MÜSAHİBƏLƏR
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
- Siyavuş müəllim, Prezident İlham Əliyev İqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirdi ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. Siz bunu necə şərh edərdiniz?
- Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti bwdcə gəlirlərinin, maliyyə imkanlarının artmasına şərait yaradıb və Prezident İlham Əliyev ilk növbədə bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin edib. 2019-cu ildə sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir. Bu addımlar cənab Prezident İlham Əliyev tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda onun reallaşdırılması prosesi gedir.
Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bildiyiniz kimi, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib. Bu il minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırıldı. Eləcə də dövlət qulluğunda çalışan insanların əməkhaqqlarının artırılması nəzərdə tutulub. Bir sözlə, əhalinin bütün təbəqələrini əhatə edən bütün bu addımlar insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
- Ölkə başçısı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas mahiyyəti nədən ibarətdir?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman çox mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, bu gün dünyada çox mürəkkəb proseslər və böyük iqtisadi dəyişikliklər müşahidə edilir. Dəfələrlə qeyd etmişəm ki, neftin qiymətinin aşağı düşməsi və artması iqtisadi proseslərin deyil, siyasi proseslərin nəticəsidir. Təbii ki, bəzi dövlətlər də bundan sui-istifadə edir və nəticədə bunun əziyyətini bir çox ölkələrin vətəndaşları çəkir. Bütün bu proseslərin fonunda devalvasiyaya ən az məruz qalan məhz Azərbaycan manatı oldu. Çünki rus rublu, türk lirəsi, çin yuanında ən azı 4-5 dəfə fərqli dəyişiklilər olundu. Məsələn, Türkiyə lirəsi "1 ABŞ dolları-6 türk lirəsi" səviyyəsinə gəlib çıxmışdı. Eləcə də Avropa dövlətlərinin özündə də avroya nisbət kəskin şəkildə dəyişdi. Məhz bunun nəticəsində kredit götürən insanlar, xüsusilə fiziki şəxslər üçün böyük problemlər yarandı. Bu gün 10 min ABŞ dolları məbləğində götürülən kreditlərin əksəriyyəti, demək olar ki, bu və ya digər şəkildə problemi həll etməkdən ötrü götürülən kreditlər idi. Elə insanlar var idi ki, bu kreditləri müalicə məqsədilə, yas, toy mərasimini yola vermək üçün götürmüşdü və s. Ümumilikdə, insanlar üçün bir növ çətinlik yaranmışdı. Təbii ki, bu da Azərbaycan əhalisinin 30 faizdən çoxunu təşkil edirdi. Cənab Prezident İlham Əliyev bəhs olunan qərarı ilə bir daha göstərdi və sübut etdi ki, hər şey vətəndaşlar üçün nəzərdə tutulub, Azərbaycan dövləti öz vətəndaşının yanındadır.
Əlbəttə, Azərbaycanın iqtisadi potensialı və maliyyə imkanları belə addımların atılmasına imkan verir. Bu məsələlər seçkilər dövründən başlayaraq gündəmdə idi, sonradan isə noyabr ayında dövlət büdcəsi müzakirə olunanda buraya daxil olunmuşdu. Burada banklara da heç bir ziyan dəymədi. Çünki bu addım həm bankların sağlamlaşdırılmasına, həm də inkişafına təkan verdi. Hətta deyərdim ki, banklar da buradan qazandı və vətəndaşların da problemləri həll edilmiş oldu. Digər sahələrdə də işlər gedir ki, bu da hüquqi şəxslərlə bağlı olan məsələlərdir. Bu gün dünyanın heç bir ölkəsində belə addımlar atılmır. Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli Fərmanının tarixi əhəmiyyətinə toxunmaq istərdim. Həmin Fərmanla 2012-ci il iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlandı və əmanətçilərdən müraciətlərin qəbulu müvafiq Fərmana uyğun olaraq, 31 dekabr 2012-ci il tarixində başa çatdırıldı. Bu gün nə yaradılırsa, qurulursa hamısı vətəndaşlar üçündür. Məhz buna görə də Azərbaycan xalqı, ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti, atılan addımları dəstəkləyir. Bu, həm də iqtidar-xalq birliyinin bariz nümunəsidir.
- Gürcüstan Respublikasının Prezidenti xanım Salome Zurabişvili region dövlətləri arasında ilk xarici səfərini Azərbaycana etdi. Bu gün iki ölkə arasındakı əlaqələri necə xarakterizə etmək olar?
- Bu gün Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq mövcuddur. Bizim iqtisadi layihələrimizin böyük əksəriyyəti Gürcüstan üzərindən keçməklə dünya bazarına çıxarılır. Təbii ki, bundan Gürcüstan kifayət qədər vəsait əldə edir. Orada yeni iş yerləri açılır və vətəndaşlar işlə təmin olunurlar. Eyni zamanda, Gürcüstanla Azərbaycan bir-biri ilə səmimi qonşuluq münasibətlərini qoruyub saxlayırlar. Bəzi hallarda bu məsələləri qarışdırmaq istəyənlər olur. Məsələn, Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni hərbçi Mixail Avaqyana abidənin qoyulması kimi əməllərlə təxribat yaratmaq istəyirlər. Ümumilikdə artıq onlar da başa düşürlər ki, Gürcüstan-Azərbaycan-Türkiyə birlikdə böyük layihələr həyata keçirirlər. Bu gün Gürcüstan və Azərbaycanın turizm sektorundan hər iki ölkə faydalanır və gəlir əldə edir. Eləcə də Azərbaycanın istehsal etdiyi müəyyən məhsullardan Gürcüstan istifadə edir. Bu baxımdan, əlaqələr qarşılıqlı faydalı xarakter daşıyır. Orada azərbaycanlılar kifayət qədər kompakt halda yaşayırlar və fəaliyyət göstərirlər. Onlar Gürcüstan dövlətinə bu günə kimi hər hansı bir problemlər yaratmayıblar. Hətta deyərdim ki, onlar Gürcüstan dövlətinin nümunəvi vətəndaşlarıdır. Soydaşlarımız həm seçkilərdə fəal iştirak edirlər, həm də kənd təsərrüfatı məhsullarının istehsal olunmasında aktiv rola malikdirlər. Bir sözlə, azərbayucanlılar Gürcüstanda nümunəvi vətəndaşlıq nümayiş etdirirlər.
- Bu yaxınlarda Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda təşkil olunacaq beynəlxalq konfransın əhəmiyyəti barəsində nə deyə bilərsiniz?
- Azərbaycanın nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi artıq ənənə halını alıb. Ölkəmizdə indiyə qədər qlobal əhəmiyyətli çox mühüm tədbirlər keçirilib. Heydər Əliyev Fondu bu məsələlərdə çox yaxından iştirak edir və bu işlərin böyük hissəsinə rəhbərlik edir. Azərbaycanda “Bakı prosesi” çərçivəsində sivilizasiyalararası dialoqla bağlı tədbirlər keçirilir. Ümumiyyətlə, ölkəmiz bu baxımdan mütərəqqi nümunə yaradıb. Ölkəmizdə qanunla qadağan olunmayan bütün dinlər azad şəkildə fəaliyyət göstərirlər. Dövlət tərəfindən onlara daimi olaraq diqqət və qayğı göstərilir. Baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, amma bununla yanaşı ölkəmizdə tolerantlıq, dini dözümlülük mövcuddur. Avropada və dünyanın hər bir yerində keçirilən konfranslarda da bu məsələlər öz əksini tapmaqdadır. Azərbaycanda məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların, digər ibadət yerlərinin təmirini, tikintisini dövlət həyata keçirir. Eləcə də ayrı-ayrı dini icmalara dövlət büdcəsindən vəsaitlər ayrılır və onların tam azad, sərbəst şəkildə fəaliyyəti təmin olunur.
- Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana dirəmək və danışıqlar prosesini pozmağa xidmət edir. Bu cəhdlər nədən xəbər verir?
- Bu gün Ermənistanda hakimiyyətə gələn qüvvələr hələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır deyillər. Onlar ümumiyyətlə idarəçilikdə olmayıblar. Küçələrdə, meydanlarda olmaq başqa, dövlətin idarə olunması, dövlətin problemlərinin həll olunması, iqtisadiyyatın inkişafı, sosial vəziyyətin yaxşılaşdırılması tamam başqadır. Bu gün Ermənistan rəhbərliyində təmsil olunan insanların nə təcrübəsi, nə də bu sahədə hər hansı bir bilgisi var. Ona görə də Ermənistan baş naziri Nikol Paşinyan bu və ya digər şəkildə vaxtı uzadır. Ona görə də danışıqların formatının dəyişdirilməsi, qondarma “Dağlıq Qarabağ”ın burada tərəf kimi iştirakını ortaya atmaqla vaxt uzatmaq istəyir. İkincisi isə, oradakı hakimiyyətin taleyi hələ qeyri müəyyəndir. Çünki verilən vədlər yerinə yetirilmir, əhalinin güzəranı getdikcə pisləşir və insanlar ölkəni tərk edir. Hər il yüz mindən artıq insan Ermənistanı tərk edir, insanlar işsizlikdən əziyyət çəkirlər, ölkədə ciddi demoqrafik problemlər hökm sürür. Keçmişdə dövlət vəzifəsində olanlar artıq həbs edilir. Çünki onların kifayət qədər cinayət əməlləri var. Paşinyan onlardan pul qoparmaqla dövlət büdcəsini formalaşdırmaq istəyir. Çünki onun başqa yerdən gəliri yoxdur. Xarici dövlətlərin verdiyi qrantlar, yardımlar hesabına, heç olmasa, əhalinin gəlirlərini təmin etməyə çalışırlar Bu da uzağı bir il çəkəcək və yenidən Ermənistan indi olduğundan daha ciddi iqtisadi böhranla qarşı-qarşıya qalacaq.
- Xaricdəki antimilli dairələr, qruplar tərəfindən ölkəmizə qarşı “söyüş kampaniyası” davam etdirilir. Sizcə, bunun qarşısının alınması istiqamətində hansı mexanizmlər tətbiq olunmalıdır?
- Bu gün xaricdən ölkəmizə qarşı davam etdirilən “söyüş kampaniyası” həm hüquqi müstəvidə, həm də Azərbaycan vətəndaşlarının ictimai qınağı vasitəsilə aradan qaldırılır. Təbii ki, söyüş kampaniyasında olanlar heç öz doğma valideynlərini eşitmirlər. Xarici təşkilatlar qrantları məhz o söyüşə görə verirlər. Çünki onlarda hər hansı bir təhlil aparmaq, təklif vermək qabiliyyəti və hər hansı bir məsələyə normal münasibət bildirmək düşüncəsi yoxdur. Bunlar Dağlıq Qarabağda törətdiyi cinayətlərə, soyqırımılarına görə Ermənistana qarşı bir kəlmə də olsun fikir söyləməyiblər. Əgər fikir söyləsələr, dərhal qrantları kəsiləcək. Onların hətta Ermənistanı təbliğ edərək guya orada demokratik ab-havanın yüksək səviyyədə olması barədə absurd fikirlər söyləmələri və insanlara müraciət etmələri Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanır. Bu şəxslər öz çıxışlarında anti-dövlət xarakterli fikirlər (silah yolu ilə üsyan, çevriliş etmək və s.) səsləndiriblər. Təbii ki, bunlar hamısı Cinayət Məcəlləsinə tövsif olunur. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prokurorluğu cinayət işi qaldırmalıdır və İnterpol vasitəsilə həmin adamların tutulub gətirilməsi təmin olunmalıdır. Necə ki, bu proses artıq davam edir. Eləcə də onların Azərbaycan məhkəmələri qarşısında cavab verməsi təmin olunmalıdır. İkincisi, həmin ölkələrdə fəaliyyət göstərən və Azərbaycanda olan səfirliklərə müraciət olunmalıdır. Soruşulmalıdır, əgər onların hər hansı bir vətəndaşı Azərbaycan ərazisindən öz dövlətlərinə qarşı “söyüş kampaniyaları” aparardılarsa, onlar hansı addımı atardılar? Hesab edirəm ki, bu məsələlər onların diqqətinə çatdırılmalıdır. Üçüncü yol isə ictimai qınaqdır. Azərbaycan xalqı kifayət qədər savadlı xalqdır. Azərbaycanın kifayət qədər tanınmış insanları var. Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Orada qaldırılan məsələlərin hər biri dərhal öz həllini tapdı. Amma bu günə qədər xaricdə oturanlar hələ bir məsələ qaldırmayıblar. Onlar ağızları söyüşlə açılıb-bağlanır, o şəxslər həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Xaricdən ölkəmizə gələnlərin hər biri görür ki, Azərbaycanda nə qədər inkişaf vardır. Heç şübhəsiz ki, onların burada oturan əlaltıları – “sapı özümüzdən olan baltaları” da qaldırılan məsələlərin öz həllini tapmasına görə əndişələnirlər.
Əfv olunacaq şəxslərlə bağlı artıq Əfv Komissiyası işləyir. Siyasi baxışlarından asılı olmayaraq cinayət törətmiş şəxslər bu və ya digər şəkildə öz peşmançılıqları ilə əlaqədar müraciət edirlər. Əfv Komissiyası bu məsələlərə baxır. Ümumiyyətlə, ölkəmizdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bu addımlar davamlı olaraq atılıb. 70-dən artıq əfv, 13-ə yaxın amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı da ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdu ki, bu da 10 mindən artıq insana şamil edilmişdi. Yəni bunlar hamısı Azərbaycanda olub. Onları narahat edən nədir? Bunlar o adamların adından və ailə üzvündən istifadə edirlər. Amma həmin insanlar azadlığa çıxdığı halda onlarla maraqlanmırlar. Çünki onlar bu məsələlərdən gəlir əldə etmək üçün istifadə edirlər. Məsələn, keçmişdə Leyla Yunus və bir qrup hüquq-müdafiə təşkilatları var idi ki, onlar bu və ya digər şəkildə cinayət törətmiş şəxslərdən pul alaraq guya onların adını “siyahı”ya salaraq “siyasi məhbus” adı altında Avropaya, başqa-başqa yerlərə göndərəcəkdilər. Hətta bundan sui-istifadə edən bəzi vəkillər də var idi. Onlar şantaj yolu ilə insanların guya azadlığa buraxılmasına çalışmaq istəyirdilər. Həmin metod bu gün Azərbaycanda müxtəlif qurumların və siyasi partiya rəhbərlərinin “çörək ağacı”na çevrilib. Bu məsələ də yaxın vaxtlarda Azərbaycanda öz həllini tapacaq. Onlar qəsdən qızışdırırlar ki, dövlət buna getməsin. Çünki dövlətin bu cür addımlar atması onlara sərf etmir.