YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir

Müsahibimiz YAP Gənclər Birliyinin sədri Seymur Orucov

- Seymur müəllim, bugünlərdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Avropa Demokratik Gənclər Birliyinin (DEMYC) üzvü seçildi. Bu hadisənin əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələr malikdir. YAP Gənclər Birliyi də partiya rəhbərliyinin dəstəyi ilə bu istiqamətdəki fəaliyyətini daha da genişləndirməyə çalışır. Bir sıra ölkələrin siyasi partiyaları ilə ikitərəfli münasibətlərimiz mövcuddur. Eləcə də, beynəlxalq gənclər təşkilatları çərçivəsində də işimizi yüksək səviyyədə qurmağa çalışırıq. Bilirsiniz ki, YAP Gənclər Birliyi İCAPP-ın gənclər qolunun üzvüdür və bu qurumda sədr müavini səviyyəsində təmsil olunur. Biz həmçinin , Avropa Xalqları Partiyasının (EPP) gənclər təşkilatları ilə də əməkdaşlıq edirik.

DEMYC təşkilatına gəlincə, YAP Gənclər Birliyi bir neçə il idi ki, onun müşahidəçi statuslu üzvü idi. Bu təşkilat nəinki Avropada, bütün dünyada nüfuza sahib olan beynəlxalq gənclər təşkilatıdır və bütün qitələri özündə birləşdirir. Təşkilata tam hüquqlu üzv olmaq üçün xeyli vaxtır iş aparılırdı və bu, öz nəticəsini verdi. DEMYC-in Bakıda keçirilən Mərkəzi Şura iclasında YAP Gənclər Birliyinin təşkilata üzv seçilməsi haqqında yekdilliklə qərar qəbul olundu.

Ümumilikdə, biz çalışdıq ki, qonaqların Bakı səfəri yüksək səviyyədə baş tutsun və belə də oldu. Bu məsələdə partiyanın İcra Katibliyi lazımi dəstək verdi. Həmin iclasın Bakıda keçirilməsi də böyük uğur idi. Çünki bir neçə ölkə də həmin iclasa ev sahibliyi etmək üçün müraciət etmişdi. Amma bu məsələdə seçim Bakı oldu. İclasda 40-a yaxın xarici qonaq iştirak edirdi. Onların arasında parlament üzvləri, nazir müavinləri də var idi. Qonaqlar səfərin təşkilindən razı qaldılar və Bakı şəhərini çox bəyəndilər. Hətta qurumun İtaliyadan olan baş katibi YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovla görüş zamanı bildirdi ki, Bakı çox gözəl, təmiz şəhərdir və İtaliyanın bələdiyyə rəhbərləri Azərbaycanın bu təcrübəsini öyrənməlidirlər.

Bütövlükdə, YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzv seçilməsi böyük uğurdur. Biz bu təşkilat vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya daha aktiv şəkildə çatdırmağa çalışacağıq. Azərbaycan Avropanın ayrılmaz hissəsinə çevrilib və ölkəmiz  bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. DEMYC təşkilatının üzvü olan gənclər də gələcəkdə öz ölkələrində rəhbər vəzifələr tutmaq potensialına malik olan şəxslərdir. Ona gorə də, biz bu təşkilata üzv olmaqla beynəlxalq aləmdə Azərbaycanın dostlarının artmasına çalışırıq.  Biz DEMYC-in  tam hüquqlu üzvü olduğumuz üçün qurum çərçivəsində yeni çağırışların təşəbbüskarı olmağa çalışacağıq.

Təbii ki, beynəlxalq əlaqələrimizi  bundan sonra da genişləndirmək istəyirik. Yaxın vaxtlarda Rusiyanın hakim partiyasının gəncləri ilə görüşümüz olacaq. Eləcə də, Türkiyənin AK Partyasının gənclər qolları ilə yeni platformalar yaratmaq istəyirik. Bir sözlə, beynəlxalq əlaqlərimizi genişləndirmək əsas hədəflərimizdən biridir. Azərbaycan dünyada sabitliyin hökm sürdüyü və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınır. Təbii ki, ölkəmiz bu imici Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanıb. Ona görə də, gənclər olaraq müxtəlif təşəbbüslərimizlə Azərbaycanın bu imicini hər zaman qorumağa çalışırıq.

- Sentyabrın 15-də Bakı şəhərinin erməni-daşnak, bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş hərbi parad keçirildi. Hərbi paradda Türkiyə CümhuriyyətininPrezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Bu hadisəni Azərbaycan-Türkiyə münasibətləri kontekstində necə şərh edərdiniz?

Əlbəttə ki, sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı. Bu hadisə həm də, Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq və həmrəylik nümunəsidir. Bu cür tarixi anlardan biri də 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsidir. Xalqımız öz şanlı tarixinin qürur dolu və parlaq səhifələrindən biri olan Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyini böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir. 

Azərbaycan xalqı onun istiqlalı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ehtiramını layiqincə ifadə edir. Bu gün türk xalqlarının mədəni-mənəvi inteqrasiyasının daha da dərinləşdirilməsini, türk tarixinin obyektiv araşdırılmasını başlıca vəzifə elan etmiş müvafiq strukturlar türkün şanlı zəfər salnaməsinə parlaq səhifə kimi daxil olmuş həmin hadisələrin - Azərbaycan Milli Ordusu ilə Qafqaz İslam Ordusunun Azərbaycanda 100 il öncə apardığı uğurlu döyüşlərin tam təfsilatının öyrənilməsinə və təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirilməkdədir. Beləliklə, tariximizin ən şanlı səhifələrindən olan bu möhtəşəm zəfər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi və təntənəsi, qürur və iftixar mənbəyidir.

Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. 
Qürurverici haldır ki, bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Başqa sözlə, dərin tarixi köklər, sarsılmaz dostluq Türkiyə-Azərbaycan qardaşlığının təməlini təşkil edir. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.

- Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz movqeyini daha da gücəndirir...

- Ölkəmizdə bütün sahələrin paralel inkişafı fonunda ordu quruculuğu sahəsində də sistemli və kompleks işlər aparılır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.

Məlum olduğu kimi, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Əminliklə söyləmək olar ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır.

- Seymur müəllim, Azərbaycan gəncliyinin səciyyəvi xüsusiyyətlərindən biri yüksək  vətənpərvərlik ruhuna malik olmasıdır. Bu barədə nə deyə bilərsiniz?

- Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində belə əhval-ruhiyyə mövcuddur. Bunun nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, qeyd etdiyimiz kimi, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. 

Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir. Sevindirici haldır ki, ölkəmizdə məhz bu ruhda gənc nəsl formalaşıb. Sağlam, intellektual, güclü vətənpərvərlik ruhuna malik gəncliyi olan ölkəmiz hər bir sahədə möhtəşəm nailiyyətlər qazanmağa qadirdir. Gün gələcək bu gənclik Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızı erməni işğalından azad edəcək.