MÜSAHİBƏLƏR
Azərbaycan parlamenti ölkəmizin milli maraqlarına və inkişafına xidmət edən məqsədyönlü fəaliyyətini uğurla davam etdirir
- Bahar xanım, sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirildi. Azərbaycanın ötən müddət ərzində keçdiyi şərəfli tarixi yola yenidən nəzər salındı, ölkəmizin zəngin dövlətçilik təcrübəsinə və parlamentarizm ənənələrinə malik olduğu bir daha diqqətə çatdırıldı. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan zəngin dövlətçilik ənənələrinə malikdir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması isə tariximizin ən mühüm - şanlı və qürurlu səhifələrindən birini təşkil edir. Olduqca mürəkkəb tarixi dönəmdə və şəraitdə yaranan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Hər şeydən əvvəl, Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı. Bu dövrdə müxtəlif sahələri əhatə edən və strateji əhəmiyyətə malik olan çox mühüm addımlar atıldı və tarixi qərarlar qəbul olundu. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaradılması bu baxımdan tarixi əhəmiyyətə malikdir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda ardıcıl və məqsədyönlü addımların atılması təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatı üçün əlamətdar oldu. Bu dövrdə parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.
Təqdirəlayiq haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi respublikamızda və ölkəmizin hüdudlarından kənarda böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edilir. Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasın keçirilməsi də bu baxımdan xüsusilə qeyd edilməlidir. Qeyd edim ki, tədbirə dünyanın müxtəlif ölkələrindən parlamentarilər, rəsmilər, beynəlxalq təşkilatların nümayəndələri qatılmışdılar. Daha dəqiq desək, 44 ölkədən 137 parlamentari və 9 beynəlxalq təşkilatın nümayəndələri, bütövlükdə, çoxsaylı qonaqlar bu təntənəli tədbirdə iştirak edirdilər. Çıxış edənlər birmənalı olaraq vurğuladılar ki, bu, Azərbaycan xalqı üçün olduqca şərəfli və qürurverici tarixdir. Həmin dövrdə Azərbaycan parlamenti dünyada parlamentarizm ənənələrinin zənginləşməsinə çox mühüm töhfələr vermişdir. Bəhs olunan təntənəli iclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq Cümhuriyyəti dövründə 200-dən çox qanunun qəbul edildiyini diqqətə çatdıraraq qadınlara səsvermə hüququ verilməsini xüsusilə vurğuladı: “Yəni qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər gördü. Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, 2018-ci il mənim Sərəncamımla “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir”.
Bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlər qazanır və yeni zirvələr fəth edir. Azərbaycan parlamenti də milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyətini uğurla davam etdirir. Respublika parlamenti ötən müddət ərzində çox mühüm qanunlar qəbul edib və ölkəmizdə zəngin qanunvericilik bazasının formalaşmasına öz dəyərli, layiqli töhfələrini verib. Ümumiyyətlə, Azərbaycanın parlamentarizm ənənələri və təcrübəsi bəşər ictimai-siyasi fikir tarixinə əhəmiyyətli töhfədir. Xüsusi məqam ondan ibarətdir ki, Azərbaycan parlamentariləri mövcud hədəflər və çağırışlara müvafiq olaraq milli maraqlara xidmət edən vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirirlər. Xüsusilə, Azərbaycanın milli maraqlarını beynəlxalq miqyasda qətiyyətlə müdafiə edirlər, ölkəmizə qarşı qərəzli və məkrli niyyətlərə söykənən qərarların, qətnamələrin qəbul olunmasının qarşısını alırlar. Prezident İlham Əliyev bu məqamlara toxunaraq bildirdi ki, parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır. Azərbaycan deputatları da bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda ölkəmizi çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın.
- Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Bir əsrdə iki dəfə müstəqillik əldə edən ölkəmiz ötən müddət ərzində bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanıb və Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü, qüdrətli olmayıb. Bu gün Azərbaycan təkcə Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınmır, eyni zamanda, ölkəmiz dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır, çox yüksək beynəlxalq nüfuza malikdir. Çoxvektorlu və səmərəli xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmizin dünyadakı rolu artır. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının getdikcə artması olduqca qürurverici haldır. Ölkəmiz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik edib və bu, Azərbaycanın həyata keçirdiyi siyasətə beynəlxalq miqyasda verilən yüksək qiymətin bariz nümunəsi və ifadəsidir. Respublikamız gələn il BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlayacaq. Bu da olduqca mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə isə, beynəlxalq ictimaiyyət – dünya birliyi Azərbaycana böyük hörmətlə yanaşır, respublikamiza olan rəğbət xüsusi olaraq ifadə edilir.
Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli münasibətləri uğurla davam etdirən Azərbaycanı fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir. Azərbaycanın xarici siyasəti həm müstəqil xarakter daşıyır, həm də beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənir, ikitərəfli, çəxtərəfli münasibətlərin ruhuna – mahiyyətinə əsaslanır. Respublikaımızın moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır, Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Yəni ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırdı ki, Azərbaycan beynəlxalq məsələlərlə bağlı çox uğurlu siyasət aparır, qonşu ölkələrlə əlaqələrimiz ən yüksək səviyyədədir: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox böyük hörmətə layiqdir. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədimiz var və bu il Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb”.
Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan bu gün həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Ölkəmizdə çox mühüm və mötəbər beynəlxalq tədbirlər keçirilir, regionda və dünyada siyasi proseslərə ciddi şəkildə müsbət təsir edən vacib qərarlar qəbul edilir. Bütün bunları mümkün edən başlıca amil, təbii ki, güclü, qüdrətli Azərbaycanın müstəqil siyasətini uğurla davam etdirməsi və beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirməsidir.
- Azərbaycan, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində qətiyyətli mövqe və siyasətini davam etdirir. Bununla bağlı nə söyləmək olar?
- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində öz qətiyyətli mövqeyini və fəal diplomatik səylərini davam etdirir. Bunun nəticəsidir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul ediblər. Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bu məqamlara da toxundu və diqqətə çatdırdı ki, münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanındığını, bütün ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğuladı. Əlbəttə, Prezident İlham Əliyevin həmin tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları və Azərbaycanın mövqeyini qətiyyətlə diqqətə çatdırıması çox mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ki, orada müxtəlif ölkələrin parlamentariləri iştirak edirdilər və onlar obyektiv reallıqları əsas götürərək öz ölkələrinin parlamentlərində bu məsələ ilə bağlı müxtəlif qərarların qəbul edilməsinə, eləcə də dövlət siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərlər.
İndiki şəraitdə parlament diplomatiyası da Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq miqyasda mühüm qərar və qətnamələrin qəbul edilməsinə çox ciddi təsir göstərir. Azərbaycan deputatlarının beynəlxalq miqyasda fəaliyyətinin prioritet istiqamətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Son illərdə Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan, ölkəmizin ərazi bütövlüyünün dəstəkləndiyi qətnamələr qəbul ediblər. Bu, olduqca mühüm əhəmiyyətə malikdir.
Bütövlükdə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli – prinsipial mövqeyi beynəlxalq hüquq normalarına və ölkəmizin milli maraqlarına əsaslanır. Ermənistanın yeni rəhbərliyi isə bir-birini təkzib edən ziddiyyətli və məntiqsiz bəyanatlar verməklə bu ölkənin qeyri-konstruktiv mövqeyini nümayiş etdirir. Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Dövlətimizin başçısı Azərbaycanın öz prinsipial mövqeyindən geri dönməyəcəyini bildirərək vurğuladı ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.
- Bahar xanım, bir neçə gün sonra Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Sessiyanın qanunverici işlər planına hansı məsələlər daxildir?
- Milli Məclisdə qanunvericilik prosesi məntiqi ardıcıllıqla davam etdirilir. Qanunlar çoxmərhələli müzakirələrdən keçərək qəbul edilir. Ona görə ötən sessiyalarda başladığımız bir sıra qanun layihələri var ki, onlar payız sessiyasının qanunverici işlər planına daxil ediləcək. Üstəlik, payız sessiyası hər zaman büdcə paketinin müzakirə olunması ilə yadda qalır. Bu sessiyada da büdcə paketinə daxil olan qanunları müzakirəyə çıxararaq qəbul edəcəyik.
Bütün komitələrdə artıq qanunverici işlər planına daxil ediləcək layihələrinin müzakirəsinə başlanıb. Ötən sessiyada görülən işlər müzakirə olunur və payız sessiyası üçün tədbirlər planları müəyyənləşdirilir. Artıq komitələrdəki işlər yekunlaşıb. Oktyabırn 1-də isə Milli Məclisin payız sessiyasının açılışı olacaq və biz qanunverici işlər planını müzakirəyə çıxararaq ictimaiyyətə təqdim edəcəyik. İqtisadi, hüquqi və humanitar sahələri əhatə edən qanun layihələri plana daxil edilib.