MÜSAHİBƏLƏR
Xaricdə yaşayan bəzi radikal şəxslərin peşmançılığı Azərbaycan cəmiyyətindəki ictimai qınağın öz hədəfinə çatdığını sübut edir
- Əli müəllim, bu günlərdə radikal müxalifətin Avropada yaşayan bəzi nümayəndələri tərəfindən müəyyən etiraflar, xüsusilə də Azərbaycanın dövlət başçısına qarşı fəaliyyətlərindən peşmançılıq ifadə edən bəyanatlar səslənməkdədir. Vaxtilə radikal mövqedən çıxış edən şəxslərin birdən-birə mövqe dəyişikliyi nümayiş etdirmələrinin səbəbləri barədə fikirlərinizi bilmək istərdik.
- Biz bu prosesləri pozitiv, müsbət hadisə kimi qarşılayırıq. Belə ki, əgər Azərbaycandan kənarda olan və özlərini “mühacir” adlandıran bəzi şəxslər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqına, onun maraqlarına birbaşa xidmət etdiyini başa düşür və bu baxımdan fikirlərində dəyişiklik edirlərsə, bu, müsbət haldır. Bu proses Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına və onun daha da möhkəmlənməsinə xidmət edir. Həmçinin bu proses onu göstərir ki, fərqli fikirlərə, qarşıdurmaya baxmayaraq, müəyyən zaman keçdikdən sonra haqq-ədalət öz yerini tapır.
Bu kontekstdən çıxış edərək demək mümkündür ki, bəzi radikal şəxslərin peşmançılığı, dövlət başçısından üzr istəməsi və etirafları Azərbaycan cəmiyyətində uzun müddətdir davam edən ictimai qınağın öz hədəfinə çatdığını sübut edir. Ümumiyyətlə, birdən-birə və ya hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bəzi şəxslərin Azərbaycanın, onun dövlət başçısının əleyhinə olan mövqelərində dəyişiklik etməsi proseslərini müsbət dəyərləndiririk.
- Peşmançılıq keçirən həmin şəxslərdən biri axırıncı bəyanatlarında Azərbaycana qayıtmaq, burada fəaliyyət göstərmək ehtimalını istisna etmir. Buna münasibətiniz necədir?
- Ümumiyyətlə götürəndə, istər həmin şəxs, istərsə də indiyə qədər xaricdə yaşayan digər biri Azərbaycana qayıtmaq istəyirsə, bu mümkündür. Yəni, Azərbaycanda bütün vətəndaşlarımız üçün yaşamaq, işləmək üçün şərait var. Bir çox vətəndaşımız bəzən təhsil almaq, bəzən də işləmək üçün xarici ölkələrə üz tutur. Xaricdə yaşayan çoxlu soydaşlarımız var ki, onlar zaman-zaman Azərbaycana qayıdır, öz bilik və bacarıqlarını burada tətbiq edirlər. Yəni Azərbaycana qayıtmaq, həmçinin Azərbaycandan getmək azad şəkildə həyata keçən proseslərdir.
- Əli müəllim, bu günlərdə Azərbaycanın Prezidenti İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 10 illiyinin qeyd olunması tədbirləri çərçivəsində Brüsselə uğurlu səfəri baş tutdu. Bu proseslərin fonunda bəzi anti-milli qüvvələrin təxribat cəhdi də oldu. Xaricdəki bəzi radikalların peşmançılığı prosesi fonunda bu cür hərəkətləri necə qiymətləndirmək olar?
- Cənab Prezidentin Brüsselə sonuncu səfərini mütləq şəkildə uğurlu adlandırmaq olar. Ona görə ki, Azərbaycan regionun sürətli inkişafı ilə seçilən müstəqil dövləti kimi Avropa İttifaqı ilə qarşılıqlı sıx iqtisadi, siyasi və mədəni münasibətlərə malikdir, Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın qüdrətli dövləti olduğuna görə Azərbaycanın dövlət başçısı da Brüsseldə Avropa İttifaqı rəhbərləri tərəfindən çox böyük hörmətlə qarşılanıb, səmərəli görüşlər baş tutub. Bu görüşlər bir daha sübut etdi ki, bəzi üzdəniraqların neqativ davranışları Azərbaycan Prezidentinin və ölkəmizin nüfuzuna heç bir xələl gətirə bilməz.
Bu hadisə, bir-iki anti-milli şəxsin mənəvi-əxlaqi durumunun ən aşağı səviyyədə olmasının bir daha açıq şəkildə nümayiş etdirilməsidir. Çünki Azərbaycan Prezidenti ölkəmizdən kənara səfərlər zamanı Azərbaycan xalqını, dövlətimizi təmsil edir. Belə bir qeyri-etik və heç bir tərbiyəyə sığmayan davranış bütövlükdə həm Azərbaycan cəmiyyətində, həm də Avropada, o cümlədən Brüsseldə yaşayan soydaşlarımız tərəfindən kəskin şəkildə qınanılmaqdadır.
- Ümumiyyətlə götürəndə, belə demək mümkündür ki, xaricdə yaşayan soydaşlarımız, o cümlədən Avropadakı Azərbaycan diasporunun əksər üzvləri Azərbaycan Respublikasının, onun dövlət başçısının yürütdüyü xarici siyasəti tam dəstəkləyir.
- Əlbəttə, birmənalı olaraq deyə bilərik ki, Avropadakı Azəbaycan diasporu həmişə dövlət başçısının Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun şəkildə apardığı uğurlu və praqmatik siyasətə dəstək verir. Həmçinin xaricdə yaşayan soydaşlarımız, diaspor nümayəndələrimiz Azərbaycan Prezidentinin siyasətini dəstəkləyirlər, Onunla həmrəydirlər və diaspor qurumları tərəfindən vaxtaşırı keçirilən tədbirlər də bunun bariz nümunəsidir. Üç-beş nəfər təxribatçının sonuncu qeyri-etik davranışına gəlincə, onlar heç bir halda Avropada yaşayan əksər soydaşlarımızı, diasporumuzu təmsil etmirlər. Əksinə onlar xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən xüsusi dairələr və erməni lobbisi tərəfindən maliyyələşdirilən dəstənin üzvləridir.