyyətdə müxtəlif dövlətlərin maraqlarının cəmləşdiyi regionda yerləşəsən. Belə bir şəraitdə elə müdrik siyasət həyata keçirəsən ki, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacarasan. Bu yalnız Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasət nəticəsində baş verib. Bu bütün uğurlarımızı şərtləndirən əsas amildir.
Radikallar baxsınlar ki, regonda nə qədər mürəkkəb proseslər baş verir. Belə bir vəziyyətdə sabit Azərbaycan var. Onlar xaricdə yaşasalar da, ailələri, qohumları burda yaşayırlar. Yaşadığımız ölkədə əminanamlıq, sabirlik var və bu amillərin təminatçıları var. Təminatçı xalq və onun seçdiyi dövlət başçısı var. Bunu görməyənlər gərək kor olsun.
Onlara müraciətlə deyirəm ki, ağıla üstünlük verin, vicdan hissini itirməyin. Müqayisələr apararaq görün ki, Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə və səfərbər olmuş cəmiyyətə gəlmiş bir dövlətdir. Bu adamlar milli təəssübkeşliyi heç zaman unutmamalıdırlar.